Ekspertlər deyirlər ki, son illər yerli kərə yağlarının maya dəyəri artıb. Yem qiymətləri artıb, heyvandarlıq üçün örüş sahələri azalıb. Ona görə də ölkə daxilində yağ istehsalı sərfəli deyil. İstehsalçılara kərə yağı istehsal edib yerli bazarda rəqabətdə uduzmaqdansa, pendir hazırlayıb Rusiyaya göndərmək daha maraqlıdır.
Azərbaycan yağ istehsalçıları xam palma yağının xaricdən alışını - KƏSKİN ARTIRIRLAR
2022-ci ildə Azərbaycana 18 min 562 ton kərə yağları idxal olunub. 2021-ci ildə bu rəqəm 15 min 34 ton idi. Əvvəlki illərdə bu rəqəm 16 və 14 ton olub. Yəni ötən il kərə yağı idxalı artıb. Eyni zamanda ötən il Azərbaycanda kərə yağı istehsalı azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycanda kərə yağı istehsalı 2021-ci illə müqayisədə 8,3 faiz azalıb.
Əslində, yerli kərə yağımızın keyfiyyətinə söz ola bilməz. Üstəlik, kənd təsərrüfatının inkişafı son illər ölkənin hədəfləri sırasındadır. Bəs o zaman kərə yağı istehsalının deyil, idxalın artmasının səbəbi nədir?
“Ölkədə süd istehsalı ciddi şəkildə azalıb”
FED.az xəbər verir ki, ekspert Samir Eyyubov deyir ki, hazırda kərə yağını idxal etmək iqtisadi cəhətdən daha səmərəlidir: “Azərbaycanın hər zaman kərə yağı ilə bağlı idxaldan ciddi asılılığı var idi. Biz heç vaxt özümüzü kərə yağı ilə təmin etməmişik. Rusiya-Ukrayna müharibəsindən sonra idxaldan asılılıq artdı. Çünki heyvan yeminin qiyməti kəskin şəkildə artdı. Bu da südün qiymətinə təsir göstərdi. Litri 65-70 qəpiyə olan süd bu gün 90-95 qəpik civarındadır. Demək olar ki, 30 faizə qədər qiymət artımı var. Yerli istehsal kərə yağının da qiyməti 30 faiz artdı. Bu zaman xaricdən məhsul idxal etmək iş adamlarına iqtisadi cəhətdən daha səmərəli olur.
Digər tərəfdən, ölkədə süd istehsalı ciddi şəkildə azalıb. Yemin qiyməti bahalaşıb, südün qiyməti artır. Yerli emal təsərrüfatları rəqabətə dözümlü olmur, məcbur qalıb istehsal həcmlərini azaldırlar. Belə-belə fermerlər müflis olur, təsərrüfatlarını bağlayırlar.
Həm də Rusiyada ciddi pendir tələbatı formalaşıb. Bu, emalçılarımıza iqtisadi cəhətdən daha səmərəli və maraqlıdır. İstehsalçılara kərə yağı istehsal edib yerli bazarda rəqabətdə uduzmaqdansa, pendir hazırlayıb Rusiyaya göndərmək daha maraqlıdır”.
S.Eyyubov deyir ki, yerli kərə yağımız keyfiyyətli olsa da, qiymət cəhətdən rəqabətdə xarici məhsullara uduzur: “İki il bundan öncə də Ukrayna, Belorus yağları daha ucuz qiymətə idi, nəinki yerli kərə yağları. Sadəcə, qiymət fərqi bu qədər kəskin deyildi. Ona görə yerli kərə yağına tələb indikindən xeyli çox idi. İndi 30 faizə qədər fərq ortaya çıxır. Alıcılıq qabiliyyəti də hazırda elə yüksək deyil. Sözsüz ki, istehlakçı daha ucuz məhsula qaçır. Burada artıq fərq etmir, hansı ölkənin məhsuludur, maddi durumuna uyğun olanı alır. Beləliklə, yerli məhsula tələb azalır”.
“Ölkədə yem bazası qıtdır”
İqtisadçı Rauf Qarayev də deyir ki, yerli istehsalın azalmasının səbəbi hazırda ölkəmizdə heyvandarlığın səmərəli olmamasıdır: “Kərə yağının əsas mənbəyi heyvandarlıqdır. Kərə yağının istehsalının azalması bizdə heyvandarlıq sahəsində müəyyən problemlər yaşandığını göstərir. Məsələn, heyvanların yemi azalıb. Bir tərəfdən torpaq sahələri zəbt olunub və örüş sahələri yoxdur. Ölkədə yem bazası qıtdır, heyvanların bəslənməsi üçün yem azdır. Xaricdən alınma isə baha başa gəlir. Fermer də hesab-kitab edir, heç bir gəliri olmadığını görür, nəticədə məcbur qalıb heyvan saxlamaqdan imtina edir, onun yerinə kənd təsərrüfatının digər sahələri ilə məşğul olur. Bu da ölkədə heyvandarlıqda müəyyən tənəzzülə gətirib çıxarır. Nəticədə biz kərə yağı istehsalının azalmasını müşahidə edirik”.
“İdxal məhsulları daha baha olacaq”
İqtisadçı bildirdi ki, yaşanan bu problem həm də kənd təsərrüfatında düzgün planlaşdırma olmamasının nəticəsidir: “Ölkədə kənd təsərrüfatı sahəsində müəyyən boşluqlar var. Müəyyən təhlillər doğru aparılmır, statistik məlumatlar düzgün deyil, planlama düzgün təşkil olunmur. Planlaşdırma odur ki, bir məhsula hərtərəfli baxmaq lazımdır. Statistik məlumatlar, təhlillər olmalıdır ki, bu məhsulu əkəndə, biz nə qədər fayda götürəcəyik? Misal üçün, biz pambıq əkəndə, pambıqdan son nöqtədə onun heyvanlar üçün yem kimi istifadəsinə qədər baxmalıyıq. Yəni məhsul istehsal edəcəyiksə, orda heyvandarlığı da düşünməliyik. Çoxşaxəli məhsul əkmək lazımdır. Həm heyvandarlıqda istifadə edək, həm də digər sahələrdə strateji əhəmiyyəti olsun. Üstəlik də gəlirlilik önəmlidir”.
R.Qarayev deyir ki, xaricdən gətirilən məhsul indi yerli istehsaldan daha ucuz başa gəlsə də, bir müddət sonra onların qiyməti də artacaq: “Yerli istehsal azalır, idxaldan asılılıq artır. İdxal məhsulları yerli istehsaldan daha münasib qiymətə başa gəlir, ona görə seçim olur. Ancaq bu, indi üçün belədir. Bu, sonradan qiymətlərin artmasına gətirib çıxaracaq. Çünki bazarda ancaq idxal məhsulları olacaq, yerli istehsal da o qədər deyil ki, alternativ olsun, rəqabət yaransın. İdxaldan asılılıq olacaqsa, bir müddət sonra burda da istədikləri qiymətləri təyin edə biləcəklər”. (Kaspi.az)