«Fitch Ratings» reytinq agentliyi Azərbaycanın uzunmüddətli xarici valyutada emitent defoltu reytinqini (IDR) sabit proqnozla "BBB-" səviyyəsində təsdiqləyib.
FED.az xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.
Xatırladaq ki, «Fitch Ratings» reytinq agentliyi yanvar ayında da Azərbaycanın reytinqini eyni səviyyədə təsdiqləmişdi. Yəni yeni reytinqdə səviyyə dəyişikliyi olmayıb.
«Fitch Ratings» reytinq agentliyi budəfəki reytinqin əsas göstəricilərini açıqlayıb. Beləliklə..
Azərbaycanın kredit reytinqinin güclü və zəif tərəfləri:
Azərbaycanın budəfəki kredit reytinqi çox güclü xarici balansı, “BBB” reytinq kateqoriyasında olan ölkələr arasında ən aşağı dövlət borcunun nisbətini və çevik maliyyələşmə imkanlarını (böyük suveren aktivlərdən istifadə etmək imkanı ilə) əks etdirir. Əvəzində «Fitch» mənfi cəhət kimi - ölkədə zəif idarəetmə, zəif iqtisadi siyasət (bir qədər təkmilləşsə də), ölkə iqtisadiyyatının karbohidrogenlərdən, yəni neft-qazdan ciddi asılılığı və geosiyasi riskləri görür.
Güclü xarici balans:
«Fitch» proqnoz edir ki, Azərbaycanın beynəlxalq ehtiyatları və Dövlət Neft Fondunun (ARDNF) aktivləri birlikdə, 2025-ci ildə 74 milyard ABŞ dolları səviyyəsinə çatacaq. Bu ölkə ÜDM-nin 98,4%-i deməkdir. Agentlik hesab edir ki, 2025-2026-cı illərdə Neft Fondunun aktivləri təxminən 62 milyard ABŞ dollar, yəni ölkə ÜDM-in 79,3%-i səviyyəsində olacaq. Bir şərtlə ki, bu dövrdə neftin orta qiyməti 65 ABŞ dolları/barel olsun. Eyni zamanda 2025-2026-cı illərdə Dövlət Neft Fondunun xalis xarici aktivləri orta hesabla 67% olacaq ki, bu da “BBB” və “A” reytinqlərində olan ölkələrin orta göstəricilərini xeyli üstələyir.
Cari hesabın profisiti:
Agentlik bildirir ki, neft qiymətləri aşağı endikcə, Azərbaycanın cari əməliyyatlar hesabının profisiti də azalacaq. Bu göstərici 2025-ci ildə ÜDM-in 5,3%-nə, 2026-cı ildə isə 4,9%-ə qədər azalacaq. Xatırladaq ki, bu göstərici 2021-24-cü illərdə orta hesabla 15,6% olub. Müqayisə üçün bildirək ki, “BBB” reytinqi digər ölkələrin bu göstəricisi orta hesabla 0,4%-dir. Orta və uzunmüddətli perspektivdə Azərbaycanın bu göstəricisi bir qədər arta bilər, o da «Qarabağ» neft yatağının və quruda şist nefti layihələrinin işlənməsi nəticəsində neft ixracının müəyyən artımı hesabına ola bilər.
Proqnozlaşdırılan büdcə defisiti:
Fitch agentliyi hesab edir ki, 2025-ci ildə Azərbaycanın ümumi icmal büdcəsinin balansı büdcə kəsirinə keçəcək. Bunun səbəbi odur ki, həm neftin qiyməti büdcədə nəzərdə tutulandan azdır, həm Qarabağın bərpasına böyük vəsaitlər sərf edilir (axır vaxtlar yatırılan vəsaitlər azalır), həm də müdafiə və sosial xərclər büdcəyə təzyiq yaradır. Əgər qeyri-neft gəlirləri proqnozlaşdırılandan yüksək olarsa, və yatırılan vəsaitlər nəzərdə tutulandan şağı olsa bu proqnozu yaxşılaşdırmaq olar.
