Doğulub boya başa çatdığım Ağdamla yanaşı, hazırda yaşadığım Nəsimi rayonu da mənim üçün əziz rayondur. Danılmaz faktdır ki, bu rayonda son illər aparılan işlər, həyata keçirilən layihələr dövlət başçısının bilavasitə tapşırıq və göstərişləriylə Nəsimi RİH tərəfindən uğurla icra olunur. İstər rayon ərazisindəki onlarca “Abad həyət” layihələrinin icrası, istərsə də yeni parkların salınması və olanlarda əsaslı təmir işlərinin aparılması diqqəti çəkir.
Ancaq etiraf edilməlidir ki, rayon ərazisində görüləsi işlər hələ çoxdur. Elə icra hakimiyyətinin inzibati binasının yaxınlığında olan parklara göz dəzdirmək kifayətdir ki, bu çatışmazlıqları görəsən.
Yazıda əsas məqsəd bir QHT sədri və sakin olaraq rayonda aparılan bəzi işlərlə bağlı öz təklifimizi verməkdir.
İlk olaraq qeyd edim ki, Nəsimi RİH-in inzibati binasının yaxınlığında yaşasamda oranı “su yolu” salmamışam. Açığı bu günlərdə kollektiv müraciətlə bağlı rəsmilərə etdiyim virtual müraciətin cavabsız qalması məni elədə narahat etmədi. Çünki, artıq problem şəxsi əlaqələr vasitəsiylə öz həllini tapmışdı. Ancaq rayonda müşahidə etdiyim bir məqamla bağlı sözümü deməyi özümə borc bilirəm.
Nəsimi RİH-in başçısı Asif Əsgərov ötən ildəki səyyar görüşlərinin birində Nəsimi rayonunda 32 layihə razılaşdırıldığını və artıq 23 layihə üzrə söküntü-tikinti işləri aparıldığını bildirmişdi. Hazırda pilot layihələrin icrasıyla bağlı ciddi işlərin aparıldığı göz önündədir. Bu gün rayonun mərkəz küçəsi olan Eldar Tağızadə küçəsiylə Mirəli Qaşqay və Azadlıq prospektinin kəsişməsindən başlamış adıçəkilən küçələrin Süleyman Rəhimov küçəsinədək olan hissəsində 14 yerdə tikinti işləri aparılır. Onların ikisində artıq işlərin tamamlandığını, səkkiz yerdə işlərin sürətlə getdiyinin, lakin 4 yerdə isə söküntü qurtarsada nədənsə işlərin aparılmadığını görmək olar.
Hər halda pilot layihələrin icrası ilk növbədə o ərazidə yaşayan sakinlərin həyat şəraitinin yaxşılaşmasına yönələn bir addımdır. Prezident tərəfindən bu istiqamətə yaşıl işığın yandırılması, bu işlərdə hər bir addımın ölçülü-biçili atılması təqidrəlayiq bir haldır. Həqiqətən bu ərazidəki evlərin kifayət qədər şəraitsiz olması göz qabağında idi. Bununla bağlı mənim diqqətimi çəkən başqa bir məqamdır. Yəni, bu ərazidə inşa edilən binaların demək olar ki, hər birinin minimum 18 mərtəbəli olmasıdır.
Yəni beş ildən sonra adıçəkilən küçələrdə tam məskunlaşma aparılsa, onda indikiylə müqayisədə birə on beş nisbətdə əhalinin olacağını ehtimal etmək olar. Üstəlik, 18 mərtəbədən əlavə hər binanın 2-3 mərtəbəsi ya ofis, ya da alış-veriş mərkəzi üçün indidən ayrılıb. Yəni ərazidə hərtərəfli sıxlığın olacağını, xüsusəndə ictimai nəqliyyatın hərəkətində dözülməz vəziyyətin yaranacağını indidən proqnoz vermək olar. Yaxşı bəs, layihəyə rəy verilərkən və “bəh-bəh”lə təsdiq edilərkən ərazinin urbanizasiya məsələsi nəzərə alınmışdımı? Habelə ərazidə əhalinin sayının artmasıyla yanaşı, kommunikasiya xəttlərinin keçiriciliyi, o cümlədən avtomobillərin sayının artması nəzərə alınıbmı?
Hazırda ərazidə apardığımız müşahidələr göstərir ki, adıçəkilən küçələrin və səkilərin ölçülərində hər hansı dəyişikliyin olacağı hiss olunmur. Başqa bir məsələ isə mansard sahələrin yaşayış sahəsi kimi satışa çıxarılmasıdır. Mansard hissədən mənzil alıb yaşayan şəxslər, gələcəkdə onu yaşayış sahəsi kimi özəlləşdirə bilmir, çünki layihədə həmin ərazİlər qeyri-yaşayş sahəsi kimi qeyd edilib. Bununla yanaşı 18 mərtəbə əvəzinə layihədən kənar daha bir və ya iki mərtəbə artıq tikiləcəyini də istisna etmək olmaz.
Qısası, sözüm ondadır ki, müvafiq qurumlar, o cümlədən Nəsimi RİH-in rəsmiləri bu işə nəzarəti indidən artırmalıdırlar. Əks halda beş-on ildən sonra şəhərin bu hissəsində sıxlıqdan nə yaşamaq, nədə hərəkət etmək mümkün olmayacaq.