FED.az iqtisad üzrə fəlsəfə doktoru, dosent Elşən Bağırzadənin məqaləsini təqdim edir.
Orta təbəqə (ing. middle class), bir çox ictimai elm tərəfindən mühüm tədqiqat mövzularından biri kimi qəbul edilsə də, indiyə qədər bu anlayışa vahid tərif verilə bilməmişdir. Mövzu ilə bağlı aparılan tədqiqatların əksəriyyəti sosioloqlara aiddir və bu tədqiqatlar da uzun müddət əsasən ABŞ-dakı orta təbəqəni əhatə etmişdir. ABŞ-da orta təbəqənin geniş tədqiq edilməsinin əsas səbəbi isə Marksın kapitalizmlə bağlı irəli sürdüyü “cəmiyyətin tədricən proletarlaşaraq, burjua-proletar (və ya kapitalist-fəhlə) sinifi ziddiyyətlərinin kəskinləşəcəyi” proqnozunun özünü doğrultmadığını sübuta yetirmək olmuşdur.
Eləcə də bax:Ölkə əhalisinin düyüyə tələbatı 45 min tondan çoxdur - EKSPERT
Sonralar, xüsusilə də sonuncu dünya iqtisadi böhranından sonrakı dövrdə orta təbəqənin iqtisadiyyatdakı əhəmiyyətli rolu iqtisadçılar tərəfindən də qəbul edilməyə başlandı və onlar da istər ayrı-ayrı ölkələrdəki orta təbəqənin, istərsə də qlobal orta təbəqənin tədqiqi istiqamətində fəaliyyətlərini genişləndirdilər. Ancaq aparılan bu tədqiqatlara nəzər saldıqda, iqtisadçıların orta təbəqənin iqtisadiyyatdakı rolu ilə bağlı ümumi yanaşmalarının olduğunu görmək mümkün olsa da, orta təbəqə anlayışına münasibətləri haqqında bunu söyləmək çətindir. Belə ki, həmin tədqiqatlarda orta təbəqənin müəyyən edilməsi məqsədilə, əsasən mütləq və ya nisbi gəlir səviyyəsi kriteriyalarından istifadə edilir və bu zaman da gəlir səviyyəsi aralıqlarının təyin edilməsində çox fərqli yanaşmalar ortaya qoyulur. Bu yanaşmaların ən geniş yayılmışları aşağıdakılardır:
- Adambaşına düşən gəlirin 75-125%-i arasında gəlirə sahib olanlar;
- Adambaşına düşən gəlirin 75-200%-i arasında gəliri olanlar;
- Ən zəngin 20% əhali qrupu ilə ən yoxsul 20% əhali qrupuna aid olmayanlar;
- Adambaşına orta günlük gəliri/istehlakı 10-100 ABŞ dolları (SGP) arasında olan ev təsərrüfatlarında yaşayanlar;
- Adambaşına orta günlük gəliri/istehlakı 10-50 ABŞ dolları (SGP) arasında olan ev təsərrüfatlarının üzvləri;
- Adambaşına orta günlük gəliri/istehlakı 11-110 ABŞ dolları (SGP) arasında olanlar;
- Ev təsərrüfatlarında 3-cü və 6-cı gəlir desilləri arasında gəlirə sahib olanlar.
Əslində belə bir vəziyyətin yaranması, kifayət qədər də normal haldır. Çünkü, hər şeydən öncə, gəlir səviyyəsinə görə orta təbəqə müəyyənləşdirilərkən, seçilən gəlir səviyyəsi aralıqlarının bir çox hallarda zaman və məkan etibarilə fərqləndirilməsi zərurəti ortaya çıxa bilər. Belə ki, gəlir səviyyəsi aralıqlarının inflyasiya amili, ölkələrin inkişaf və daxili qiymət səviyyələrindəki müxtəlifliklər və digər bu kimi amillər nəzərə alınaraq fərqləndirilməsi mümkündür. Ancaq eyni zaman və məkanı əhatə edən müxtəlif tədqiqatlarda fərqli gəlir səviyyəsi kriteriyalarından istifadə edilməsi halları da geniş yayılmışdır ki, bu da orta təbəqə anlayışına vahid tərif verilməsini daha da çətinləşdirir.
