Tütünçülük Balakən rayonunun iqtisadiyyatında aparıcı yerlərdən birini tutur. Hələ sovet dövründə tütünçülük rayonun kənd əhalisinin əsas məşğuliyyət sahələrindən biri hesab olunurdu. Bu sahəyə maraq bir müddət azalsa da, Prezident İlham Əliyevin regionlarda kənd təsərrüfatının ənənəvi sahələrinin dirçəldilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələrinin nəticəsi olaraq, son dövrlər digər rayonlar kimi, Balakəndə də tütünçülüyə maraq xeyli artıb.
FED.az xəbər verir ki, hazırda Balakəndə yüzlərlə ailə tütünçülüklə məşğul olur, bu sahədən gəlir götürür. Rayonda tütünçülük üzrə ixtisaslaşan yeni-yeni fermer təsərrüfatları yaradılır. Bunlardan biri də Talalar kəndində fəaliyyət göstərir. Təcrübəli fermer İmran Cumayevin rəhbərlik etdiyi təsərrüfat üçüncü ildir ki, tütün yetişdirir.
Tütünçülüyün olduqca gəlirli sahə olduğunu bildirən İmran Cumayev deyib: “Ailəmiz sovet dövründə də tütünçülüklə məşğul olub. O zaman tütünçülük Balakən rayonu üçün ən gəlirli sahələrdən biri idi. Dövlətimizin başçısının tapşırıq və tövsiyyəsi ilə bu sahənin yenidən canlandırılması hamımızın ürəyincə oldu. Rəhbərlik etdiyim təsərrüfatda 20-dən çox ailənin üzvləri çalışır.
Eləcə də bax: Azərbaycanda meşələrdən meyvə yığmaq qadağan edildi - CƏRİMƏLƏR
2016-cı ildə 13 hektar, 2017-ci ildə 18 hektar, keçən il isə 20 hektar sahədə tütün yetişdirdik. Ötənilki mövsüm sahələrdən 202 ton yaşıl tütün kütləsi tədarük etdik, istehsalımız əvvəlki illə müqayisədə 50 ton artdı. Bütün xərcləri çıxdıqdan sonra təsərrüfatımız ötən ili 29 min manat gəlirlə başa vurub. Şəxsən mənim ailəmin gəliri 11 min manat olub. Tütün əkini sahələrini artıraraq 25 hektara çatdırmağı düşünürük. Tütün əkiləcək sahə şumlanıb və əkin üçün hazır vəziyyətə gətirilib. Bu il 250 ton yaşıl tütün istehsal etməyi planlaşdırırıq”.
Təsərrüfat rəhbərinin sözlərinə görə, ötən il rayonda 60 tütünqurutma kamerasından ibarət emal məntəqəsinin fəaliyyətə başlaması istehsalçıların işini xeyli asanlaşdırıb: “Əvvəllər yetişdiriyimiz yaşıl tütünü qurutmaq üçün qonşu rayonların emal məntəqələrinə aparırdıq. Bu isə vaxt itkisinə, əlavə xərclərə və məhsulun keyfiyyətinin aşağı düşməsinə səbəb olurdu. Emal məntəqəsinin açılması gəlirlərimizin artmasına da öz təsirini göstərdi”,- deyə İmran Cumayev bildirib.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2018-ci il 25 dekabr tarixli Sərəncamı ilə kənd təsərrüfatının inkişafındakı xidmətlərinə görə fermer İmran Cumayev 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub.