Bu gün bazar-dükandan alıcının cibinə uyğun gəlməyən, kifayət qədər baha qiymətə satılan kərə yağının saxta, keyfiyyətsiz olması nə ilə bağlıdır? Bəs belə halda istehlakçının güvənəcəyi, alıb istifadə edəcəyi yağların istehsalını çətinləşdirən, mümkünsüz edən hansı amillərdir? Müvafiq nəzarət qurumlarının problemlə bağlı narazılıqları, şikayətləri qulaqardına vurmaqda, saxta kərə yağı istehsalçılarına qarşı mübarizədən yayınmaqda məqsədləri nədir? Apardığımız araşdırmalarda istehlakçılarda ciddi narahatlıq yaradan bu suallara cavab tapmağa çalışdıq.
Kərə yağlarının ən baha və ən ucuz satıldığı – MARKET ŞƏBƏKƏLƏRİ – SİYAHI, QİYMƏTLƏR
Əvvəlcə ölkənin yağ bazarında mövcud vəziyyətlə tanış olmaq məqsədilə paytaxtın ayrı-ayrı ticarət şəbəkələrinə baş çəkdik. Şükür, hər yerdə bolluqdur, dükan-bazarlarda alıcılara istənilən qiymətə, istənilən çeşiddə yağlar təklif olunur. Malını tərifləyən kim, onun hansı əziyyətlə başa gəldiyini söyləyən kim?! Səhərdən “filan qədər satıb, axırıdır” deyə, malın qiymətini ucuzlaşdırdığını söyləyənlər, çox alınacağı təqdirdə, bir qədər də ucuz qiymətə sata biləcəklərini israrla bildirirlər. Bu cür mənzərəyə paytaxtın 8-ci Kilometr, Keşlə, Suraxanı və digər bazarlarında daha çox rast gəlmək mümkündür. Əslində, buna heç bir sözümüz yoxdur. Çünki piştaxta arxasında dayanan hər bir satıcı malını istədiyi qiymətə təklif edə bilər, hətta keyfiyyəti aşağı olsa, belə.
Amma bazarlarda “təmiz kərə yağı”, “təmiz nehrə yağı” və digər adlar altında satılan məhsulların fərqli qiymətləri istər-istəməz müəyyən şübhələrə yol açır. Məsələn, 8-ci Kilometr bazar kompleksində müştərilərə qiyməti 8 manatdan başlayaraq 20 manatadək olan yağlar təklif edilir. Bu zaman müştərini malın təmiz kərə yağı olduğuna inandırmağa cəhd göstərilir. Alıcının tərəddüdündən sonra isə məhsulun çiyə yağı olması etiraf edilir. Bununla belə, malın üzərində “təmiz nehrə yağı” qeydi isə istehlakçını aldatmaq cəhdindən başqa bir şey deyil. Üstəlik, bazarlarda yağ, süd və digər ağartı məhsullarının antisanitariya şəraitində satılması da olduqca narahatedici məqamdır. Antisanitariyadan söhbət düşmüşkən, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (QATA) bugünlərdə yaydığı açıqlamada Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 50 ünvanında yerləşən, hüquqi şəxs “Nəzrin-E” MMC-yə məxsus bazarda qurumun əməkdaşları tərəfindən aparılmış planlı yoxlama barədə məlumat verilir. Bildirilir ki, baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Həmçinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi aşkar olunan (?) bazarın süd məhsulları satışı sahələrində müvafiq təmizlik işlərinin görülmədiyi, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçmədiyi və təlimlərə cəlb edilmədiyi, temperatur rejiminə əməl olunmadığı, məhsulların çirklənmədən və xarabolmadan mühafizə ediləcək şəraitdə saxlanılmadığı və üzərində etiket məlumatlarının göstərilmədiyi aşkarlanıb.
Məlumatda o da bildirilir ki, faktla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilərək bazarda süd və süd məhsullarının satışı dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib. Bununla belə, apardığımız müşahidələr zamanı 8-ci Kilometr bazarının süd və süd məhsullarının satıldığı digər sahələrdə də analoji vəziyyətlə rastlaşdıq. Güman edirik ki, Qida Təhlükəsizliyi Agentliyi bu sahədə daha təsirli tədbirlər həyata keçirəcək.
