Türkiyədə yeni başa çatan prezident və parlament seçkilərindən sonra ölkə rəhbərliyinini qarşısında duran əsas məsələlərdən biri iqtisadi problemləri həll etməkdir.
Bura türk lirəsinin məzənnəsi və inflyasiyanın idarə edilməsi aiddir. Hökumət vəziyyəti nəzarətdə saxlamaq üçün çox diqqətlə hərəkət etməlidir.
FED.az xəbər verir ki, bu barədə maliyyə və investisiya bazarları üzrə ekspert Fariz Hüseynli bildirib. Ekspert yazır:
«Türkiyədə seçkilər qurtardı, iqtisadi problemlər davam edir. Səs verənlərin hamısı bilir bunu.
Siyasi mühit əhaliyə iki namizəd verdi, iqtisadi cəhətdən hər ikisi pis idi. Amma orta ərazilərdə və kənd yerlərində əhali daha az riskli gördüklərini seçdi, ümid edir ki, ələbaxanlığın əvəzi olacaq və yük ağır olmaz.
Türkiyə əhalisi əsasən sağcıdır, bu da o deməkdir ki, genişləyən, artan iqtisadiyyat istəyir. Amma hər ölkənin bir iqtisadi artım potensialı var və artım sağlam və davamlı ayaqlar üzərində qurulmayanda çox çəkmir. Çəksə də axsaq olur.
İndi hökümət qarşısında çətin vəzifə var. Əhali də bilir ki, nebatilərlə bu iş olmaz. Kadr dəyişikliyi olmalıdır. Kreditlə böyüyən inflyasiyalı iqtisadiyyata davam edirlərsə TL zəifləməlidir. TL yavaş zəifləsin deyə bazarı lap sıxacaqlar. Amma idxal baha olacaq və xaricdə iqtisadi durğunluq yaşanırsa ixrac zəifləyəcək. Bu böyük problemdir. Əhalinin kasıblaşması daha da sürətlənəcək. Deməli birbaşa yardımlarla dövlət özündən asılı təbəqəni artıra bilər. Zaten dövlətçilik yerinə “dövlət baba”çılıq elə buna görə yaranır.
Siyasi cəhətdən məntiqlidi, amma iqtisadi cəhətdən riskli. Bazarı tam sıxmaq mümkün olmasa şok vəziyyəti olacaq. Xarici qüvvələr yox, yerli qüvvələr edəcək bunu. Xarici qüvvələrin iki yolu var- borc verməmək və sanksiya qoymaq. Etsəydilər çoxdan edərdilər..
Kredit dayansın, iqtisadi böyümə yavaşlasın deyirlərsə faizləri artırıb TLni gücləndirəcəklər. Onda da ixracatçılara problem olacaq və xaricdən sərmayə gəlişi də olmayacaq. Əhali yenə kasıblaşacaq çünki iqtisadi aktivlik zəifləyəcək. Burada kontrollu və selektiv davranmalıdırlar.
Kredit-valyuta bu işin bir hissəsidir. Türkiyəyə yeni iqtisadi vizyon lazımdır, elm-sənayə-texnologiya ölkəsi olmalıdır. Həm ətrafına, həm qlobal iqtisadiyyata ciddi iqtisadi yatırımlar etməlidir.
Ona görə problemləri deyib həll təklif edənlərə qarşı düşmən obrazı yaratmaq olmaz. Sanki o insanlar güclü Türkiyə istəmir. Siyasətə alət olub düşmənçilik yaymaq, xoşunuza gəlməyəni deyənləri gözdən salmaq ölkəyə ən böyük ziyanı vurur. Siyasətçilər gəldi gedərdi, amma ölkənin ayrı-ayrı təbəqələrini birbirinə düşmən etmək ancaq ölkəni zəiflədir».