Rusyada adambaşına düşən sərvətlərin həcmi inkişaf etmiş ölkələrin göstəricisindən 4 dəfə azdır. FED.az xəbər verir ki, bu barədə Dünya Bankının «Rusiya nə qədər varlıdır?» hesabatında deyilir. Hesabatda bildirilir ki, özündə inkişaf etmiş ölkələri birləşdirən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələrində insan kapitalı göstəricisinə çatmaq üçün Rusiyaya düzy 100 il lazımdır.
Hesabatda insan kapitalı, təbii sərvətlər, eləcə də xalis xarici aktivlərin vəziyyəti təhlil edilir. Bankın hesablamalarına görə, neft qiymətlərinin aşağı düşməsi və real gəlirlərin azalması Rusiyada bu göstəricilərin artımını zəiflədib. Belə ki, 2000—ci ildən 2017-ci ilədək Rusiyanın ümumi sərvətləri 73% artaraq 753 trilyon ruöldan 1306 trilyon rubla çatıb. Adambaşına düşən göstərici isə 76% artaraq 8,9 milyon rubla (152 min dollara) yüksəlib.
Amma belə artıma baxmayaraq, bu məbləğ sadə avropalının sərvətlərinin cəmi dörddə birini təşkil edir. Dünya Bankının Rusiya üzrə baş iqtisadçısı Apurva Sanqi bildirir ki, insan kapitalının orta sürətlə (ildə 3,5%) artımı şəraitində Rusiyanın Avropaya çatması üçün 50 il, insan kapitalının aşağı sürətlə (ildə 1,8%) artması halında isə Rusiyanın Avropaya çatmasına 100 il vaxt tələb olunur.
Ekspertlər Rusiya hökumətinə tövsiyə edirlər ki, təhsil və səhiyyət sektorundakı islahatlar vasitəsilə insan kapitalını yüksəltsinlər. İstehsalı yüksəltmək üçün isə kartel sövdələşməsinin qarşısını almaq və rəqabətli neytralitet üsulunu tətbiq etsinlər. Dünya bankının daha iki tövsiyəsi bərpa olunan sərvətlərə (ilk növbədə meşələrə) aiddir. Bankda hesab edirlər ki, Rusiya hökuməti ölkənin sərvətlərindən gələn faydaları öz vətəndaşları arasında daha yaxşı bölüşdürməlidir. Belə ki, hazırda Rusiyanın bütün maliyyə aktivlərinin 89%-i, əmanətlərin 92%-i və nağd yığımların 89%-i ölkənin ən varlı 3% əhalisinin payına düşür.