Azərbaycanın qeyri-neft məhsullarının ixracında nar mühüm yer tutur. Nar aqrar sahə üzrə ölkənin əsas strateji məhsullarından biri hesab edilir. Lakin nar istehsalında, ixracında, satışında, fermerlər və sahibkarlar bir sıra problemlərlə üzləşirlər. Bununla yanaşı, ölkədə yeni nar bağlarının salınması məsələsi də gündəmdədir.
Eləcə də bax: Bu il Azərbaycan 1 400 tondan çox - Nar İxrac Edib
FED.az xəbər verir ki, mövcud problemlər və problemlərin həlli, gözlənilən yeniliklərlə bağlı Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının (ANİİA) sədri Fərhad Qaraşov müsahibə verib.
F.Qaraşov ötən il ölkədə nar istehsalında məhsuldarlığın qeydə alındığını deyib: “2020-ci ildə Azəraycanda təqribən 182 min ton nar istehsal edilib. Bunun da təqribən 11 %-i (19 min tonu) ixrac edilib və nar meyvəsinin ixracından təqribən 24 milyon ABŞ dolları dəyərində, nar şirəsi isə təqribən 25 milyon ABŞ dolları dəyərində gəlir gətirib”.
Onun sözlərinə görə, nar əsasən Rusiya, Ukrayna bazarlarına ixrac edilib: “Bu bazarlarda məhsulumuzun satış qiyməti yüksək olub. Koronavirus pandemiyası nara olan tələbi artırıb. Çünki bu meyvənin tərkibində yüksək antioksidant var və virusla mübarizədə effektiv təsir göstərir”.
Yeni ixrac bazarları və çətinliklər
F.Qaraşov nar ixracında yeni bazarları araşdırdıqlarını bildirib: “Qatara, BƏƏ-yə məhsullarımızın ixracı ilə bağlı maraqlarımız var. Lakin BƏƏ-də satış bizə maya dəyərindən ucuz qiymətə başa gəlir. Çünki Hindistandan BƏƏ-yə nar daha ucuz qiymətə ixrac edilir. Bizim məhsullarımız Hindistan məhsulları ilə müqayisədə daha keyfiyyətlidir. Hazırda BƏƏ-yə ixrac həm logistika, həm də maya dəyəri baxımından sərfəli deyil”.
Mövcüd problemlər
Assosiasiya sədri əlavə edib ki, narın Avropa ölkələrinə ixracını genişləndirmək mümkündür : “Avropada bizim narımız daha baha qiymətə satılar. Bu isə fermerlərin rifahına yaxşı təsir göstərər və bizim ixracımızı genişləndirər”.
O, hazırda fermerlərin üzləşdiyi əsas problemlərdən danışıb: “Fermerlərin hazırda əsas problemlərindən biri kadr çatışmazlığıdır. Bu sahədə demək olar ki aqronomlar yoxdur. Digər problem isə maliyyə resurslarına çıxış imkanlarının məhdudluğudur”.
F.Qaraşov qeyd edib ki, fermerlərə subsidiyaların verilməsi çox gözəl addımdır: “Kənd Təsərrüfatı Nazirliyi deqradasiyaya məruz qalmış torpaqlarda əkin üçün birdəfəlik olaraq 5 min manat subsidiya verir. Bu, intensiv bağçılığa şamil edilir. Çox istərdik ki, deqradasiyaya məruz qalmış torpaqlar ifadəsi nar bağları ilə əvəz edilsin. Bu, ümumi nar bağlarına şamil edilərsə, fermerlərin inkişafına müsbət təsir göstərər”.
Qarabağda nar bağları
O, işğaldan azad edilmiş ərazilərdə salınacaq nar bağları ilə bağlı məlumat verib: “Azad edilmiş ərazilərdə nar bağlarının salınması nəzərdə tutulur. Ermənistanın işğalından əvvəl Ağdamda, Qubadlıda, Zəngilanda nar bağları mövcud idi. Lakin hazırda nar bağlarının hansı ərazilərdə salınması ilə bağlı aidiyyəti qurumlar məlumat verəcək. Bütün məsələlər yəqin ki, minatəmizləmə ilə bağlı problem həll edildikdən sonra həyata keçiriləcək. Hökumətin bu istiqamətdə təkliflərini verməsini gözləyirik”.
Qeyd edək ki, Azərbaycan nar müxtəlifliyi və nar sortlarının miqdarına görə dünyada birinci yerdədir. Respublikada “Çəhrayı gülöyşə”, “Bala Mürsəl”, “Azərbaycan gülöyşəsi”, “Nazik qabıq”, “Vələs”, “İri gilə” və s. sortlar becərilir. Hazırda narın əkin sahəsi respublika üzrə təxminən 23 min hektarı keçib. (Report)