Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işçilərini sığorta etməyən şirkətlərə xəbərdarlıq edib.
Eləcə də bax: İşçiləri sığortalamaq neçəyədir? - PEŞƏLƏR, MƏBLƏĞLƏR
Eləcə də bax: İş yerində ölən işçinin ailəsi nə qədər ödəniş almalıdır? - HESABLAMA, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, müfəttişliyin müraciəti həm işçilərini sığorta etməyən, həm də sığorta etdirib, amma sığorta haqqını ödəməyən şirkətlərə və iş adamlarına yönəlib.
Xatırladaq ki, ölkə qanunvericiliyinə əsasən bütüqn sahələrdə işləyən əməkdaşlar istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmalıdır.
Yəni iş yerində baş verən hər hansı hadisə nəticəsində və ya peşə si ilə əlaqədər yaranan xəstəlikdən həyatını və ya əmək qabiliyyətini itirən işçilərin özünə və ya ailəsinə sığorta ödənişi verilməlidir.
Bu sığorta üçün sığorta haqqı olduqca aşağıdır – əksər sahələr üçün hər işçiyə illik 12-20 manat arasında - amma hadisə baş verəndə işçinin özünə və ya ailəsinə böyük dəstək təmin edir. Bu sığorta şirkətin özünü də belə hallarda böyük xərclərdən və kompensasiyalardan qoruyur.
Məhz bu səbəbdən işçilərin sığortası icbari, yəni məcburidir.
Amma Əmək Müfəttişliyi bildirir ki, 2020-ci il ərzində bəzi işəgötürənlər (şirkətlər və sahibkarlar) icbari sığorta müqaviləsi bağlasa da, sığorta haqqını ödəməyib, bu səbəbdən sığorta şirkəti tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verilib.
Bununla əlaqədar həmin işəgötürənlərə “Əmək müqaviləsi bildirişi” altsistemi üzərindən müvafiq xəbərdarlıq edilib. Həmçinin onlara icbari sığorta müqaviləsi olmayan işçilərlə bağlı məlumatlar təqdim edilməklə, qanunvericiliyin tələbləri barədə məlumat verilib.
Xatırladaq ki, Əmək Məcəlləsinə əsasən, işəgötürən hər bir işçisini istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalamalıdır.
Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir.
Əmək müfəttişliyi sahibkarlara və şirkət rəhbərlərinə xatırladır ki, İnzibati xətalar qanunvericiliyinə əsasən, işçilərini sığorta etməyən işəgötürənlərin inzibati məsuliyyətə cəlb olunması nəzərdə tutulub.