Son illər Azərbaycanda həyata kesirilən özəlləşdirmə prrosesində ciddi canlanma müşahidə edilir. Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) hər həftə keçirilən özəlləşdirmə hərraclarında onlarla əmlaklar satışa çıxarılaraq investorlara satılır. Əmlakların sayı ilə yanaşı, çeşidi də böyükdür. Hərraclarda istifadəsiz daşınmaz əmlaklardan tutmuş, fəaliyyətdə olan iri müəssisələrin səhm paketinə və avtoombillərə qədər müxtəlif əmlaklara sahib olmaq mümkündür.
Paralel olaraq iri özəlləşdirməyə də start verilib. Dövlət başçısının fərmanı və Nazirlər Kabinetinin müvafiq qərarları ilə özəlləşdirməyə çıxarılacaq iri müəssisələrin siyahısı hazırlanıb və onlar mərhələlərlə özəlləşdirməyə çıxarılırlar.
Bu sahədə hansı yeniliklər gözlənilir? Özəlləşdirmənin daha effektiv olması və bura geniş investor təbəqəsinin cəlb edilməsi üçün hansı addımlar atılır?
FED.az xəbər verir ki, Azərbaycanda özəlləşdirmə prosesi, burada tətbiq edilən yeniliklər və nəzərdə tutulan planlarla bağlı "Daşınmaz Əmlak" jurnalının suallarına Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) Strateji özəlləşdirmənin təşkili və investisiyaların cəlb edilməsi şöbəsinin müdiri Yalçın Camalov cavab verir.
- Yalçın müəllim, hökumətin özəlləşdirmə prosesində hədəflədiyi əsas məqsəd nədir? (yeni iş yerləri, investisiya cəlbi, satış hesabına büdcəyə vəsait cəlb etmək və s.)
- Özəlləşdirmə prosesi nəticəsində büdcəyə vəsait cəlb etmək hökumətin heç vaxt əsas məqsədi olmamışdır. Ümumiyyətlə özəlləşdirmə siyasətini həyata keçirən keçmiş postsosialist ölkələrinin heç birində özəlləşdirmənin strateji məqsədi büdcə gəlirlərinin artırılması olmamış, bu məqsəd müəyyən dövr üçün (1-2 il) aktual olmuşdur.
Azərbaycan Respublikasında həyata keçirilən özəlləşdirmə prosesinin ilkin mərhələsində məqsəd bazar iqtisadiyyatına keçidin dönməzliyinin və sosial ədalət prinsipinin təmin edilməsi olmuşdur.
Bu məqsədlərə həmin mərhələdə nail olunmuş, müəssisələrin tənəzzülə uğramasının qarşısı alınmış, iqtisadiyyatımız inhisarsızlaşdırılmış, əmək kollektivi üzvlərinə müvafiq güzəştlər tətbiq edilməklə, onların səhmdar və payçı olması təmin edilmişdir.
Hazırkı mərhələdə isə başlıca məqsəd iqtisadiyyatın canlanması, istehsal müəssisələrinin fəaliyyətinin bərpası, yeni iş yerlərinin yaradılması və bu məqsədlə ölkəyə investisiyaların cəlb edilməsindən ibarətdir. Müəssisələrin fəaliyyəti bərpa olunduqca, dövlət büdcəsinin vergi və müxtəlif məcburi ödəniş və rüsumlar qismində daxilolmaları da artmaqdadır.
- Son bir ildə ölkə rəhbərliyinin özəlləşdirməyə diqqəti bir qədər də artıb. Bu özəlləşdirmənin aktivliyinə necə təsir edib?
- Bəli, Azərbaycan Respublikası Prezidentinin dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi ilə bağlı imzaladığı 19 iyul 2016-cı il tarixli 1003 nömrəli Fərmana əsasən Nazirlər Kabinetinin 21 oktyabr 2016-cı il tarixli 550s Sərəncamı ilə bir sıra müəssisə və obyektlər özəlləşdirilməyə açıq elan olunub. Eyni zamanda, özəlləşdirmə prosesində yeni, daha müasir və mütərəqqi yanaşmaların tətbiqi, şəffaflığın artırılması, xidmətlərin elektronlaşdırılması ilə əlaqədar tapşırıqlar da olub.
Bu istiqamətdə komitə tərəfindən bir çox işlər görülüb, müəssisələr haqqında ən geniş məlumatları Azərbaycan və ingilis dillərində özündə əks etdirən Özəlləşdirmə Portalı yaradılmış, müxtəlif xidmətlər elektronlaşdırılmış, məsləhətçi şirkətlərin xidmətlərindən daha geniş istifadə təmin olunmuş, dövlət əmlakının satışı və müsabiqə şərtlərinin müəyyən edilməsi prosesində qiymətləndirmənin beynəlxalq norma və standartlar əsasında tətbiqinə başlanılmışdır.
- Bəs hazırda özəlləşdirmədə hansı yeniliklər, yeni yanaşmalar tətbiq edilir?
