Qarabağda Azərbaycanın parlaq qələbəsindən sonra bu torpaqların inkişaf etdirilməsi, ümumiyyətlə isə qələbənin gətirdiyi olduqca böyük müsbət impuls hesabına bütün ölkədə islahatların aparılması barədə təkliflər səslənməkdədir.
İdarəetmə sistemləri və standartlaşdırma üzrə mütəxəssis Asif İbrahimov bununla bağlı təkliflərini FED.az-la bölüşüb.
Ordumuzun döyüş meydanındakı qələbəsi ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə, eyni zamanda iqtisadiyyatımıza ciddi zərər yetirdi, düşmən üzərində hərbi qələbə ilə yanaşı,həm də iqtisadi və siyasi qələbə qazanmağımızı təmin etdi.
Belə ki, müharibədə məğlub olmuş Ermənistanda siyasi böhran dərinləşikcə dərinləşir. Rusiya və Qərbin Ermənistan uğrunda mübarizəsi nəticəsində qarşıdakı günlərdə bu böhranı daha da dərinləşəcək.
Yuxarıda qeyd etdiyim faktorları nəzərə alsaq, dövlət büdcəsi təqribən 3.5 mlrd USD, xarici borcu isə 7,9 mlrd-dan çox olan, blokada şəraitində varlığını sürdürən Ermənistanda mövcud iqtisadi böhran daha da dərinləşəcək. Bunun səbəblərindən biri dərinləşməkdə olan siyasi böhranla yanaşı, Ermənistanın nəzarətdə saxladığı münbit, təbii faydalı qazıntılarla zəngin olan Azərbaycan torpaqlarının əldən çıxmasıdır.
26 ildən çoxdur ki, işğal altından olan ərazilərimizdə iki iqtisadi rayon - Kəlbəcər-Laçın və Yuxarı Qarabağ iqtisadi rayonları yerləşir. Bunlar olduqca zəngin təbii ehtiyyatlarla yanaşı, həm də Azərbaycanın ən inkişaf etmiş iqtisadi rayonlarındandır.
Ümumilikdə, işğal olunmuş Azərbaycan torpaqlarında 160-dan çox müxtəlif qiymətli metal yatağı mövcuddur. Kəlbəcər, Laçın, Zəngilanda zəngin qızıl, gümüş, civə, mis, qurğuşun, daş kömür, rəngli, dekorativ daşlar və digər yataqları mövcuddur.
Ermənistanın ixracında mühüm yer tutan dağ-mədən məhsulları sırasındakı qızıl, mis, sink filizləri və konsentratlarının, həmçinin qiymətli metalların konsentratlarının xeyli hissəsi Azərbaycanın işğal olunmuş ərazilərindəki Söyüdlü (Zod), Qızılbulaq, Vejnəli qızıl, Mehmana polimetal və Dəmirli mis-porfir yataqlarından hasil olunurdu.
Kəlbəcər rayonun Zod, Zəngilan rayonun Vejnəli, Ağdərə rayonun Qızılbulaq (Drambon) qızıl yataqlarında qanunsuz istismar nəticəsində Ermənistanın dövlət büdcəsinə bu istiqamətdən vəsait daxil olurdu.
Ermənistanın ən böyük vergi ödəyəcilərindən olan «Zəngəzur Mis-Molibden kombinatı» və «Geopromining» şirkətləri kimi bir çox şirkətlər - mis, molibden, qızıl, sink, civə və digər təbii sərvətlərlə zəngin ərazilərin əldən çıxması ilə öz xammallarından məhrum oldular.
Nümunə üçün qeyd edim Zod qızıl yatağının 70%,Vejnəli yatağının isə hamısı Azərbaycan Respublikasının nəzarətinə keçib. Bu da o deməkdir ki, Ermənistanın ən iri vergi ödəyicilərindən olan bir çox şirkətlər ciddi maliyə sıxıntılarla üzləşəcək və təbii ki, bu da vergi ödəmə qabiliyyətinin aşağı düşməsinə və məşğulluq səviyyəsinə ciddi təsir gösətərəcək.
Ermənistan büdcəsinə ən çox vəsait gətirən sahələrdən biri də Turizm, xüsusi ilə də Dağ turizmi idi ki, bu sahə son aylar ərzində onsuz da pandemiya ilə əlaqədar tənəzzülə uğramışdı. Azərbaycanın ərazilərini öz nəzarətinə qaytarması isə düşmənin Kəlbəcər və digər ərazilərə turist cəlb etməsinin qarşısını aldı.
Ermənistanın Dağ turizmində xüsusi yerə malik Sünik vilayətinin də 3 tərəfdən Azərbaycanla (Qarabağ, Naxçıvan və Cənubi Azərbaycan) sərhəd olması da bu sahənin tamamilə çökməsinə gətirib çıxaracaq.
