Xəbər verdiyimiz kimi, türk lirəsinin ABŞ dollarına qarşı dəyəri ucuzlaşmaqda davam edir. Belə ki, lirə bu il ABŞ dolları qarşısında 30%-dən çox dəyər itirib.Türkiyənin Mərkəzi Bankının uçot dərəcəsini 16%-dən 15%-ə endirməsi lirənin ucuzlaşmasını sürətləndirən amil kimi qeyd edilir. Dollar/lirə məzənnəsi ilk dəfə noyabrın 12-sində psixoloji hədd olan 10-u ötüb.
Eləcə də bax: Lirənin ucuzlaşması Azərbaycan iqtisadiyyatına - Necə Təsir Edəcək?
Türkiyə Mərkəzi Bankının yaydığı açıqlamada bildirilir ki, bu qurumun üzən məzənnə rejimində məzənnə səviyyəsinə dair heç bir öhdəliyi yoxdur. Məlumatda bildirilir ki, valyuta məzənnələri tələb və təklif şərtləri ilə sərbəst bazar dinamikası ilə müəyyən edilir. Müəyyən şərtlər daxilində Mərkəzi Bank yalnız həddindən artıq olarsa, məzənnəyə müdaxilə edə bilər.
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, qonşu ölkədə milli valyutanın dəyər itirməsi ilə bağlı məsələ Azərbaycan ictimaiyyəti tərəfindən də diqqətlə izlənilir. Bu prosesin Türkiyə iqtisadiyyatına təsirləri barədə “Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, deputat Əli Məsimli bildirib ki, artıq Türkiyə Prezidenti Mərkəzi Bankın sədrini qəbul edib: "Bu istiqamətdə hesab edirəm ki, lazımı addımlar atılacaq. Bizimlə ticarət tərəfdaşı olan ölkələrin valyutaları aşağı düşən zaman həmin ölkənin bilavasitə özünün ixrac imkanları artır. Təbii ki, bundan səmərəli istifadə olunsa, Türkiyənin kifayət qədər ixrac imkanlarını artırmaq şansı var.
Bilirsiniz ki, Türkiyə Azərbaycanın ticarət tərəfdaşı olan ölkələrdən biridir. Bu da müəyyən dərəcədə Azərbaycana Türkiyə mallarının ixracının artmasına gətirib çıxara bilər.
Bununla bərabər, tərəfdaş olan ölkələrdə milli valyutanın dəyər itirməsinə birmənalı şəkildə təkcə mənfi yox, müsbət tərəflərini də dəyərləndirməklə yanaşmaq lazımdır. Təbii ki, lirənin dəyər itirməsi müəyyən problemlər yaratmaqla yanaşı, eyni zamanda, Türkiyənin ixrac imkanlarını da genişləndirir. Əksər ölkələrdən fərqli olaraq, Türkiyənin ixrac etmək üçün məhsulları çoxdur. Həmin malların ixracının genişləndirilməsi istiqamətində çox güman ki, addımlar atılacaq. Bu vəziyyətdə də Türkiyə mallarının Azərbaycana daha çox gəlməsinə şərait yaranacaq”.