Ədəbiyyatlarda orta təbəqə anlayışına ümumi və konkret bir tərif verilməmiş olsa da, bu təbəqəyə hansı əhali qruplarının daxil olduğu və onların hansı iqtisadi imkanlara sahib olduğu ilə bağlı müəyyən fikir birliyi mövcuddur. Belə ki, XIX əsrdə cəmiyyətin sinifi strukturunu təhlil edən marksist tədqiqatçılar orta təbəqə dedikdə, kapitalist, kəndli və fəhlə sinifinə aid olmayanları nəzərədə tuturdular. Marksistlərin “kiçik burjuaziya” adlandırdıqları bu təbəqəyə öz əməyinə əsaslanan və böyük istehsal vasitələrinə malik olmadıqlarından burjuaziya sinifinə daxil olmayan kiçik tacirlər və sənətkarlar kimi əhali qrupları aid edilirdi. Kapitalizmin sonrakı inkişaf mərhələlərində bu əhali qruplarına yeniləri də əlavə olundu və hazırda orta təbəqə, çoxlu sayda əhali qrupunu özündə birləşdirən sahibkar və maaşla işləyən orta təbəqələrdən ibarətdir. Sahibkar orta təbəqəyə əsasən kiçik tacirlər, sənətkarlar, emalatçılar, fermerlər və məişət xidmətçiləri və sərbəst işləyən peşəkarlar (diş həkimləri, vəkillər, rəssamlar, əczaçılar, müğənnilər, memarlar və.s) aid edilir. Maaşla işləyən orta təbəqəyə isə əsasən məmurlar, hakimlər, zabitlər və “ağ yaxalılar” (bilik işçiləri, menecerlər, ofis işçiləri və.s) daxildir. Təcrübə göstərir ki, ölkələrin inkişaf səviyyəsi yüksəldikcə, tədricən maaşla işləyən orta təbəqənin nisbi payı daha da artır. Belə ki, bilik iqtisadiyyatı və ya bilik cəmiyyəti, xüsusilə “ağ yaxalılar” deyilən əhali qrupunun sürətlə artımasına səbəb olur və bunları da bəzi tədqiqatçılar “yeni orta təbəqə” adlandırır.
Orta təbəqənin hansı iqtisadi imkanları var? Ədəbiyyatlarda bu suala verilən cavablarda oxşarlıq çoxdur. Bu istiqamətdə ən geniş yayılmış yanaşmaya görə, evə və avtomobilə sahib olmaq, səhiyyə və pensiya təminatı olmaq, yeni məişət avadanıqlarını ala bilmək, restoranlarda yemək yeyə bilmək, uşaqlarını oxuda bilmək və ailəvi tətilə çıxa bilmək orta təbəqə ailələrin sahib olduğu başlıca iqtisadi imkanlarıdır. Bu imkanları isə adətən ailənin hər iki başçısı eyni zamanda çalışaraq təmin edir.
Bəs iqtisadçılar orta təbəqənin tədqiqinə nə üçün maraq göstərirlər? Şübhəsiz ki, bu maraq, geniş əhali qrupunu, müxtəlif iqtisadi imkanları özündə birləşdirən orta təbəqənin iqtisadiyyatda oynadığı əhəmiyyətli və özünəməxsus roldan irəli gəlir. Bu rolu isə aşağıdakı istiqamətlər üzrə açıqlamaq mümkündür:
- Orta təbəqədə nə yoxsulluğun ümidsizliyi, nə də zənginliyin ifrat rahatlığı olmadığından, bu təbəqə iqtisadi baxımdan çox dinamik olur və iqtisadiyyatın da dinamikliyini təmin edir. Onlar adətən çalışqandır və cəmiyyətin dəyişiklik agentləri kimi yeniliklərə və təkmilləşmələrə açıq olmaları ilə seçilirlər;
- Orta təbəqə zənginlər və yoxsullarla müqayisədə ömürboyu təhsilə çox sıx bağlı olan təbəqədir və bu baxımdan da iqtisadiyyatın insan kapitalının başlıca mənbəyini təşkil edir. Orta təbəqə ailələrin övladları həyatlarını sürdürmələrinin və cəmiyyətdə layiqli yer tutmalarının əsas vasitəsi kimi adətən təhsili gördüklərindən daim təhsil səviyyələrini artırmağa çalışırlar;
