“Koronavirus pandemiyası bütün dünyada iqtisadi sferaya böyük zərər vurur. Hər ölkə bu böhranı öz imkanları və gücünə görə qarşılayır. Elə dövlətlər var ki, bu təsirlər hətta onların iqtisadiyyatının çökməsi ilə nəticələnə bilər. Biz görürük ki, inkişaf etmiş iqtisadiyyatları olan Qərb dövlətləri belə reallıq qarşısında əlacsız qalıblar, qabaqcıl ölkələr xarici yardımlara möhtacdırlar”.
Eləcə də bax: «Dəstək tədbirləri ilə bundan sonrakı dövrə daha yaxşı hazırlaşa bilərik»
Bunu FED.az-a hökumətin Covid-19 pandemiyasının milli iqtisadiyyatımıza təsirlərini minimallaşdırmaq məqsədilə həyata keçirdiyi tədbirləri şərh edən Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev deyib.
E.Allahverdiyevin sözlərinə görə, hökumətin hazırladığı və 4 böyük sektoru, 20 istiqaməti əhatə edən 9 proqram iqtisadiyyatın həm bugünü, həm də postpandemiya dövrü üçün hesablanıb: “Proqramlar ümumilikdə 2,5 milyard manatlıq dövlət dəstəyini nəzərdə tutur. Bu, hazırkı dünya reallıqları, enerji daşıyıcılarının aşağı qiyməti fonunda olduqca cəsarətli addımdır. Azərbaycan dövləti bununla nümayiş etdirir ki, qlobal böhrandan doğan iqtisadi çətinlikləri həll etməyə qadirdir. Eyni zamanda, bu proqramlar həm də onun göstəricisidir ki, birincisi, iqtisadi siyasət reallığa əsaslanır, ikincisi isə Azərbaycanda dövlət vətəndaşın və sahibkarın qayğısına qalır”.
Millət vəkili hesab edir ki, virus epidemiyası nəticəsində fəaliyyətsiz qalan yerli biznes və sahibkarlar bu proqramlardan yararlanaraq itkilərini kompensasiya edə biləcəklər. “Ziyan iqtisadiyyatın ən fərqli sahələrinə dəyib. Mən xüsusilə fərdi sahibkarları qeyd etmək istəyirəm. Çünki mikro sahibkarlığın maliyyə sığortası məhdud olur. Pandemiya nəticəsində dəyən ziyanın böyük hissəsi də məhz fərdi sahibkarların çiyninə düşür” – deyə deputat bildirib. E.Allahverdiyevin sözlərinə görə, proqram 290 min sahibkara dəstəyi nəzərdə tutur. Birbaşa maliyyə yardımı edilərkən sahibkarın 2019-cu ilə dair vergi ödəmələrinə istinad ediləcək: “Bu proqramlar 600 min nəfəri əhatə edəcək. Proqramlar dövlətin sahibkara işçilərini işdən azad etməməklə bağlı çağırışına ciddi maddi dəstək qismində çıxış edəcək. Mikro sahibkar aydın məsələdir ki, işçisinin böhranlı vəziyyətdə dolanışığını təmin etməkdə çətinlik çəkir. Dövlət dəstəyi bu istiqamətdə yaxşı fürsət olacaq”.
E.Allahverdiyevin sözlərində görə, proqramlardan biri sahibkarların kredit probleminin yüngülləşdirilməsinə və qismən həllinə yönəlib. Hansı sahibkarın krediti var, dövlət ona dəstək olmağa çalışacaq. “Bildiyiniz kimi, Prezident İlham Əliyev pandemiyadan zərər görmüş iqtisadiyyata dəstək məqsədilə 1 milyard manat vəsaitin ayrılması ilə bağlı fərman imzalayıb. Hökumətin hazırladığı 9 proqramdan ikisi bank sektorunu əhatə edir. Onlardan biri həmin 1 milyardlıq portfelə dəstək proqramıdır” – deyən millət vəkilinə görə, hazırda bu dəstəyin detalları Mərkəzi Bank, Azərbaycan Banklar Assosiasiyası, Sahibkarlar Konfederasiyası və digər qurumlarla müzakirə edilir. “Təklifə əsasən, dövlət virus epidemiyası nəticəsində mənfi təsirlərə məruz qalan sektorların təmsilçilərinə kreditlərin ödənilməsi işində köməklik edəcək. Söhbət kredit yükünün 10%-nin Sahibkarlığın İnkişafı Fondu vasitəsilə dövlət tərəfindən ödənilməsindən gedir. Təbii ki, əgər sahibkarlıq subyektinin fəaliyyəti şəffaf olubsa” – deyə millət vəkili vurğulayıb.