İnnovasiya – müxtəlif fəaliyyət sahələrinə yeniliklərin tətbiqi deməkdir. Texnoloji həllər bu gün dövlət idarəçiliyinin bütün sahələrində geniş istifadə olunur. Onlar cəmiyyətə əhəmiyyətli dəyişikliklər gətirərək, əksər hallarda müxtəlif prosedurları asanlaşdırır. Lakin hər bir yeniliyin tətbiqi cəmiyyətdə birmənalı olaraq qarşılanmır və müxtəlif suallarla müşayiət olunur.
Bu gün söhbət tətbiq ediləcəyi bir il əvvəl məlum olan, praktik olaraq isə bu ilin əvvəlindən istifadəyə verilən "Smart Customs" həllindən gedəcək. "Smart Customs" haqqında bir çox şey söylənilsə də, onun istifadə qaydaları istehlakçılarda hələ də müəyyən suallar doğurur.
FED.az bununla bağlı APA-nın hazırladığı məqaləni təqdim edir:
Xatırladaq ki, ötən il qüvvəyə minən qərara əsasən, vətəndaşlar xaricidən ölkəyə dəyəri 300 ABŞ dollarından yuxarı olan məhsulu gətirdikləri zaman malın dəyəri ilə bağlı gömrük bəyannaməsi təqdim etməlidirlər. Belə ki, 300 dollardan yuxarı olan məbləğdə malın dəyərinə görə də həm ƏDV həm də gömrük rüsumu tətbiq edilir. 300 dollaradək gətirilən mallara görə isə gömrük bəyannaməsi təqdim etməyə ehtiyac yoxdur.
Bununla bağlı həm vergi qanunvericiliyinə, həm də gömrük qaydalarına görə, daşıma şirkəti özü bəyannamə vermə öhdəliyinə malikdir. 300 dollardan yuxarı dəyərində olan mala isə istehlakçı özü bəyannamə təqdim etməlidir. Bu bəyannaməni təqdimetmə prosesin asanlaşdırılması və şəffaflaşması məqsədilə bu il yanvarın 1-dən etibarən "Sadələşdirilmiş Bəyannamə – Elektron Ticarət" ("Smart Customs") layihəsinin tətbiqinə başlanılıb ki, onun vasitəsi mal gətirən şəxslər öz malları ilə bağlı bəyannamələri gömrük məntəqəsinə getmədən yerinə yetirə bilirlər.
Layihə mobil və veb-formatda fəaliyyət göstərir. Bu yenilikdən faydalanmaq üçün şəxslərin mobil telefon və ya kompüterə yüklədiyi "Smart Customs" tətbiqi vasitəsilə "ASAN login"lə qeydiyyatdan keçərək şəxsi kabinet yaratması kifayətdir.
Sifarişin məbləği və miqdarı qanunvericilikdə nəzərdə tutulan limiti keçdiyi zaman müvafiq gömrük ödənişləri əvvəlcədən elektron qaydada həyata keçirilərsə, bu halda gömrük orqanına gəlməyə ehtiyac yoxdur. Belə ki, sifariş edilən bağlama maneəsiz olaraq birbaşa qeyd olunan ünvana çatdırılacaq. Bütün prosesləri internetə çıxışı olan istənilən məkanda kompüter və ya mobil telefon üzərindən həyata keçirmək mümkündür.
Bəyannamə necə təqdim edilməlidir?
İstifadəçi "ASAN login"lə identifikasiya kodunu və şifrəni daxil etməklə "daxil ol" düyməsini sıxaraq sistemə giriş əldə edir. Xidmətlər bölməsinin alt sağ tərəfində "profil bağlılığını" seçərək istifadə ediləcək dili seçmək olar. Seçim başa çatdıqdan sonra xidmətlər bölməsindəki "Sadələşdirilmiş bəyannamə – elektron ticarət" bölməsi seçilir. Bu zaman sifarişlərin miqdarı barədə məlumat ekranda öz əksini tapacaq ki, bu da sifarişlərin tənzimlənməsində yardımçı olacaq.
Daha sonra "Yeni bəyannamə" düyməsi sıxılaraq 4 mərhələdən ibarət bəyanetmə prosesinə start verilir.
Birinci mərhələdə bəyannaməyə aid məlumatlar sistem tərəfindən avtomatik olaraq təmin olunur. Məlumatlar doğru olduğu təqdirdə "Növbəti" düyməsini seçərək ikinci mərhələyə başlamaq olar. İkinci mərhələdə müvafiq bölmələrə malın izləmə kodu, poçt və ya daşıyıcı şirkətin adı, göndərən ölkə, satıcı və ya alış ünvanını daxil edərək "Növbəti" düyməsi basılır.
Üçüncü mərhələdə mallara dair məlumatlar daxil edilməlidir. Əvvəl malın daxil olduğu əsas qrup, daha sonra isə altqrup qeyd olunur. Malın gömrük dəyəri, yəni invoys qiyməti və daşınma xərcini toplayaraq daxil edildikdən sonra, valyuta növü, miqdarı və ölçü vahidi barədə məlumatlar sistemə daxil edilir. Bütün qrafalar doldurulduqdan sonra açılan pəncərələrdə ümumilikdə gömrük ödənişlərinin, eyni zamanda idxal gömrük rüsumunun və ƏDV-nin miqdarını görmək olar. "Təsdiq et" düyməsinə basmaqla bəyannamə sistemə göndərilir.
Qeyd edək ki, bir bağlamada bir neçə mal varsa, üçüncü mərhələdə "Təsdiq et" düyməsini basmazdan əvvəl "Əlavə et" düyməsini istifadə edərək digər malları seçə və bir neçə mal bəyannaməyə daxil etmək olar. Nəhayət, "Tamamla" düyməsini sıxmaqla proses başa çatdırılır.
Bəyan etmə prosesində daxil olunan məlumatlar yanlış olduğu təqdirdə, mallar gömrük sərhədini keçmədən bəyannamədə düzəliş etmək imkanı var. Bunun üçün bəyannaməni silərək yenidən tərtib edilməlidir. Bəyannamələrin silinmə prosesi, son yazılan bəyannamədən etibarən tək-tək mümkündür. Yəni sonuncu bəyannaməni silmədən, ondan öncəkini silmək mümkün deyil.
Qeyd edək ki, 300 dollar limiti aşan və buna görə də müvafiq gömrük ödənişlərini həyata keçirildiyi təqdirdə, bəyannamədə düzəliş etmək mümkün olmayacaq.
"Smart Customs" elektron ticarətin daha şəffaf və sürətli şəkildə həyata keçirilməsinə, xidmət səviyyəsinin yüksəldilməsinə, vaxt itkisinin aradan qaldırılmasına, şəffaflığın təmin olunmasına, gömrük statistikasının düzgün qurulmasına, mövcud resurslardan səmərəli şəkildə istifadə edilməsinə şərait yaradır.