- Kiçik sahibkarlıq subyektlərini özündə birləşdirən orta təbəqə iqtisadiyyatın çevikliyini təmin edən başlıca qüvvə hesab edilir. Təcrübə göstərir ki, istər dünya iqtisadiyyatında, istərsə də ölkə iqtisadiyyatında baş verən proseslərə kiçik sahibkarlıq subyektləri daha çevik reaksiya verirlər;
- Orta təbəqə məcmu tələbin başlıca formalaşma mənbəyi olduğundan iqtisadi artımın davamlılığının təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Araşdırmalar göstərir ki, orta təbəqə üzrə tələbin gəlir elastikliyi adətən 1-dən yüksəkdir və bu təbəqənin xüsusilə ev, avtomobil, məişət avadanlıqları kimi dayanıqlı mallara olan tələbi iqtisadi aktivliyin qorunub saxlanmasına böyük töhfə verir. Zəngin təbəqənin satınalma gücü yüksək olsa da, orta təbəqə qədər geniş miqyaslı, o cümlədən də inşaat, avtomobil, təhsil, səhiyyə kimi açar sektorları əhatə edən böyük həcmdə tələb yarada bilmir. Yoxsul təbəqənin tələbi isə əsasən zəruri istehlak mallarının istehsal olunduğu sektorlara təsir göstərir;
- Orta təbəqə daha keyfiyyətli və daha çeşidli mal və xidmətlərə üstünlük verməklə, markalaşmış, yüksək əlavə dəyər yaradan sektorların inkişafına səbəb olur. Təhsilli orta təbəqənin peşəkarlıq və keyfiyyətlə bağlı yüksək tələbləri firmaları müvafiq istehsal və marketinq investisiyalarına sövq edir;
- Orta təbəqə məcmu tələbin başlıca mənbəyi olmaqla yanaşı, məcmu yığımın da başlıca mənbəyidir. Bu ailələr ev, avtomobil, övladlarının təhsili, səhiyyə və pensiya təminatı üçün mümkün ölçüdə yığıma üstünlük verir və bu yığımlarını da əsasən qiymətli kağızlarda, banklarda, sığorta şirkətlərində və pensiya fondlarında saxlayaraq, iqtisadiyyatın investisiya imkanlarını genişləndirirlər;
- Orta təbəqə vergitutma bazasının əsasını təşkil etməklə, dövlətin vergi gəlirlərinin dayanıqlılığının təmin edilməsi baxımından böyük əhəmiyyət daşıyır. Bu təbəqə, həm çoxsaylı sahibkarlıq subyektləri, həm də maaşla işləyən əhali qrupuları vasitəsilə demək olar ki, bütün növ vergilərin başlıca ödəyicisi qismində çıxış edir;
- Nəhayət, orta təbəqə inkluziv iqtisadi artım üçün əhəmiyyətli olan demokratik institutları dəstəkləyən başlıca əhali qrupudur. Bu təbəqənin mənsubları, təhsilli vətəndaş və başlıca vergi ödəyicisi kimi dövlət xidmətlərinə yüksək keyfiyyət tələbləri irəli sürür, korrupsiyaya qarşı dözümsüzdür və iqtisadi demokratiyanın güclənməsinə səy göstərir.
Orta təbəqə kapitalizmin məhsuludur. Bu baxımdan, Azərbaycanda da orta təbəqənin tarixi bu torpaqlarda kapitalizmin tarixi ilə üst-üstə düşür. Belə ki, Azərbaycanda kapitalist münasibətlərinin formalaşmağa başladığı XIX əsrin II yarısından etibarən orta təbəqəni əsasən kiçik tacir, sənətkar və emalatçılar, naşirlər, yazarlar, müəllimlər, ruhanilər, məmurlar, hərbçilər kimi əhali qruplarının timsalında görmək mümkündür. Bu təbəqənin formalaşması və inkişafı Azərbaycan Xalq Cumhuriyyətinin süqut etdiyi 1920-ci ilə qədər davam etmişdir. 1920-1991-ci illər arasındakı sosialist Azərbaycanında orta təbəqədən danışmaq çətindir, çünkü rəsmi ideologiya cəmiyyətdə bu təbəqənin mövcudluğunu istisna edirdi. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra isə bazar iqtisadiyyatı yolunu seçmiş və bununla da ölkədə orta təbəqənin yenidən formalaşması imkanı yaranmışdır.