Qida sektoru üzrə mütəxəssislər bildirirlər ki, bir kiloqram kərə yağı tərkibindən asılı olaraq 20-25 litr süddən əldə edilir. Buna görə də kərə yağının hazırlanmasında südün istehsal göstəricisi ilə bərabər, onun yağlılıq faizinin də yüksək olması əsas şərtdir. Təəssüf ki, ölkəmizdə bu məsələ ilə bağlı müəyyən problemlər yaşanır. Başqa sözlə, ölkədə heyvan sayına düşən məhsuldarlıq göstəriciləri aşağıdır. Belə ki, dünyada bir heyvandan ildə 10 ton süd əldə olunur. Azərbaycanda isə bu rəqəm 1,5 ton təşkil edir. Yeri gəlmişkən, ölkəmizdə bu məqsədlə kompleks tədbirlərin həyata keçirilməsi qarşıda duran mühüm vəzifələrdəndir. Bunun üçün, ilk növbədə, heyvandarlıqda cins tərkibi dəyişdirilməli, süni mayalanma genişləndirilməli, heyvanların yemləndirmə mədəniyyəti yenilənməli, yem bazası yüksək olmalıdır.
Mövcud şəraitdə isə ölkəmiz kərə yağının kənardan alınmasına üstünlük verir. Amma iş burasındadır ki, idxal olunan bu məhsulun da müəyyən hissəsi keyfiyyətsizdir. Ölkədə hazırlanan kərə yağı ilə bağlı mütəxəssis rəylərini də nəzərə alsaq, onda bu sahədəki vəziyyət haqqında aydın təsəvvür yaranar.
Qeyd edək ki, istehlakçılar bir çox hallarda bazarlarda, magistral yolların kənarlarında ucuz yağlara daha çox meyil göstərirlər. Mütəxəssislər isə yararsız kimi dəyərləndirdikləri həmin yağların işbazlar tərəfindən heyvan içliklərindən alınaraq qatıqla qaynadılıb “kərə yağı”na çevrildiyini bildirir və insan orqanizminin, xüsusən də ürək, qan-damar sistemini zədələdiyini deyirlər. Onlar bu cür saxta məhsulların trans yağlardan fərqlənmədiyini qeyd etməklə bərabər, belə içliklərin, çox güman ki, kustar üsulla əldə edildiyini söyləyirlər.
Qida ekspertlərinin fikrincə, bəzən marqarin yağlarının da kərə yağı adı ilə satılması hallarına rast gəlinir. Hər iki yağ arasında əsas fərq birincinin, yəni kərə yağının heyvan südündən hazırlanması, marqarinin isə bitki tərkibli olmasıdır. Marqarində, eyni zamanda, başqa emilqatorlar, su, duz və s. istifadə olunur. Kərə yağı isə tamamilə heyvan südündən hazırlanır, 80-82 faizi sırf yağdır, qalanı isə su və süddə olan proteinlərdir. Bu yağ insan üçün faydalıdır, çünki onun tərkibində doymamış yağlar daha çox olur, marqarində isə əsasən, doymuş yağlar üstünlük təşkil edir.
Ekspertlərin bu qənaətlərini AQTA-nın istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı keçirdiyi tədbirlərin nəticələri də təsdiqləyir. Belə ki, qurumdan bildirilib ki, aparılan yoxlamalar zamanı müxtəlif adlar altında istehsal olunan əmtəə nişanlı kərə yağları qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun gəlmir. Yəni müayinə üçün götürülən nümunələrin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında 82,5 faiz duzsuz kərə yağı olduğu bəyan edilməsinə baxmayaraq, bitki mənşəli yağ olduğu aşkarlanır.
Yeri gəlmişkən, qida məhsulları üzrə mütəxəssislər deyirlər ki, yağın qatqılı və ya qatqısız olub-olmamasını ən sadə üsullarla da təyin etmək mümkündür. Məsələn, bir qab ilıq və ya isti suya bir yemək qaşığı yağ əlavə olunaraq yaxşıca qarışdırılır. Bu zaman yağ hissəcikləri mayenin üzərində nazik bir təbəqə əmələ gətirirsə və su ayrana oxşar şəkil alırsa, bu, məhsulun təmiz və qatqısız olduğunu göstərir. Əgər, yağ suyun üzərində yumru hissəciklər şəklində qalaraq mayeyə qarışmırsa, demək, qatqılıdır. Eyni zamanda, yağ tavada əridilərkən xırda şar dənəcikləri ilə qaynayırsa və azca ayranlı (yəni tortası) olursa, demək, qatqısızdır. Yağın tavada tez bir zamanda durulaşaraq qaynaması və kəskin qoxu verməsi isə onun tərkibində qatqıların olmasına dəlalət edir.
