Azərbaycanda özəl stomatoloji poliklinikaların sayı kəskin şəkildə azalır. Bu xidmətə yüksək tələbatın olmasına və stabil gəlir gətirməsinə baxmayaraq, həkimlər şəxsi kabinetlərini açmaqdansa, dövlət müəssisələrində çalışmağı üstün tuturlar.
FED.az xəbər verir ki, səbəblər sırasında lisenziyanın baha, “vergilərin” yüksək olması göstərilir.
Özəl stomatoloji klinikanın sahibi Hüseyn Bəşirov deyir ki, müstəqil dental mərkəzlərin bağlanması süni şəkildə yaradılmış bürokratik baryerlərlə bağlıdır:
“Stomatoloji sahəyə aid ləvazimatların qiyməti onsuz da bahadır. Üstəlik gömrük rüsumları da yüksək olduğundan xidmətin qiymətini qaldırır. Nəticədə vətəndaşların stamatoloji xidmtələrdən istifadə imkanları azalır”.
H.Bəşirovun sözlərinə görə, stomatoloji kabinetlərə məcburi sayılan lisenziyaların qiyməti rəsmən 2250 manat təşkil edir. Lakin qeyri-rəsmi həlli isə 7000 manata başa gəlirr. Vergidən kənar “vergi”lərin də bu xidmət sahəsini sıxışdırması həkimlərin əksəriyyətini şəxsi biznesdən əl çəkməyə vadar edib.
H.Bəşirov deyir ki, bu maneələr səbəbilə onun tanıdığı stomatoloqlar şəxsi evlərində fəaliyyət göstərmək məcburiyyətində qalıb.
FED.az-ın araşdırmasına görə, stomatoloji klinikaların sayı 16 il ərzində 3 dəfədən çox azalıb. Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsindəki göstəricilərə görə, ölkədə stomatoloji poliklinikaların sayı 2000-ci il ilə müqayisədə 2 dəfədən çox azalıb. Belə ki, 2000-ci ildə bu sektorda 49 poliklinika fəaliyyət göstərirdisə, 2016-cı ilin nəticələrinə görə, ölkədə cəmi 15 stomatoloji klinika var.
Hesabat cədvəlində 2000-ci ildən başlayan göstəricilər 2016-cı ilə qədər ardıcıl şəkildə azalaraq davam edir. Məlumat verək ki, Azərbaycanda 2000-ci ildə 49, 2005-ci ildə 44, 2007-cı ildə 37, 2008-ci ildə 31, 2009-cu ildə 29, 2010-cu ildə 28, 2011-ci ildə 27, 2012-ci ildə 28, 2013-cü ildə 23, 2014-cü ildə 19, 2015-ci ildə 17, 2016-cı ildə isə 15 stomatoloji poliklinika olub.
Stomatoloji klinikalar bağlanır – FAKT
16:57
22 Fev 2018