"Moody's" reytinq agentliyi Ukraynanın yeni reytinqini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Agentlik Ukraynanın reytpnqini "caa1" səviyyəsində təsdiqləyib.
Bununla bağlı açıqlamada bildirilir ki, Ukraynanın reytinqi Rusiya ilə müharibənin yaratdığı ağır makroiqtisadi, büdcə və maliyyə problemlərini əks etdirir.
«Ölkə iqtisadiyyatının və dövlət qurumlarının göstərdiyi müqavimətə baxmayaraq, müharibə insan resurslarına və iqtisadiyyata çox ağır zərbə vurur. Hətta 2024-cü ildə avrobondların (dövlət istiqrazlarının) yenidən strukturlaşdırılmasına (yəni borc şərtlərinin yüngülləşdirilməsinə, vaxtının uzadılmasına – FED.az) baxmayaraq, dövlət borcu hələ də yüksəkdir və artmaqda davam edir»-deyə agentlikdən bildirilib.
Amma Ukraynanın riskləri təkcə müharibə ilə bağlı deyil. Reytinq həmçinin beynəlxalq yardımların dayanıqlılığı ilə bağlı riskləri də nəzərə alır. Məsələ bundadır ki, hazırda ABŞ-ın Ukraynaya dəstəyini azalda biləcəyinə dair siqnallar var. Bu o deməkdir ki, Beynəlxalq Valyuta Fondunun (BVF) 2029-cu ildə başa çatacaq proqramının sonuna qədər dövlət borcunun sabitliyini qorumaq üçün yenidən borc strukturlaşdırılmasına ehtiyac yarana bilər. Bu isə o deməkdir ki, Ukraynaya borc verən özəl şirkətlər və investorlar öz vəsaitlərinin 35%-dən 65%-ə qədərini itirə bilərlər.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Ukraynanın iqtisadi göstəriciləri ilə bağlı vəziyyət olduqca pisdir – Agentlik Ukraynada real ÜDM artımının zəif qalacağını və 2025-ci ildəki 1,8%-lik artımdan sonra 2026-cı ildə təxminən 2% təşkil edəcəyini bildirir.
«Çünki müharibə infrastruktura, ixracata və sənaye istehsalına mane olmağa davam edir. Şəxsi istehlak və hərbi sənayeyə qoyulan investisiyalar iqtisadiyyatı canlandırsa da, enerji və müdafiə məhsullarının idxalının kəskin artması ümumi ixracat balansına mənfi təsir göstərir».
Ölkədə inflyasiya da yenidən artmağa başlayıb: «İnflyasiya 2025-ci ilin dekabrındakı 8%-dən 2026-cı ilin əvvəlində bir qədər düşsə də, Yaxın Şərqdəki münaqişənin yaratdığı yanacaq bahalaşması səbəbindən mart ayında yenidən 7,9%-ə yüksəlib. Proqnozumuza görə, 2026-cı ildə orta inflyasiya 9,2% olacaq».
Ukraynadakı vəziyyətdə əsas ağırlıq dövlət büdcəsinin üzərinə düşüb. Ölkədə büdcə kəsiri ÜDM-nin 20%-nə çatır: «Büdcə üzərindəki təzyiqin davam edəcəyini gözləyirik. Böyük hərbi xərclər səbəbindən 2026-cı ildə büdcə kəsiri ÜDM-in təxminən 20%-i səviyyəsində qalacaq».
Nəticədə dövlət borcu ölkənin iqtisadiyyatından da böyük səviyyəyə yüksələcək: «Bu da dövlət borcunu artıracaq və borcun ÜDM-ə nisbəti 2025-ci ildəki 108%-dən 2026-cı ildə təxminən 125%-ə yaxınlaşacaq. 2025-ci ildə ÜDM-ə bağlı qiymətli kağızların uğurlu restrukturizasiyası sayəsində özəl borcların tənzimlənməsi demək olar ki, başa çatıb. Bu, Ukraynanın borc yükünü bir qədər yüngülləşdirsə və faizləri azaltsa da, dövlət borcunun gələcək taleyi birbaşa müharibənin gedişatından asılıdır və böyük qeyri-müəyyənlik daşıyır»- Agentlik bildirir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, "Moody's" reytinq agentliyinin fikrincə, Ukraynanın əsas iqtisadi göstəriciləri ilə bağlı vəziyyət belədir:
- İqtisadi güc göstəricisi ("caa1"): Müharibənin ölkənin istehsal potensialına, insan resurslarına və infrastrukturuna vurduğu uzunmüddətli və ağır zərəri əks etdirir. Bu zərər iqtisadi artımı uzun müddət məhdudlaşdıracaq.
- İnstitusional və idarəetmə gücü ("caa1"): maliyyə sabitliyini qoruyan effektiv dövlət siyasəti ilə korrupsiya və qanunun aliliyi sahəsində mövcud olan ciddi problemlər arasındakı balansı göstərir.
- Büdcə/Maliyyə gücü ("caa1"): dövlət borcunun yüksək qaldığını və müharibə ilə bağlı maliyyə risklərinin böyüklüyünü əks etdirir.
- Hadisələrə qarşı həssaslıq ("ca"): Beynəlxalq yardımlara baxmayaraq, hökumətin nağd pul (likvidlik) çatışmazlığı və xarici iqtisadi təhdidlərə qarşı həssaslığı çox yüksəkdir.
Sabit (stabil) proqnoz onu göstərir ki, Ukraynanın reytinqi yaxın gələcəkdə də "Ca" səviyyəsində qalacaq. Çünki müharibənin danışıqlar yolu ilə həlli perspektivləri qeyri-müəyyəndir, çətin iqtisadi şərait və büdcə təzyiqi isə davam edir. Hətta hər hansı bir sülh və ya atəşkəs razılaşması əldə olunsaydı belə, bunun ölkənin kredit reytinqinə müsbət təsiri Avropanın verəcəyi təhlükəsizlik zəmanətlərindən, Ukrayna ordusunun müdafiə gücündən və Rusiyanın siyasi müdaxilə cəhdləri qarşısında ölkənin öz müstəqilliyini nə dərəcədə qoruya biləcəyindən asılı olacaq.
Reytinq hansı halda yüksələ bilər? Əgər növbəti mümkün defolt (borcun ödənilə bilməməsi) zamanı özəl kreditorların itkilərinin "Ca" reytinqinin nəzərdə tutduğundan daha az olacağına dair əlamətlər yaranarsa, reytinq qaldırıla bilər. Bu, iqtisadiyyatın normallaşmasına səbəb olacaq sülh danışıqları fonunda baş verə bilər ki, nəticədə Ukraynanın maliyyə ehtiyacları azalsın və dövlət borcu sabitləşsin. Lakin yaxın gələcəkdə bu ssenarinin reallaşma ehtimalı çox aşağıdır.
Reytinq hansı halda düşə bilər? Müharibə maliyyə çatışmazlığını və xarici təzyiqləri artırarsa, həmçinin dövlət borcunun idarə olunmasını təhlükəyə atarsa, Ukraynanın reytinqi daha da azaldıla bilər. Bu, borcların yenidən strukturlaşdırılmasına səbəb ola bilər ki, nəticədə kreditorların itkiləri 65%-i ötər. BVF proqramının plandan kənara çıxması, ölkədaxili siyasi dəyişikliklər nəticəsində dövlət qurumlarının yenidən Rusiyanın təsirinə düşməsi və beynəlxalq yardımların təhlükəyə girməsi də reytinqin aşağı düşməsinə səbəb ola bilər.