Bir məqamı da qeyd edək ki, son illər ölkədə yağ istehsalında qatqılardan daha çox istifadə olunur. Bu zaman xaricdən idxal edilən palma yağına üstünlük verilir. Belə yağın isə insan orqanizmi üçün təhlükəli olması bəllidir. Elə Avropa Ərzaq Standartları Agentliyinin məlumatında da 200 dərəcədən yüksək temperaturda qızdırılan palma yağının təhlükəli olduğu açıqlanır. Belə ki, bu yağın ərimə temperaturu bədən hərarətindən yüksək olduğundan orqanizm tərəfindən mənimsənilmir və tullantı şəklində toplanır. Tədqiqatçılar bildirirlər ki, palma yağından istifadə zamanı trans yağlar yaranır ki, bu da xərçəng riskini 50 dəfə artırır. Eyni zamanda, doymuş yağlar qrupuna aid olan palma yağı qanda təzyiqin yüksəlməsinə, infarkt, iflic, şizofreniyaya, qaraciyərin piylənməsinə və daxili orqanların xərçənginə səbəb olur.
Yeri gəlmişkən, 2018-ci ildə Avropa Birliyində tərkibində palma yağı olan qidaların etiketində bu barədə açıq yazılması haqqında qərar qəbul edilib. Bununla yanaşı, bəzi şirkətlər tərəfindən Avropa bazarı üçün istehsal edilən məhsulun tərkibində palma yağının olmaması ilə bağlı öhdəlik də götürülüb. Ümumdünya Səhiyyə Təşkilatı başda olmaqla bir çox sağlamlıq qurumları palma yağının insan orqanizmi üçün yaratdığı risklərə dəfələrlə diqqət çəksələr də, dünya qida sənayesinin nəhəngləri tərəfindən bu yağın işlədilməsinə dair heç bir məhdudiyyət tətbiq edilməyib.
Azərbaycan da palma yağından geniş istifadə edən ölkələr sırasındadır. Baxmayaraq ki, yerli yağ və şirniyyat məhsulları istehsalçılarının bəziləri palma yağından istifadə etmədiklərini israrla bildirirlər. O zaman belə bir sual ortaya çıxır: Bəs, ölkəyə bu qədər palma yağı nə məqsədlə idxal olunur? Bu arada, Dövlət Statistika Komitəsinin məlumatını diqqətə çatdırmaq yerinə düşər. Qurumun məlumatına görə, 2023-cü ilin 9 ayında respublikamıza 42 milyon 840 min dollar məbləğində 36 min 762 tondan çox palma yağı və onun fraksiyaları idxal olunub. Bu yağlar isə müxtəlif qida məhsullarının tərkibinə qatılaraq supermarketlərə yol tapır. Ekspertlərin fikrincə, hazırda dükan-bazarların piştaxtalarını bəzəyən müxtəlif məhsulların, ən azı, 70 faizinin tərkibində bu yağlar var. Uşaqların sevimlisi olan çipsi, suxarı və şokoladların istehsalında palma yağlarından geniş istifadə olunur. Eyni zamanda, təmizləyici və yuyucu vasitələrin tərkibi də bu cür yağlarla zəngindir.
Qeyd edilənlərə əsaslanıb deyə bilərik ki, insan sağlamlığına qənim kəsilən palma yağlarına qarşı mübarizə bu gün bütün dünyanı ciddi düşündürür. Ekspertlər isə bunun qarşısının alına bilməməsi səbəbini həmin yağların çox ucuz qiymətə başa gəlməsi ilə əlaqələndirir, palmanın ucuz məhsul əldə etmək üçün ən əlverişli xammal olduğunu bildirirlər. İstehsalçılar da, təbii ki, bu yolla daha çox qazanmağa çalışırlar.
