Strateji yol xəritəsi çox ciddi təhlillər üzərində qurulub. Burada Azərbaycanda mövcud iqtisadi vəziyyət, həm də qlobal və regional trendlər nəzərə alınıb.
Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.
Strateji baxış Azərbaycanın davamlı iqtisadi inkişafı əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin artırılması və qlobal regional dəyər zəncirlərində özünəməxsus mövqeyinin gücləndirilməsi üzərindən sosial rifahı yaxşılaşdırmağa istiqamətlənəcək. Bu strateji baxışın altında funksional olaraq 11 sektor müəyyənləşib. Bunlardan 6-sı bilavasitə real sektorla, o cümlədən neft-qaz və kimya məhsullarının, kənd təsərrüfatı məhsullarının istehsalı, turizm sektorunun inkişafı ilə bağlıdır.
İki sahə bilavasitə sosial məsələlərlə əlaqədardır. Bu, həm də onu göstərir ki, Azərbaycan indiyədək yürütdüyü sosial bazar modeli fəlsəfəsini qoruyur və bundan sonrakı strategiyanın mərkəzində də insan amili dayanır.
Üç sektorda isə biz telekommunikasiya və maliyyə-bank sektorunu infrastruktur çətiri altında birləşdirmişik. 11 sektoral yanaşma ilə bərabər biz 4 əsas prioritet istiqamət müəyyənləşdirmişik. Bu istiqamətlər 11 sektorun hər birinə aiddir. Bunlar, ilk növbədə, fiskal və monetar siyasətin uzlaşdırılması, ikinci istiqamət insan kapitalının inkişafı və əmək bazarının regional, qlobal və milli iqtisadi inkişaf tələbatına uyğunlaşdırılmasıdır. Üçüncü prioritet istiqamət biznes mühitinin yaxşılaşdırılması, dördüncü isə dövlət əmlakının idarəedilməsinin təkmilləşdirilməsidir, - deyə Vüsal Qasımlı bildirib.
Azertag©