Bu gün Azərbaycanda orta təbəqəyə həsr edilmiş əhatəli tədqiqatların mövcudluğundan danışmaq çətindir. Bu mövzuda aparılmış mövcud azsaylı tədqiqatların çoxu da iqtisadi deyil, daha çox sosioloji və politoloji yanaşmalara əsaslanır.Ancaq buna baxmayaraq, Dünya Bankı tərəfindən aparılan bir iqtisadi tədqiqat bu baxımdan diqqəti cəlb edir. 2015-ci ildə nəşr edilən “Azərbaycan Sistemli Ölkə Diaqnostikası” adlı bu tədqiqatda Azərbaycan Dövlət Statistika Komitəsinin (AzSTAT) Ev Təsərrüfatları Büdcələrinin Seçmə Tədqiqatının nəticələrinə əsaslanılaraq 2007-2012-ci illər arası dövr üçün ölkədə orta təbəqənin vəziyyəti təhlil edilmişdir. Tədqiqatda orta təbəqə anlayışı, adambaşına günlük istehlakı satınalma gücü pariteti ilə 10 ABŞ dollarının üstündə olan ailələr kimi qəbul edilmiş və 2012-ci il üçün Azərbaycanda əhalinin 29%-nin orta təbəqəyə aid olduğu göstərilmişdir. Tədqiqatın ölkədə orta təbəqə ilə bağlı əldə etdiyi digər nəticələr isə aşağıdakılardır:
- 2007-2012-ci illər arasında Azərbaycanda ümumi əhali sayında orta təbəqə əhalinin payı təxminən 7 dəfə artaraq, 4,26%-dən 29,0%-ə yüksəlmişdir;
- Orta təbəqənin 43%-i böyük şəhərlərdə, 36%-i kəndlərdə, 21%-i isə kiçik şəhərlərdə və qəsəbələrdə yaşayır;
- Orta təbəqənin 36%-i xidmətlər, 23%-i dövlət idarəetməsi, təhsil və səhiyyə, 15%-i inşaat, 9%-i aqrar, 7%-i emal sənayesi, 7%-i isə kommunal və dağ-mədən sektorlarında çalışır;
- Əhalinin 6%-i yoxsul, 29%-i orta təbəqə, 65%-i isə həssas təbəqədir. Həssas təbəqə yoxsulluq səviyyəsindən çıxsa da orta sinif səviyyəsinə daxil ola bilmir, çünkü hələ də iqtisadi şoklara və yenidən yoxsulluq səviyyəsinə qayıtmağa həssasdır;
- İqtisadiyyatın mövcud dinamikaları, böyüməkdə olan orta təbəqənin istəklərini tam şəkildə dəstəkləyə bilmir. Çünkü böyüməkdə olan orta təbəqə, yetərli qiymət və keyfiyyət səviyyəsinə cavab verən təhsil və səhiyyəyə; daha yaxşı və özünütəminat xarakterli kənd təsərrüfatından kənarda daha geniş iş imkanlarına; su, sanitariya və enerjini də əhatə edən etibarlı və münasib qiymətli xidmətlərə və rəylərin daha çox nəzərə alınmasına tələbi artırır.
Dünya Bankının apardığı bu tədqiqat, Azərbaycanda orta təbəqənin vəziyyəti haqqında müəyyən məlumat versə də, post-neft dövrünü əhatə etməməsi və tətbiq etdiyi metodikanın zəngin təbəqəni nəzərə ala bilməməsi, hazırda ondan istifadə imkanlarını kifayət qədər məhdudlaşdırır.