Göründüyü kimi, aprdığımız müşahidələr, eləcə də ekspertlərin fikirləri ölkənin qida məhsulları bazarının yağ seqmentində vəziyyətin heç də ürəkaçan olmadığını təsdiqləyir. Vəziyyətdən çıxış yolu kimi, ilk növbədə, “təmiz kərə yağı” adı ilə dükan-bazara yol taparaq qidamıza qaşıq-qaşıq qatılan saxta, zərərli məhsulların qarşısının alınması məqsədilə sərhəddə və ölkə daxilində etibarlı qida təhlükəsizliyi sistemi qurulmalıdır. Bununla yanaşı, ölkədə istehlakçılara şübhələndikləri istənilən qida məhsulunu müayinə etdirmək imkanı yaradan müstəqil laboratoriyalar təşkil edilməlidir. Belə olarsa, hər bir istehlakçı keyfiyyətsiz məhsul istehsalında günahkar şəxsi, yaxud müəssisəni məhkəməyə verib təzminat ala bilər. Bununla da, qida təhlükəsizliyinə vətəndaş nəzarətinin təmini gerçəkləşər.
Eyni zamanda, Qida Təhlükəsizliyi Agentliyi təkcə ara-sıra yoxlamalar keçirib müəyyən saxta məhsul istehsalçılarının adlarını və müsadirə olunan məhsulların məhv edilməsini əhaliyə çatdırmaqla kifayətlənməməli, insan sağlamlığına qənim kəsilən şəxslərin və yaxud qurumların daha ciddi şəkildə cəzalandırılması barədə düşünməlidir. Qurum, həm də brendləri tanıtdırmaqla yanaşı, saxta yağları istehsal edənləri müəyyənləşdirərək onların markalarını davamlı şəkildə alıcıların diqqətinə çatdırmalıdır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov: Ölkənin əmtəə bazarında heyvan mənşəli yağ, yəni kərə yağı sektorunda daim problemlər olub. Bununla belə, etiraf etmək lazımdır ki, bu sahədə vəziyyət ildən-ilə yaxşılığa doğru dəyişir. Markalanma ilə istehlakçıların aldadılmasında da xeyli dəyişiklik var. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətə başladığı ilk gündən markalanma məsələsinə xüsusi diqqət yetirir.
Bununla belə, istehlakçı hər bir malın xüsusiyyətlərindən tam məlumatlı olmur. İstehsalçılar təşkil olunmuş bir qrupdur. Onların arxasında texnologiya, pul, hüquqşünaslar və mütəxəssislər dayanır. İstehlakçı isə bazarın şahı hesab olunsa da, təkdir. Kərə yağı almaq istəyən istehlakçı görür ki, malın üzərində inək şəkli və “Naturalnoe maslo” yazısı var. O daha heç nəyə baxmadan məhsulu alır. Düşünür ki, malın etiketindəki bu şəkil və yazı onun təmiz kərə yağı olduğuna dəlalət edir. Həm də düşünür ki, əvvəlki illərdə bu şəkildə etiketlənmiş yağlar yox idi. Bilmir ki, qanuna zidd olmayan bu şəkil və yazı, əslində, onun spred, yəni qarışıq yağ alması ilə də nəticələnə bilər.
Bəzən istehlakçılar çox ucuz qiymətə satılan kərə yağı barədə bizdən məlumat almaq istəyirlər. Qeyd edim ki, ölkəmizdə, ən yaxşı halda, 20 litr süddən 1 kiloqram kərə yağı almaq mümkündür. Bir şərtlə ki, həmin südün yağlılığı normal olsun. Ona görə də istehlakçı yağın 1 kiloqramının qiymətini südün qiyməti ilə müqayisə etdikdə paradoksal bir nəticənin şahidi olur. Haqlı olaraq fikirləşir ki, necə olur, ara dükanlarda, xüsusən də paytaxtda “İvanovka” adı ilə fəaliyyət göstərən, əslində, İvanovka ilə heç bir əlaqəsi olmayan 20-dək dükanda “nehrə yağı”, “nənəmin yağı” adı ilə ucuz qiymətə yağlar satılır?!