Fiskal hədəflər:
Hökumət rəsmiləri bəyan edirlər ki, Azərbaycan hökuməti büdcənin idarə edilməsi ilə bağlı fiskal qaydaya sadiq qalacaqlar. Bu qayda isə nəzərdə tutur ki, 2029-cu ilə qədər qeyri-neft sektoru üzrə kəsiri qeyri-neft ÜDM-in 13%-nə qədər endiriləcək. Xatırladaq ki, 2024-cü ildə bu göstərici 20,4% təşkil etmişdi. Hazırda qeyri-neft-qaz gəlirləri dövlətin ümumi gəlirlərinin təxminən yarısını təşkil edir. Hökumətin ambisiyalı məqsədi var ki, 2029-cu ilə qədər bu göstərici 65%-ə yüksəlsin. «Fitch» agentliyinin bu, o halda ola bilər ki, qeyri-neft sektoru güclü inkişaf etsin, amma burada da qeyri-müəyyənlik var.
«Fitch»in açıqlamasından hiss olunur ki, Agentlik hökumətin büdcə qaydasına əməl edə biləcəyinə o qədər də inanmır. Belə ki, açıqlamada deyilir ki, Azərbaycanın nəzərdə tutduğu fiskal (yəni büdcə ilə bağlı) hədəflər neft qiymətlərinin dəyişkənliyi, müdafiə və Qarabağın yenidən qurulması ilə bağlı xərclərin sürüşmə riski altındadır. Ümumiyyətlə «Fitch» hesab edir ki, Azərbaycanda fiskal qaydanın məhdud tarixçəsi var və Azərbaycanda fiskal hədəflərin müəyyən edilməsi və ona nəzarət baxımından institusional çərçivə zəifdir.
Aşağı dövlət borcu:
Agentlik bildirir ki, 2025-ci ilin 1-ci rübünün sonuna Azərbaycanın ümumi dövlət borcu ÜDM-in 20,4%-ni təşkil edib, ümuilikdə 2025 və 2026-cı illərdə bu göstərici orta hesabla 21,5% təşkil edəcək. Bu Fitch-in investisiya səviyyəli ölkələri arasında ən aşağı göstəricilərdən biridir. İri dövlət ehtiyatları (2024: ÜDM-in 10,4%-i) və Neft Fondunun aktivləri (ÜDM-in 81%-i qədərdir) ölkə üçün güclü fiskal buferlər təmin edir. Azərbaycan xarici valyutada olan borcunu da kəskin aşağı salıb, belə ki, valyutada olan borcun ümumi borcda xüsusi çəkisi 2017-ci ildəki ən yüksək həddən - 95%-dən 2024-cü ilin sonuna 32%-ə enib. Bu dövrdə xarici borcun özü də mütləq ifadədə 41,5% azalıb.
Pul-kredit siyasətinin hazırlanması:
Azərbaycan Mərkəzi Bankı bank sisteminin likvidlik profisiti və pul siyasətinin ötürülməsinin idarə edilməsi üzrə potensialını təkmilləşdirməyə davam edir. Amma inkişaf etməmiş yerli pul bazarları, izafi likvidlik və nisbətən yüksək (azalmaqda olsa da) dollarlaşma (2025-ci ilin aprelinə olan əmanətlərin 40%-i) pul siyasətinin ötürülməsinə mane olur. Agentlik hesab edir ki, dollar/manat məzənnəsi Azərbaycan üçün siyasi cəhətdən vacibdir. Açıqlamada deyilir ki, hökumət hakimiyyət ortamüddətli perspektivdə daha çox çevikliyə imkan vermək məqsədini bəyan etsə də, faktiki məzənnənin ABŞ dollarına nisbətdə sabitliyini saxlamaq üçün siyasi prioriteti yüksək qiymətləndiririk.
