Rusiya ilə Ukrayna arasında müharibə müxtəlif iqtisadi təsirləri ilə yanaşı, qarpız bazarında da özünü göstərib.
Elektrik enerjisi 1-ci, pomidor 2-ci və mahlıc 3-cü olub - QEYRİ-NEFT İXRACINDA SON VƏZİYYƏT
FED.az xəbər verir ki, indiyədək özünü və ətraf ölkələri qarpızla təmin edən Ukrayna müharibə səbəbindən bu statusunu itirib və nəticədə özü qarpız idxal etməyə başlayıb. Ukraynanın itirdiyi bazarları isə digər ölkələrin, o cümlədən Azərbaycan qarpızları tutmağa başlayıb.
Müharibəyə qədər regionun əsas istehsalçısı sayılan Ukraynada ildə 400 min ton qarpız yığılırdı. Özü də Ukraynada ən çox qarpız son dövrlər hərbi əməliyyatların ən aktiv baş verdiyi Xerson vilayətində yığılırdı. 2022-ci ilədək bu ərazidə 31 min hektar sahədə, hazırda Rusiyanın nəzarətində olan ərazilərdə isə 15 min hektar sahədə qarpız əkilirdi. Nəticədə bütün Ukraynadan yığılan 400 min ton qarpızın 150 min tonu bu vilayətin payına düşürdü.
İndi isə həm hərbi əməliyyatlar, həm də Kaxov elektrik stansiiyanın bəndinin dağıdılması qarpız sahələrinə ciddi zərər vurub, qalan ərazilər də atəş altında olduğundan faktiki olaraq bu ərazilərdə qarpız əkilmir.
Nəticədə hazırda Ukraynada yalnız Odessa vilayətində qarpız əkilir ki, burada fermerlər nisbətən sakit şəraitdə məhsul yığa bilirlər.
Ukraynanın qarpız bazarında baş verən dəyişikliklər qonşu ölkələrə də təsirini göstərib. Məsələ bundadır ki, əvvəlki illərdə buradan bütün ətraf ölkələrə, o cümlədən Baltikyanı respublikalara qarpız göndərilirdi. Bu ildən vəziyyət dəyişib, hər halda Ukraynadan qarpız ixracı dayanıb.
Maraqlıdır ki, baltikyanı ölkələr Rusiyadan da qarpız almayacaqlar, buna səbəb müharibəyə görə Moskvaya tətbiq edilən sanksiyalardır. Nəticədə yeni yaranan boşluğu Mərakeş, İspaniya və İtaliya qarpızları tutur. Azərbaycan iş adamları bir qədər fərasətli olsalar bu bazarlarda da pay ala bilərlər.
Vəziyyət o yerə çatıb ki, hətta Ukraynanın özündə qarpız qıtlığı hiss olunur, ölkə artıq başqa ölkələrdən qarpız idxal etməyə başlayıb, onların arasında Azərbaycan, Türkiyə və Yunanıstan var.
Azərbaycan fermerləri və şirkətləri bu vəziyyətdən yararlanmağı bacarıblar.
Rəqəmlər göstərir ki, son iki ildə Azərbaycandan qarpız ixracı kəskin artıb, ixracın həm həcmi, həm də istiqamətlərində artım var.
Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ildə Azərbaycandan xaricə 11 924 ton qarpız ixrac edilib, ixrac olunan qarpızın ümumi dəyəri 4 milyon 915 min dollar təşkl edib. Yəni bir kiloqram qarpızın ixrac qiyməti 41 sent və ya 70 qəpik olub.
2022-ci ildə isə qarpızın ixracı kəskin artıb – ölkədən 14 min ton qarpız ixrac edilib, ümumi dəyəri isə 6 milyon 500 min dollar olub. Yəni 1 kiloqram qarpız 46 sentə və ya 80 qəpiyə ixrac edilib.
Qarpızla yanaşı, yemişin ixracında da kəskin artım var. 2021-ci ildə Azərbaycan xaricə ümumi dəyəri 440 min dollar olan 740 ton yemiş satsa da (kilosu 59 sent və təqribən 1 manatdan), 2022-ci ildə bu rəqəm 1 603 tona, ixrac dəyəri isə 719 min dollara yüksəlib – ixrac qiyməti isə 1 kilo üçün 45 sent təşkil edib.
Qarpızın ixracı 2023-cü ildə daha da sürətlənib – Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin ilk 6 ayında Azərbaycan xaricə ümumi dəyəri 3 milyon 803 min dollar olan 7 526 ton qarpız ixrac edib, bir kiloqram qarpızın ixrac qiyməti 50,5 sent və ya 86 qəpik olub.
Bu göstərici 2022-ci ilin ilk 6 ayı ilə müqayisədə 2 dəfə artıqdır.
Belə ki, 2022-ci ilin ilk 6 ayında Azərbaycan xaricə ümumi dəyəri 2 milyon 61 min dollar olan 3 914 ton qarpız ixrac edilib, 1 kilosu 52,6 sent və ya 90 qəpiyə.
Azərbaycandan qarpızın ixracı ilə yanaşı, bu məhsulun göndərildiyi ölkələr də artmaqdadır. Vaxtilə Ukraynanın təmin etdiyi ölkələr indi Azərbaycandan da qarpız almağa başlayıblar.
Eyni zamanda nəqliyyat problemləri səbəbindən Azərbaycandan Ukraynaya qarpız ixracı azalıb.
