Qablaşdırma və qiymət dəyişməz saxlanılır, lakin məhsulun çəkisi azaldılır.
“Supermarketlərdə yenə həmin oyunlar oynanılır”
FED.az xəbər verir ki, son günlər marketlərdə satılan bir çox qida və qeyri-qida məhsullarının qiymətinin eyni qaldığı, amma qramının günü-gündən "əridiyi" müşahidə olunur.
Bəzi şirkətlər guya qiymətləri artırmadıqları görüntüsü yaratmaq üçün "çəki oyunu" oynayırlar. Məqsəd istehlakçı qavrayışından istifadə edərək satışlarını qoruyub saxlamaqdır. İstehlakçıya qiymət eyni görünsə də, aldığı məhsul eyni çəkidə deyil.
Marketlərdəki müşahidələrə görə, bir sıra yerli və xarici istehsalçılar məhsullarının çəkisini azaldıblar, amma qiyməti sabit saxlayıblar. Məsələn, yerli iri qida məhsulları istehsalçılarından biri əvvəllər 500 qram qablaşdırmada satdığı çanaq pendiri məhsulunu hazırda 400 qram qablaşdırmada təklif edir, amma qiymət çəkinin azaldılması ilə bərabər azaldılmayıb.
Dünya şöhrətli təmizlik vasitələri istehsalçısı əvvəllər 500 qramlıq saç şampunu məhsulunun qablaşdırılması əvvəlki boyda saxlayıb, çəkisini isə 360 qrama endirib. Məhsulun qiymətini azalan çəkiyə mütənasib endirməyib. Həmin şampun məhsulunun qabı az qala yarıyadək boşdur, hətta məhsulun qapağını açıb diqqətlə baxan müştərilər şampunun yarısının götürüldüyündən şübhələnirlər.
MƏQSƏD İSTEHLAKÇINI ÇAŞDIRMAQDIR
Mütəxəssislər bildirirlər ki, məhsulun qablaşdırılmasını böyük saxlamaqda və içərisindəki məhsulun çəkisini azaltmaqda məqsəd istehlakçını çaşdırmaqdır. Böyük qablaşdırma vətəndaşlarda daha çox çəki təsəvvürü yaradır. Adətən qiymətlər sürətlə artan zaman qida istehsalçıları bu üsula əl atırlar. Azərbaycanda devalvasiyalar zamanı bir sıra şirkətlər "çəki oyunundan" geniş istifadə etmişdilər.
Mütəxəssislər isə vətəndaşlara xəbərdarlıq edir ki, alış-veriş edərkən bu vəziyyətə aldanmasınlar, məhsulun üzərindəki çəkisi ilə qiymətini müqayisə etsinlər.
Digər bir problem, alıcıların çəkini (məhsulun qramını) görməmələri üçün onun kiçik yazılmasıdır. Başqa bir problem isə, məhsulun çəkisinin üzrərində yazılan qram ilə üst-üstə düşməməsidir. Məsələn, üzərində çəkisi 360 qram yazılan məhsul 10-40 qram əskik gələ bilir. (Marja)