İnflyasiya təzyiqləri: May ayında Azərbaycanda ümumi illik inflyasiyası 5,9%-ə yüksəldi, bu da 2025-ci ilin 1-ci rübündə minimum əmək haqqı səviyyəsinin artımının nəticəsidir. «Fitch» agentliyi proqnoz edir ki, Azərbaycanda orta illik inflyasiya 2025-ci ildə 5,3%, 2026-cı ildə isə 4,6% olacaq. Bu Azərbaycanı Mərkəzi Bankının proqnozlarınak (4% + 2) uyğun gəlir. Eyni zamanda Fitch 2026-cı ilə qədər faiz dərəcələrinin endirimlərini gözləmir.
Zəif iqtisadi artım:
2025-ci ilin yanvar-may aylarında ÜDM-nin real artımı 1,5% olub. Bu əsasən qeyri-neft sektorunun hesabına baş verib, bu sahədə illik artım 3,9% olub. Agentlik Biz 2025-ci ildə Azərbaycanda 3,5% və 2026-cı ildə 2,5% artım gözləyir. Artımın əsas mənbələri dövlət investisiyaları və qeyri-neft sektorları olacaq. Xatırladaq ki, 2024-də ölkədə iqtisadi artım 4,1% olmuşdu.
«Fitch»in məlumatına görə, hazırda ödkə iqtisadiyyatının 32%-i, ölkədən ixracın isə 90%-i neft-qaz sektorunun payına düşür. İqtisadiyyatın şaxələndirilməsinə gəlincə isə, bu proses iqtisadiyyatda dövlətin böyük yer tutması, maliyyə vasitəçiliyi xidmətlərinin zəif olması, idarəetmə problemləri və qeyri-enerji sektoruna xarici investisiyaların aşağı olması səbəbindən çətinləşir.
Ermənistanla sülh müqaviləsi sazişinə doğru irəliləyiş:
Xəbər verildiyi kimi, Azərbaycan və Ermənistan 2025-ci ilin martında sülh sazişi layihəsi üzərində razılığa gəliblər, baxmayaraq ki, müqavilənin məzmunu və imzalanma müddəti bəlli deyil. Fitch-in fikrincə, hərbi münaqişənın yenidən başlanması ehtimalı azdır. Hazırda Azərbaycanın Rusiya ilə münasibətləri də stabildir.
Ölkə üzrə daha yüksək tavan:
«Fitch» Azərbaycanın ölkə tavanını “BBB-” səviyyəsindən “BBB” səviyyəsinə qaldırıb. Agentlik hesab edir ki, kapitala nəzarət riskləri iqtisadiyyatda adekvat valyuta təklifi, maliyyə dollarlaşmasının azaldılması və mərkəzi bank tərəfindən likvidliyin idarə edilməsinin təkmilləşdirilməsi ilə azaldılır. Eyni zamanda güclü valyuta ehtiyatları və ARDNF-nin valyuta ilə ifadə olunan aktivləri manatın ABŞ dollarına olan faktiki nisbətini rahat şəkildə saxlamağa imkan verir.
Siyasi sabitlik, qanunun aliliyi və korrrupsiya:
Fitch öz açıqlamasında Azərbaycanda iqtisadi proseslərə təsiri olan digər göstərici barədə də mülahizələrini bölüşüb. Söhbət siyasi sabitlik, siyasi hüquqlar, qanunun aliliyi, institusional və tənzimləmə keyfiyyəti və korrupsiyaya nəzarət üzrə göstərici - ESG Münasiblik Balı (RS)-dan gedir. Agentlik xatırladır ki, Azərbaycanda bu göstərici '5'dir. Bildirilir ki, bu ballar Dünya Bankının İdarəetmə Göstəricilərinin (WBGI) əsasında dayanır, eyni zamanda Fitch-in də Suveren Reytinq Modelində (SRM) malik olduğu yüksək yer tutur. Azərbaycan 29-cu faiz səviyyəsində aşağı WBGI reytinqinə malikdir. Bu reytinq səsvermə və hesabatlılığın zəif nkişaf etməsi, siyasi proseslərdə iştirak üçün nisbətən zəif hüquqlar, qanunun aliliyinin qeyri-bərabər tətbiqi və korrupsiyanın yüksək səviyyəsini əks etdirir.