2018-ci ildə Dövlət Neft Fondundan büdcəyə 9,2 milyard manat məbləğində transfert ediləcək. FED.az xəbər verir ki, bu məbləğ 2017-ci ildə 6,5 milyard manat təşkil edirdi. Yəni, bu il Fonddan büdcəyə transfertin həcmi 2,7 milyard manatdan çox artıb. Bəs, bu artımın səbəbi nədir və neft pulları nəyə xərclənəcək?
..Transfertin məbləği müvafiq qaydada artıb
Suallarımızı Dövlət Neft Fonduna ünvanladıq. Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirdilər ki, 2018-ci ildə dövlət büdcəsində investisiya xərcləri artıb. Bu xərclərdə müəyyən məbləğ ARDNF-dən dövlət büdcəsinə transfertin payına düşür, ona görə də büdcəyə köçürmənin məbləği də müvafiq qaydada artıb.
Beləliklə, 2018-ci ildə dövlət iqtisadi inkişafa sərmayə qoyuluşunu artırmaq məqsədilə büdcədən investisiya xərclərinin məbləğini yüksəldib. Büdcənin xərclər hissəsini təhlil etsək görərik ki, bu artım kifayət qədər nəzərə çarpacaq səviyyədədir.
Limiti aşmamağa çalışır
Bəs, gələcək nəsillər üçün yaradılan Dövlət Neft Fondunun yığımlarının belə xərclənməsi nə dərəcədə düzgündür? Bununla bağlı iqtisadçı-ekspert Rövşən Ağayevin fikirlərini aldıq. İlk növbədə Azərbaycan Dövlət Neft Fondunun nümunə olaraq götürdüyü Norveç Neft Fondu ilə müqayisə etdik. Deməli, Norveç Neft Fondu yığımların yalnız 4 faizinin xərclənməsi əsasında çalışır. Azərbaycan Dövlət Neft Fondu isə yarandığı gündən ölkənin inkişafında və büdcə daxilolmalarında əsas maliyyə mənbələrindən biridir. Beləki, Fondun vəsaitlərinin 75 faizi toxunulmaz saxlanılır, 25 faizi isə büdcəyə transfert olunur. R.Ağayev deyir ki, hökumət bu ehtiyatı saxlayır, yəni qarşıya qoyulmuş limiti aşmamağa çalışır.
Xərclər 78 faiz artıb
Ümumilikdə isə 2018-ci ildə investisiya xərcləri 78 faiz artıb. Təbii ki, bu böyük göstəricidir və uzun müddətdir ki, iqtisadçıları narahat edən real sektorun dirçəldilməsi üçün artıq dövlətin əməli addımlara keçəcəyini göstərir. Çünki bank böhranından sonra növbəti zərbənin real sektordan gələcəyini bəyan edən iqtisadçılar həyacan təbili çalmaqda davam edirlər. R.Ağayevin təhlillərinə görə, hazırda ixracın 85 faizini neft təşkil edir. Neftin qiymətinin yüksəlməsi təbii ki, daxilolmaların səviyyəsini artıracaq. Büdcəyə neft fondundan transfertin yüksəlməsi ümumilikdə ölkə iqtisadiyyatının inkişafına hədəflənib. Amma mənfi tərəfi odur ki, bu köçürmələr həm də arxayınçılıq simptomu yaradır. Onun sözlərinə görə, büdcə yol xəritəsində nəzərdə tutulduğu kimi nəticə əsaslı büdcəyə keçməlidir. Yalnız bu zaman onun nə dərəcə əsaslı xərcləndiyi ortaya çıxacaq.
Qeyd edək ki, büdcədən “Sahibkarlığa dəstək” üzrə xərclərə 46 milyon 481 min manat, Sahibkarlığa Kömək Milli Fonduna isə 689 milyon 884 min manat ayırıb.
İlhamə Abdullayeva
Neft Fondundan büdcəyə köçürmə 2,7 milyard artdı: nəyə xərclənəcək?
13:17
11 Yan 2018