- Yeni yanaşmaların tətbiqi ilə əlaqədar diqqətinizə çatdırmaq istərdim ki, hazırkı mərhələdə özəlləşdirilən dövlət əmlakı müstəqil qiymətləndiricilər və məsləhətçilər cəlb olunmaqla bazar prinsipləri əsasında qiymətləndirilir və açıq hərraclar və investisiya müsabiqələri vasitəsi ilə satışa çıxarılır.
Yeni yanaşmalara uyğun olaraq, artıq 60-a yaxın hərrac keçirilmiş, bu hərraclarda 1500-dən artıq dövlət əmlakı satışa çıxarılmışdır.
- İş adamlarının, sahibkarların və əhalinin də özəlləşdirməyə marağını artırmaq üçün bundan sonra, əlavə hansı yeniliklər tətbiq ediləcək?
- Hazırda qarşıya qoyulan əsas hədəf hərracların onlayn rejimdə elektron keçirilməsinin təşkilidir ki, bu istiqamətdə də işlər aparılmaqdadır. Eyni zamanda, müəssisələrin özəlləşdirilməsinə xarici investorların daha geniş miqyasda cəlb edilməsi üçün ən əlverişli investisiya mühitinin yaradılması baxımından, yeni özəlləşdirmə üsullarının tətbiqi, mövcud üsulların sadələşdirilməsi, özəlləşdirməqabağı sağlamlaşdırma və restrukturizasiya, özəlləşdirilən müəssisələrin dövlət büdcəsinə və büdcədənkənar dövlət fondlarına olan borclarının silinməsi, vergi, gömrük və tarif güzəştlərinin tətbiqi, özəlləşdirilmiş müəssisələr dövlət dəstəyi tədbirlərinin göstərilməsi və digər imtiyazlar hazırda müzakirə edilir.
- Son illər Azərbaycan qeyri-neft sektorunun inkişafı, ölkədən ixracın artırılması və rəqabət qabiliyyətli məhsul istehsalını əsas prioritet kimi müəyyən edib. Hazırda özəlləşdirməyə çıxarılan müəssisələr bu hədəflərə çatmaq üçün nə qədər əlverişlidir?
- Hazırda istər hərraclar vasitəsi ilə səhmləri satışa çıxarılan səhmdar cəmiyyətləri, istərsə də investisiya müsabiqəsi vasitəsi ilə özəlləşən müəssisələr əsasən qeyri-neft sektoruna aid müəssisələrdir ki, həmin müəssisələrə qoyulan investisiyalar, açılan iş yerləri və bərpa olunan istehsal prosesləri qeyri-neft sektorunun inkişafına birbaşa təsir göstərir. Bu müəssisələr əsasən regionlarda yerləşir və strateji yol xəritələri ilə müəyyən edilmiş prioritet sektorlara aiddir.
- Özəlləşdirmə hərraclarında sahibkarların iştirakı və buradakı rəqabət səviyyəsi ƏMDK-ni qane edirmi?
- Deməzdim ki, tam, amma ümumən qane edir. Yuxarıda qeyd olunduğu kimi, yeni yanaşmalar əsasında artıq 1500-dən artıq dövlət əmlakı hərraclara çıxarılıb və həmin hərraclardakı iştirakçıların fəallığı kifayət qədər yüksəkdir. 47 halda isə, hərraclar rəqabətli şəkildə həyata keçirilərək, müvafiq müəssisə və obyektlər start qiymətindən xeyli artıq qiymətə satılmışdır.
- Özəlləşdirilən müəssisənin təyinatı dəyişdirilə bilərmi?
- Hərraclar vasitəsilə özəlləşdirilən dövlət müəssisələrinin təyinatı bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq dəyişdirilə bilər. Bu zaman alıcılar (sahibkarlar) tərəfindən istehsal olunan məhsula tələbat, yəni onun bazarının olması əsas götürülür. Təbii ki, bazarı olmayan məhsulu heç kim istehsal etməz. Bu baxımdan, mülkiyyətçi və səhmdarlar müəssisənin təyinatının dəyişdirilməsində mövcud qanunvericiliyin tələblərinə riayət etmək şərti ilə sərbəstdirlər.
Digər tərəfdən, ölkə və ya regionun iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən, istehsal olunan məhsulları strateji əhəmiyyətə malik olan, çoxlu sayda vətəndaşımızın çalışdığı müəssisələrin profilinin dəyişdirilməsinə məhdudiyyət qoyula bilər. Bu tələb müvafiq dövlət əmlakının satışı üzrə keçirilən investisiya müsabiqəsinin şərtlərində əksini tapır.
Eyni zamanda, mövcud qanunvericiliyə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda, habelə dövlət elmi, xalq bədii sənət, gənclərin təhsili, asudə vaxtının təşkili, fiziki və mənəvi inkişafı, bədən tərbiyəsi və idman müəssisə, obyekt və qurğularının özəlləşdirilməsi zamanı müəyyən müddətə fəaliyyət profilinin saxlanılması şərti irəli sürülə bilər.
Özəlləşdirilən müəssisələrə güzəşt və imtiyazlar verilə bilər – MÜSAHİBƏ
10:10
25 Yan 2018