Bundan başqa Ermənistanın Kənd Təsərrüfatı Nazirliyi bildirir ki, Ermənistan hər il təxminən 200 min ton taxıl istehsal edirdi. Bunun da 150 min tonu işğal edilmiş ərazilərin payına düşüb. Yəni, işğalda olan torpaqlarımız həm özünü, həm də Ermənistanı taxılla təmin edirmiş. İndi isə Ermənistan taxıla olan tələbatının böyük hissəsini kənardan almağa məcbur olacaq.
Ümumilikdə götürəndə isə, ölkə iqtisadiyyatı tamamilə rus şirkətlərindən asılı vəziyyətdədir. Heç təsadüfi deyil ki, Ermənistanın ən iri vergi ödəyiciləri - elə «Gazprom Ermənistan» və MTS Ermənistan kimi rus şirkətləri və ya Rusiya kapitalı ilə yaradılmış erməni şirkətləridir.
Yuxarıdakı halları, apardığı işğal siyasəti nəticəsində regional, transmilli layihələrdən kənarda qaldığını, müharibə nəticəsində əmələ gəlmiş sosial, iqtisadi, siyasi və demoqrafik böhranı və pandemiyanın ağır nəticələrini nəzərə alsaq Ermənstan dövləti süqutun astanasındadır.
Düşünürəm ki, biz bu tarixi fürsətdən ağılla istifadə etməklə 1921-ci ilin 1 dekabrında ermənilərə hədiyyə edilən tarixi ata-baba torpağımız olan Zəngəzuru geri qaytarmaq şansını əldə etmiş olarıq.
Reqionda siyasi və hərbi üstünlüyümüzü daha da artırmaq üçün ciddi işlər görməli, işğaldan azad olunmuş ərazilərimizdə sürətli yenidən qurma işləri həyata keçirməli, ciddi institusional islahatlar aparmalı, iqtisadi siyasətimizi yenidən nəzərdən keçirməli, az xərcli idarəetmə modelinə keçməliyik.
Bununla bağlı aşağıdakıları təklif edirəm:
- İdarəetmə modelimizi yenidən gözdən keçirməli, bir-birini təkrar edən qurumlar, rayon icra hakimiyyətləri ləğv edilməli, hökümətin təşkilati-strukturu yenidən təşkil edilməli, üfüqi və şaquli məsuliyyət bölgüsü yenidən həyata keçirilməlidir. Biz beləliklə rüşvət mənbələrinin tən yarısının ləğv edilməsinə,bu qurumların saxlanılmasına çəkilən xərcələrin qənaət edilməsinə, eyni zamanda effektiv idarəetmə aparatı qurmağa nail olarıq.
- Yerli özünü idarəetmə orqanlarına (bələdiyyələrə) dövlət büdcəsindən ayrılan vəsaitlər dayandırılmalı, bu qurumlar özləri özlərini təmin etməli, həvalə edilmiş rayonlarda biznes mühitinin, turizmin inkişafını təmin etməli və yerli və beynəlxalq investorların cəlb edilməsini təmin etməlidirlər.
- Rüşvətlə mübarizə güclənməli, dövlət qurumlarında İSO 37001:2016 “Rüşvətlə mübarizə sahəsində idarəetmə sistemi” üzrə beynəlxalq standart, o cümlədən digər idarəetmə standartları tətbiq edilməlidir.
- İşğaldan azad olunmuş ərazilərdə azad iqtisadi zonalar təsis edilməli, xarici investorlar üçün münbit şərait yaradılmalıdır. Xüsusi ilə də Türkiyə, ABŞ, Böyük Britaniya, İtaliya, İsraildən olan investorların cəlb edilməsi təmin edilməlidir.
- Maliyə amnistisiyası elan edilməlidir.
- Dünyanın ən böyük bazarı olan Avropa İttifaqının bazarlarında Azərbaycan məhsullarının rahatlıqla çıxışını təmin etmək məqsədi ilə AR qanunvericiliyi təkmilləşdirilməlidir.
- Azərbaycan laboratoriyalarının sınaq protokollarının mötəbərliyinin təmin edilməsi məqsədi ilə Akkreditasiya sahəsində təkmilləşdirilmələr aparmalıdır.
- Yerli sahibkarlar üçün Mərkəzi Bankın rezervləri hesabına yerli banklar vasitəsi ilə sadələşdirilmiş şərtlərlə koorparativ kreditlərin verilməsi təmin edilməlidir.
- Yerli və Mərkəzi icra hakimiyyətlərinin fəaliyyətlərinin səmərəliliyinin ölçülməsi üçün ölçmə meyarları hazırlanıb tətbiq edilməli, bütün faəliyyətlər daimi olaraq qiymətləndirilməlidir.