“Qlobal şoklar və pandemiya ölkəmizdə məcmu tələb və məcmu təklifin artım tempinə mənfi təsir göstərir”.
FED.az xəbər verir ki, bunu Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.
Eləcə də bax: Koronavirusdan sağalan azərbaycanlı iş adamından - AÇIQLAMA
Onun sözlərinə görə, qlobal səviyyədə də tələb-təklif spiralı aşağı istiqamətlənib. Buna baxmayaraq, bu ilin ilk rübündə Azərbaycanda ÜDM-in artımı real ifadədə mümkün olacaq: “Xüsusən də, qeyri-neft sənayesi, bitkiçilik, informasiya və rabitə xidmətləri bu artımın əsas drayverləri olacaqlar. Lakin neft qiymətlərinin kəskin düşməsi fonunda bu ilin ilk rübündə ÜDM deflyatorunun da aşağı düşməsi proqnozlaşdırılır. 2017-ci ildən azalan ÜDM deflyatorunun bu ilin ilk rübündə ən aşağı həddə enəcəyini proqnozlaşdırmaq olar. Bu da ilk rübdə ölkədə məhsul və xidmət istehsalının nominal qiymətinə mənfi təsir edəcək. ÜDM deflyatorunun azalması tədiyyə balansına, beynəlxalq investisiya mövqeyinə və yığım səviyyəsinə də mənfi təsir edir”.
Azərbaycanın xarici borc və monetar yumşalma deyil, öz resursları ilə böhranla mübarizə aparması ölkəmizi post-böhran dövründə daha əlverişli vəziyyətə çıxaracaq. Keyns nəzəriyyəsinə görə, böhran zamanı hökumətin müdaxiləsi zəruridir. Bir şərtlə ki, dəstək proqramı səmərəli və nəticə-əsaslı tətbiq edilsin. Lakin Rikardo-Barro effektinə görə, hökumətlərin borca əsaslanan indiki xərcləmələri, gələcəkdə həmin borcu qaytarmaq üçün vergi yükünü artırır. Hər iki yanaşmanı nəzərə alanda Azərbaycan böhranla mübarizədə daha əlverişli vəziyyətdədir. Başqa sözlə, Azərbaycan hökumətinin bu gün iqtisadiyyata verdiyi dəstəyi, sabah vətəndaşımız vergi kimi geri qaytarmaq məcburiyyətində qalmayacaq. Çünki Azərbaycanda sosial bazar modeli qurulub və dövlətin siyasətinin mərkəzində vətəndaş dayanıb”.