Əslində isə, istehlakçı bu adlar altında aldadılır. Əslində ağ rəngdə, yumru formada olan yağların təmiz kərə yağı ilə heç bir əlaqəsi yoxdur. Onlar, əsasən, vaxtı ötmüş bitki yağlarının qarışığından nehrədə hazırlanır. Əlbəttə, belə yağların südlə müəyyən bir əlaqəsi var. Hazırda bazarda satılan bu cür məhsulların, guya, nənələrimizin kənddə hazırladığı yağ olması ilə bağlı fikir formalaşdırılır. “Nənə”nin istehsal etdiyi “təmiz nehrə yağı” isə aşağıdakı alqoritmlə başa gəlir: Təmiz südü sərdikdə ondan qaymaq əmələ gəlir. “Nənə” həmin qaymağı yığır. Altdakı süd isə üzsüz süd hesab olunur, tərkibi 94 faiz sudur. “Nənə” onun içərisinə ən ucuz, bəlkə də vaxtı ötmüş, atılmalı olan marqarinləri qarışdırıb 84 dərəcəyədək qaynadır. Lakin üzsüz südün tərkibi sudan ibarət olduğu üçün marqarinlə qarışmır. “Nənə” isə bu zaman qətiyyən bikef olmur. Həmin qarışığı “Homalizator” deyilən cihaza tökür. Onu bircinsli mayeyə, südə çevirir. Sərəndən sonra ondan qaymaq əmələ gəlir. Həmin qaymağı isə nehrədə çalxalayır. Bazarda nehrə yağı adı ilə ucuz qiymətə satılan yağlar məhz bu şəkildə ərsəyə gətirilir. Bu da ilk baxışdan kərə yağına çox bənzədiyindən onu ayırd etmək çətindir.
Bununla belə, ölkədə təmiz kərə yağları da mövcuddur. Bunların bir qismi xaricdən gətirilsə də, yerli istehsal da az deyil. Yeri gəlmişkən, 6 il əvvəl Yeni Zelandiyaya istehlakçı hüquqlarını qoruyan təşkilatların konqresinə gedən zaman oradakı həmkarlarımın köməyi ilə “Westland Milk Products” zavoduna baş çəkdim. Həmin zavodun istehsalı olan “Westgold” yağları uzun illərdir ki, Azərbaycana da göndərilir. Mən orada məhsulun istehsalından tutmuş Azərbaycan dilində markalanmasınadək bütün prosesi izlədim. Bundan əlavə, fermer təsərrüfatına getdim. Məlum oldu ki, burada heyvanlar qış mövsümündə tövlə şəraitində saxlanılmır, daim açıq havada otlayırlar. Orada heyvanlar mədəni əkilmiş yonca bitkisi ilə deyil, əsasən, yabanı halda bitmiş təbii otlarla qidalanır. Heyvanlara qış qulluğu olmadığı üçün onların südü, yağı çox ucuz başa gəlir. Bir sözlə, müşahidələrimə əsasən bu ölkədə təmiz kərə yağı istehsal edilməsinə tam əmin oldum.
Qeyd etdiyim kimi, yerli yağ istehsalçılarının da bir çoxu normal keyfiyyətdə məhsul istehsal edirlər. Bir çox yaxın ölkələrdən, xüsusən, Rusiya və digər yerlərdən gətirilən yağlarda problemlər həmişə olub. Başqa ölkələrdən – Almaniyadan və Fransadan gətirilən yağlar isə təmiz və keyfiyyətlidir. Yeri gəlmişkən, əvvəllər hətta Yeni Zelandiya yağlarının da saxta variantı Gürcüstandan ölkəmizə gətirilirdi. Yaxşı ki, artıq bunun da qarşısı alınıb.
Əgər istehlakçı dükana girib qablaşdırılmış, üstündə etiketi olan yağı almaq istəyirsə, məsləhət görürəm ki, məhsulu əlində sıxsın. Bu zaman hansı yağ onun əlinə bərk gəlirsə, o, daha çox kərə yağıdır. Donmuş halda olan kərə yağı kəsildikdə ovxalanıb tökülür, səlis kəsilmir. Təmiz kərə yağı sümük rəngində, bircinsli olur, kəsiləndə arasında başqa rənglər gözə dəymir. Şübhəsiz, bütün bunlar kərə yağını ilkin olaraq tanımaq üçün vizual olaraq nəzərə çarpan hallardır. Lakin əsl kərə yağı əridildikdə özünü tam büruzə verir. Bu, həm də özünü qoxusunda və ərimiş yağın həcmində özünü göstərir. Bəzən əsl kərə yağının qiyməti istehlakçıların narazılığına səbəb olur. Əslində isə normal kərə yağının qiyməti 20-24 manat olmalıdır.