Bəs Azərbaycanda orta təbəqənin hazırkı vəziyyətini necə qiymətləndirmək olar? AzSTAT-ın verdiyi rəqəmlərə müraciət etsək, ilk növbədə, ölkədə əsasən orta təbəqənin vəziyyətini əks etdirən bir sıra dayanıqlı malların istehlakı və ya satışı ilə bağlı göstəricilərin 2000-ci illərin əvvəlindən bu tərəfə ciddi şəkildə artığını görmək mümkündür. Məsələn, ölkədə hər 1000 nəfərə düşən minik avtomobillərinin sayı 2003-cü ildə 48 idisə, 2018-ci ildə bu rəqəm 119-a çatmışdır. Hər 100 ailəyə düşən şəxsi avtomobillərin sayı 2003-cü ildə 22 idisə, 2018-ci ildə bu rəqəm 53-ə yüksəlmişdir. Eyni zamanda kompüteri olan ev təsərrüfatlarının bütün ev təsərrüfatlarında xüsusi çəkisi 2005-ci ildə 7,3% idisə, 2010-cu ildə 30,3%, 2015-ci ildə 62,4%, 2018-ci ildə isə 64,1% olmuşdur. Bu nümunələri çoxaltmaq mümkündür və gəlinən nəticə odur ki, 2000-ci illərin əvvəlindən bu tərəfə ölkədə orta təbəqənin miqyası genişlənmişdir. Bu nəticə, yuxarıda təqdim edilən Dünya Bankının tədqiqat nəticələrini də dəstəkləyir.
Digər tərəfdən, AzSTAT-ın həyata keçirdiyi Ev Təsərrüfatları Büdcələrinin Seçmə Tədqiqatının nəticələrindən istifadə etməklə ölkədə orta təbəqənin miqyası haqqında da müəyyən nəticəyə gəlmək mümkündür. Belə ki, orta təbəqəni “ev təsərrüfatlarında 3-cü və 6-cı gəlir desilləri arasında gəlirə sahib olanlar” kimi qəbul etsək, onda həmin tədqiqatın 2018-ci il nəticələrinə görə bu təbəqə ayda adambaşına 224,9-263,6 manat arası gəliri olan şəxsləri əhatə edəcəkdir. Bu isə 2018-ci ildə ölkədə ev təsərrüfatlarının təxminən 24%-nin, əhalinin isə təxminən 26%-nin orta təbəqəyə aid olması deməkdir.
Hesablamalarımızı bir qədər də dərinləşdirərək, orta təbəqəni onun ədəbiyyatlarda qəbul edilmiş iqtisadi imkanlarına görə müəyyən etməyə çalışdıqda, Azərbaycanda orta təbəqə üçün daha yüksək gəlir aralığı təyin etməli oluruq. Çünkü hesablamalarımız göstərir ki, hazırda ölkədə 5 nəfərlik tipik bir ailənin orta təbəqədə qala bilməsi üçün (avtomobilindən istifadə etmək, uşaqlarını oxutmaq, restoranlarda yemək yeyə bilmək, ailəvi tətilə gedə bilmək, səhiyyə xidmətlərindən istifadə edə bilmək və.s) aylıq 1500-2500 manat arası, başqa sözlə aylıq adambaşına 300-500 manat arası gəliri olmalıdır. AzSTAT-ın Ev Təsərrüfatları Büdcələrinin Seçmə Tədqiqatının nəticələri isə 2018-ci ildə ölkədə bu kateqoriyalı əhalinin payının təxminən 24% olduğunu ortaya qoyur.
Şübhəsiz ki, yuxarıda təqdim etdiyimiz hesablamalar ilkin xarakter daşıyır və AzSTAT-ın verdiyi məlumatların təhlilinə əsaslanır. Bu baxımdan hesab edirik ki, ölkədə orta təbəqənin miqyasının daha dəqiq müəyyən edilməsi üçün əhatəli və müstəqil empirik tədqiqatlara böyük ehtiyac vardır.
Beləliklə, yuxarıdakı təhlillər göstərir ki, Azərbaycan müstəqillik illərində iqtisadi inkişaf baxımından mühüm rola malik orta təbəqənin formalaşması istiqamətində əhəmiyyətli nəticələr əldə etmişdir. Eyni zamanda rəsmi statistikaya əsaslanan müxtəlif hesablamaların nəticələri, ölkədə orta təbəqə əhalinin payının hələ 30%-i keçmədiyini göstərir. Bu isə OECD ölkələrindəki müvafiq 2/3-lik payla müqayisədə aşağı rəqəmdir və ölkədə orta təbəqənin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin qarşıdakı illərdə daha da genişləndirilməsinin zəruriliyini ortaya qoyur.