Beləliklə, 2021-ci ildə Azərbaycan Ukraynaya 4100 ton qarpız ixrac edib, ixracın ümumi məbləği 648 min dollar olub, bir kiloqram qarpız 16 sentdən satılıb.
2022-ci ildə isə Azərbaycanın Ukraynaya qarpız ixracı 35%-ə yaxın və ya 1400 ton azalıb, bu ölkəyə 2677 ton qarpız satılıb, amma qarpızın qiyməti qalxdığından (2022-də 25 sentdən satılıb) onun satışından daha yüksək vəsait daxil olub - 674 min dollar.
Müharibədən əvvəl Ukrayna Rusiyanı da qarpızla təmin edirdi, indi isə bu mümkün deyil, nəticədə Rusiyada Ukrayna qarpızlarının boşalan payını Azərbaycan iş adamları tuturlar.
Belə ki, 2021-ci ildə Azərbaycandan Rusiyaya 6 931 ton qarpız ixrac edilmişdi, ümumi məbləği 4 milyon 137 min dollar idi, yəni kiloqramı 60 sentdən (1 manat).
2022-ci ildə, yəni Ukraynadan Rusiyaya qarpız ixracı dayandıqdan sonra isə Azərbaycan Rusiyaya 10 000 ton qarpız ixrac edib, ixracın ümumi məbləği 5 milyon 495 min dollar olub, kiloqramı isə 55 sentə, yəni təqribən 94 qəpiyə satılıb.
2021-ci illə müqayisədə 2022-də Azərbaycanın yalnız Belarusa qarpız ixracı azalıb. 2021-də bu ölkəyə 622 ton qarpız göndərilib, ixracın məbləği 93 min dollar olub, yəni kiloqramı 15 sentə.
2022-ci ildə isə Belarusa qarpız ixracı 494 tona enib, əvəzində qiymətlər artdığına görə (25 sent olub), bundan daha yüksək gəlir daxil olub – 125 min dollar.
Son bir ildə Azərbaycanın Estoniyaya qarpız ixracı 3 dəfədən çox artıb – 2021-ci ildə bu ölkəyə cəmi 186 ton qarpız ixrac edilmiş və ixracın ümumi həcmi 22 min dollar olmuşdu (qiymət 12 sent), 2022-ci ildə isə Estoniyaya
568 ton qarpız satılıb, ümumi məbləğ 138 min dollara yüksəlib. Məbləğin artması həm ixracın həcminin, həm də qiymətin artması ilə bağlıdır (25 sent).
Yalnız bir ölkəyə ixrac kəsilib – 2021-ci ildə Moldovaya 84 ton qarpız göndərilmişdi, 2022-də bu rəqəm olmayıb.
Əvəzində Azərbaycan 2022-ci ildə Grcüstan və Sloveniyaya qarpız ixracına başlayıb. Gürcüstana 148 ton qarpız ixrac edib, ümumi məbləğ 26 min dollar olub, yəni 1 kq-in qiyməti 24 sent.
Sloveniyaya isə 145 ton qarpız ixrac edilib, bundan 37 min dollar daxil olub.
Azərbaycandan xaricə qarpız ixracının artması vaxtilə daxili bazara yönələn qarpız məhsulunun bir hissəsinin xaricə satılması ilə nəticələnib, nəticələ yerli bazarda yaranan yüngül qıtlıq qarpızın qiymətini artırıb.
Belə ki, hətta avqustun ortalarında mövsümi meyvələrin, xüsusilə qarpız və yemişin qiymətində ucuzlaşma olmayıb, ötən il kiloqramı 15-20 qəpiyə satılan qarpızın qiyməti 50-70 qəpik arasında dəyişib. Satıcılar qiymətlərin baha olmasını məhsuldarlığın az olması ilə əlqələndirib
Azərbaycan Giləmeyvə İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Nemət Seyfullayev FED.az-a açıqlamasında qarpızın xaricə ixracı ilə baş verən prosesləri və nəticədə qiyimət artımını təsdiqləyib. Onun sözlərinə görə, Azərbayanda daxili bazarda qarpızın qiymətinə Rusiya-Ukrayna müaribəsi də təsir edib.
Nemət Seyfullayev FED.az-a bildirib ki, bu təsir özünü təkcə qarpız deyil, digər meyvələrdə, o cümlədən çiyələkdə də göstərib.
Onun sözlərinə görə, qiymət artımının daha bir səbəbi də regionlarda fermerlərdən – sahələrdən qarpız alıb toplanyanların özü arasında rəqabətin artmasıdır. Onlar fermerlərin məhsulu məhz onlara satması üçün qiymətləri artırırlar ki, bu da son nəticədə özünü qarpızın satış qiymətində göstərir: «Hətta bəzi ərazilərdə toplayıcılar sahədəki məhsulun pulunu hələ məhsul yığılmazdan əvvəl öbdəyirlər. Son 1-2 ildə Azərbaycandan qarpız ixracı güclənib, əvvəllər qaprız ixracı nisbətən az idi, son bir neçə ildə bu rəqəm artır. Bundan başqa artan tələb nəticəsində artıq Azərbaycanın qarpız ixracçıları Avropanın yeni ölkələrinə də qarpız satmağa başlayıblar»-deyə assosiasiya rəhbəri bildirib.
Onu sözlərinə görə, hazırda eyni halın xurmada təkrarlanacağı gözlənilir – xurmanın xaricə ixracı artacağı üçün ölkədə onun qiyməti də yüksəicək.