Həkim-dietoloq Leyla Zülfüqarlı:
Hazırda Azərbaycanın qida sənayesi bazarında çox ciddi nöqsanlar var. Hətta mövcud vəziyyəti qida terroru kimi də xarakterizə etmək olar. Bu sahədə ən böyük nöqsanlar, təhlükəli hallar yağ bazarında müşahidə olunur. Düşünürəm ki, ticarət şəbəkələrində satılan yağlarla bağlı ciddi araşdırma aparılmalıdır. Bu zaman aşkar olunan saxta, insan orqanizmi üçün təhlükəli yağlar dərhal satışdan yığışdırılmalı, onların yerini daha sağlam məhsullar əvəz etməlidir.
İndi əhalini bir məsələ daha çox düşündürür: hansı yağlara güvənmək olar? Bu suala isə birmənalı cavab vermək çətindir. Çünki daxili bazarda yağlar həddindən artıq çoxdur. Həmin məhsulların əksəriyyətinin isə mənşəyi və tərkibi qeyri-müəyyəndir. Bəs, bu cür yağların ziyanı nədir? Hər şeydən əvvəl qeyd etmək istəyirəm ki, yağ keyfiyyətsiz olduqda onu qəbul edərkən orqanizmə çoxlu miqdarda doymuş və doymamış yağ turşuları daxil olur. Trans yağlar və spred yağlar müəyyən biokimyəvi proseslər nəticəsində yarımparçalanmaya məruz qalır. Bu zaman onların tərkibində orqanizm üçün yad maddələr formalaşır. Bunlar da qatqı maddəsi olaraq toksin kimi orqanizmdə qalır.
Son illər ölkəmizdə ürək, qan-damar xəstəlikləri və ürək tutmalarının artması müşahidə olunur. Bu zaman şuntlamalar edilir, stend qoyulur. Bunun da əsas səbəbi damarların mənfəzinin daralması və tıxanıqlığın yaranmasıdır. Bütün bunlar keyfiyyətsiz yağların törətdiyi fəsadlardır. Keyfiyyətsiz yağlar təkcə ürək-damar xəstəliklərinə, kardioloji aspektdən ürəyin zədələnməsinə səbəb olmur, eyni zamanda, şəkərli diabetin yaranmasına, piylənmənin yüksək dərəcəyə gəlib çatmasına, təzyiqin yüksək olmasına, eləcə də aşağı ətraflarda hərəkət məhdudiyyətinə gətirib çıxarır. Hərəkət məhdudiyyəti ilə əlaqədar insan oturaq həyata keçir ki, bu da bir sıra xroniki xəstəliklərə yol açır.
Tərkibində olan trebesidlərin və doymuş yağ turşularının zəncirində parçalanmanı əmələ gətirən hidrogen atomlarının çoxalmasına səbəb olan trans yağlar orqanizmdə “HDL” xolesterini azaldır, əksinə “LDL”, yəni pis xolesterini çoxaldır. Yeri gəlmişkən, Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi normativə əsasən, orqnizmdə “LDL” maksimum 130-140-ın üzərində olmalıdır Amma son zamanlar apardığım müşahidələrdən məlum olur ki, “LDL” 160-ın üzərində, yəni pis xolesterini yüksək olan, risk qrupuna aid insanlar var. Nəticə olaraq həmin şəxslərdə müəyyən müddətdən sonra yaranan xolesterid damar mənfəzinin həddindən artıq daralmasına gətirib çıxarır. Bu zaman bütün qanı orqanizmə daşıyan damarlar ən vacib resurs olan oksigeni, hemoqlobin-oksigeni hüceyrələrə, toxumalara çatdıra bilmir. Bu da insanda bioloji ölümü tezləşdirə bilər. Belə təhlükələrlə üzləşməmək üçün isə hər birimiz keyfiyyətli məhsullarla qidalanmalıyıq. (Xalq Qəzeti)