Dövlət Neft Fondu 38,5 milyard dollardan cəmi 106,5 milyon dollar gəlir götürüb
2017-ci ilə nisbətən Dövlət Neft Fondunun investisiya portfeli üzrə gəlirliliyin daha aşağı olmasının əsas səbəbi dünyanın əksər əsas iqtisadiyyatlarında qlobal iqtisadi artımın zəifləməsi barədə bədbin proqnozlar fonunda səhm bazarlarında mənfi gəlirlilik olmuşdur.
FED.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsinin icrası barədə illik hesabata Hesablama Palatasının rəyində bildirilir.
2018-ci ildə Dövlət Neft Fondunun investisiya portfeli üzrə gəlirlilik 0,35% təşkil edib. 2107-ci ildə bu nisbət 1.88% idi.
“2018-ci ildə Dövlət Neft Fondunun vəsaitlərinin idarə edilməsindən 106,5 milyon ABŞ dolları və yaxud 181,1 milyon manat məbləğində gəlir əldə edilmişdir ki, bu da büdcədə nəzərdə tutulan gəlirlərə nisbətən 1 milyard 35,6 milyon manat və yaxud 85,1 faiz azdır. Fondun investisiya portfelinin orta illik gəlirlilik göstəricisi isə 0,35 faiz təşkil etmişdir ki, bu da büdcədə nəzərdə tutulmuş gəlirlilik göstəricisi ilə (1,96% ) və 2017-cı il ilə müqayisədə (1.88%) azdır. 2017-cı ilə nisbətən gəlirliliyin aşağı olmasının əsas səbəbi kimi səhm bazarlarında mənfi gəlirliliyin qeydə alınmasıdır.
Fondun investisiya portfelinin lokal valyutada gəlirliliyi 0.35% təşkil etmişdir ki, sözügedən göstəricidə ən böyük pay borc öhdəlikləri və pul bazarları altportfelinin olmuşdur (0.68%). Gəlirliliyə növbəti böyük töhfə isə daşınmaz əmlak altportfeli tərəfindən verilmişdir (0.54%). Bununla belə səhm altportfelində ümumilikdə mənfi gəlirlilik (baxmayaraq ki, səhmlərə investisiya qoyan pay fondları müsbət fərdi gəlirliliyə sahib olmuşdur) qeydə alınmaqla ümumi gəlirlilikdə mənfi pay müşahidə edilmişdir (-0.87%)”, - rəydə bildirilir.
Rəydə bildirilir ki, Fondun valyuta portfeli təhlil edilərkən müəyyən edilmişdir ki, Fond əsasən dayanaqlı investisiyalara üstünlük verməklə yanaşı dayanaqlı valyutası olmayan ölkələrin də valyutalarına investisiyalar etmişdir:
‘Xüsusilə türk lirəsinə və rus rubluna qoyulan investisiyaların dəyərdən düşməsi Fondun gəlirliyinə (ABŞ dollarında ifadə edilən) mənfi təsir göstərmişdir. Ümumilikdə isə, valyuta portfeli üzrə qoyulan investisiyaların böyük hissəsi yüksək reytinqli dayanaqlı investisiyalarla müşahidə edilmişdir ki, bu da əsasən özündə konservativ yanaşmanı əks etdirmişdir. Başqa sözlə bu yanaşma vəsaitlərin qorunub saxlanmasına xidmət etməklə yanaşı gəlirliyin azalmasını (müvafiq olaraq aşağı risk götürməni) özündə ehtiva edir. 2018-ci ildə dünyada qiymətli kağızlar bazarı təlatümlər və dalğalanmalarla müşahidə edilmişdir. Bu dalğalanmalardan qorunmaq və ya ondan gələn zərəri azaltmaq məqsədilə riskli investisiyalara yatırımlar azaldılmalıdır ki, gəlirliyə təsiri minimallaşdırılsın. 2018-ci il üzrə Fondun avroda ifadə edilən müvafiq subportfelinin tərkibcə əsasən korporativ istiqrazlardan təşkil olunmasının və yüksək spred durasiyasına (6 aylıq EURİBOR müddəti ilə müqayisədə) malik olmasının nəticəsi olaraq maliyyə bazarlarında artan ümumi kredit spred fonunda sözügedən subportfelin gəlirliyinə bençmarkla müqayisədə daha çox mənfi təsiri olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq Fondun investisiya portfelinin idarəedilməsinin təkmilləşdirilməsi məqsədilə sabit qiymətli kağızlar alt portfeli üzrə mövcud hədəf gəlirliyinin yenisi (risk və gəlirlilik profili nəzərə alınaraq ssenari təhlilləri aparılmaqla) ilə əvəz olunması istiqamətində müvafiq işlərin görülməsi məqsədəuyğun olardı. Eyni zamanda, qeyd olunan yanaşma dövrü olaraq portfelin orta kredit reytinqinin yaxşılaşdırılması və dürasiyanın yüksəldilməsinə xidmət etmə ehtimalını artırır”.
Qeyd edək ki, 2018-ci ilin 31 dekabr tarixinə Fondun aktivləri ABŞ dolları ifadəsi ilə ilin əvvəlinə nisbətən 2 milyard 708,7 milyon ABŞ dolları və yaxud 7,6 faizə qədər artaraq 38 milyard 515,2 milyon ABŞ dolları təşkil etmişdir.
Ötən ilin sonunda Fondun cəmi investisiya portfeli 38 milyard 514 milyon 706 min dollar təşkil edib.