Brüsseldə səfərdə olan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyəti Avropa Komissiyasının Sağlamlıq və Qida Təhlükəsizliyi (DG-Sante) Baş Direktorluğunun rəhbəri Ann Buşer ilə görüşüb.
FED.az xəbər verir ki, görüşdə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli rəhbərlik etdiyi qurumun strukturu, missiyası və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verərək əhalinin sağlam qida məhsulları ilə təmin olunması üçün agentlik tərəfindən həyata keçirilən tədbirlərdən danışıb. Bildirib ki, ölkəmizdə qida təhlükəsizliyinə nəzarət sistemini təkmilləşdirmək, bu sahədə şəffaflığı daha da artırmaq, pərakəndəliyi və təkrarlanmaları aradan qaldırmaq, habelə qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi sahəsində və "tarladan süfrəyədək" prinsipi əsasında məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq qida məhsulları istehsalının bütün mərhələlərində dövlət nəzarəti tədbirlərini həyata keçirmək agentliyin əsas vəzifələrindəndir. Qida məhsullarının ilkin istehsalı, tədarükü, emalı, qablaşdırılması, saxlanılması, daşınması kimi qida zəncirinin bütün mərhələlərində yoxlamalar və dövlət nəzarəti tədbirləri AQTA tərəfindən həyata keçirilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sahibkarlıq fəaliyyəti subyektlərində risk səviyyəsindən asılı olaraq planlı və plandankənar yoxlamalar aparılır.
Avropa Komissiyasının Sağlamlıq və Qida Təhlükəsizliyi Baş Direktoratlığının rəhbəri Ann Buşer rəhbərlik etdiyi qurum haqqında məlumat verərək qeyd edib ki, Avropa İttifaqının qida məhsullarının təhlükəsizliyi, həmçinin istehlakçıların hüquqları və insanların sağlamlığının qorunması sahəsində hüquqlara riayət edilməsinə görə məsuliyyət daşıyır. Baş Direktorluq Avropa İttifaqına üzv olmayan ölkələrdən idxal olunan qida və yem məhsullarının təhlükəsizliyinə nəzarət edir, bu məqsədlə müvafiq olaraq audit yoxlamaları həyata keçirir, Avropa standartlarını dünyada təşviq edir və tətbiqini stimullaşdırır.
Görüşdə AQTA-nın ölkəmizdə baytarlıq, fitosanitar və qida təhlükəsizliyi sertifikatını verən səlahiyyətli qurum olması barədə məlumatın Avropa İttifaqının üzv ölkələrinə göndərilməsi, qida məhsullarının Avropa İttifaqının üzv ölkələrinə ixracı üçün sistemin yaradılmasına köməklik göstərilməsi, qida təhlükəsizliyi üzrə nəzarət yoxlamaları ilə bağlı Avropa İttifaqı təcrübəsinin öyrənilməsi, ölkəmizin ixrac potensialının artırılması, eləcə də baytarlıq məhsullarının Avropa İttifaqına ixracı üzrə müvafiq danışıqların davam etdirilməsinə dair müzakirələr aparılıb.