MDB üzvü olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının rəhbərləri Şurasının Bakı sessiyasında 7 ölkənin Ali Audit Qurumunun 25 nəfərdən ibarət nümayəndə heyəti iştirak edir.
FED.az xəbər verir ki, Hesablama Palatasından verilən məlumata görə, Türkiyə Cümhuriyyəti Hesablama Məhkəməsinin üzvü, Məhkəmə Kollegiyasının sədri Əli Hikmət Tuncər, Türkiyə Cümhuriyyəti Hesablama Məhkəməsinin baş auditorları Bülənt Gecgel, Zeynal Atlı və Haydar Gezmiş Sessiyaya qonaq kimi dəvət olunmuşlar.
Sessiyanın ilk günü Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov tədbiri açaraq görüş iştirakçılarını və qonaqları salamlamış, Sessiyanın məqsədi, mövzusu barədə məlumat vermiş və ali audit qurumlarının fəaliyyəti üçün əhəmiyyətindən danışmışdır.
MDB İcraiyyə Komitəsi tərəfindən Mamutbekov Jaras Madyarxanulu tədbir iştirakçılarına müraciət edərək MDB-yə üzv olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının Rəhbərləri Şurasının ali audit qurumlarının fəaliyyətində rolundan, üzv ölkələrin çoxtərəfli və ikitərəfli əməkdaşlığının nəticələrindən danışmış, Sessiyanın işinə uğurlar arzulamışdır.
İştirakçıların və Sessiyanın gündəliyinin təqdimatından sonra MDB-yə üzv olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının Rəhbərləri Şurasının XVII Sessiyasının ilk plenar iclasında Sessiyanın gündəliyi, keçirilmə qaydası və Şuranın XVII Sessiyasının yekun sənədlərinin hazırlanması üçün işçi qrupun tərkibi təsdiq edilmişdir.
Sessiyanın ilk plenar iclasında MDB-yə üzv olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının Rəhbərləri Şurasının XVI və XVII Sessiyaları arasındakı müddətdə fəaliyyəti haqqında Belarus Respublikasının Dövlət Nəzarət Komitəsinin sədri L. Anfimovun hesabat məruzəsindən sonra sessiyada MDB-yə üzv olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının Rəhbərləri Şurası Sədrinin rəmzinin Azərbaycan Respublikası Hesablama Palatasının Sədri V.Gülməmmədova ötürülmə mərasimi olmuşdur.
Sonra Azərbaycan Respublikası Hesablama Palatasının V.Gülməmmədov, Belarus Respublikasının Dövlət Nəzarət Komitəsinin sədri L. Anfimov, Rusiya Federasiyası Hesablama Palatasının Sədri xanım T.Qolikova, Qazaxıstanın Respublika büdcəsinin icrasına nəzarət üzrə Hesablama Komitəsinin Sədri N.Abdibekov, Moldova Respublikası Hesablama Palatasının Sədri V.Untila, Qırğızıstan Respublikası Hesablama Palatasının Auditoru Jooşbekov Zairbek Sulaymanoviç, Tacikistan Respublikası Hesablama Palatasının sədr müavini Azimi Zafar İsmoil sessiyanın mövzusu ətrafında məruzə etmişlər.
Standartlarının hazırlanması üzrə İşçi Qrupunun Fəaliyyəti haqqında Rusiya Federasiyası Hesablama Palatasının İqtisadi analiz departamentinin direktoru, Ekspert qrupunun koordinatoru D.Zayçev məruzə etmiş, Qazaxıstanın Respublika büdcəsinin icrasına nəzarət üzrə Hesablama Komitəsinin Sədri N. Abdibekov, Rusiya Federasiyası Hesablama Palatasının xarici əlaqələr departamentinin diektoru A. Bazin çıxış etmişlər.
Sonra MDB-yə üzv olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının Rəhbərləri Şurasının XVII və XVIII sessiyaları arası dövr üçün İş planı təsdiq edilmiş, Şuranın yekun sənədlərinin rəsmi imzalanma mərsimi olmuşdur.
Azərbaycan Respublikası Hesablama Palatasının Sədri Vüqar Gülməmmədovun MDB-yə üzv olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının Rəhbərləri Şurasının Sədri kimi yekun çıxışından sonra ikitərəfli görüşlər keçirilmişdir.
Qeyd edək ki, MDB-yə üzv olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının Rəhbərləri Şurası 2000-ci ilin noyabr ayında Rusiya Federasiyası Hesablama Palatasının təşəbbüsü ilə Moskva şəhərində keçirilmiş görüşdə yaradılmışdır. MDB üzvü olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının rəhbərləri Şurasına 9 ölkənin Ali Audit Qurumu (AAQ) daxildir. Şuranın yaradılması MDB üzvü olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının öz ölkələrinin sosial- iqtisadi inkişafına dəstək göstərmək və qarşılıqlı iqtisadi əməkdaşlığı daha da gücləndirmək, MDB iştirakçısı olan ölkələrin AAQ-larının fəaliyyətinin koordinasiyası və səmərəli mübadiləsi məqsədini daşıyır. Şura daxilində əməkdaşlığın prioritet istiqaməti kənar dövlət maliyyə nəzarəti ilə bağlı mühüm nəzəri və praktik sualların müzakirəsi, bilik, təcrübə və məlumat mübadiləsi, birgə və paralel, ikitərəfli və çoxtərəfli nəzarət-analitik tədbirlərin keçirilməsi, o cümlədən Şuraya üzv AAQ-ların əməkdaşlarının peşəkar təlimi və ixtisasının artırılması məsələləridir.
Azərbaycan Respublikası Hesablama Palatası 2002-ci ildən Şura ilə əməkdaşlıq edir və hazırda Şuranın Əsas Milli Göstəricilər üzrə Ekspert Qrupu və Standartların hazırlanması üzrə İşçi Qrupunda təmsil olunur.
MDB iştirakçısı olan ölkələrin Ali Maliyyə Nəzarəti Orqanlarının Rəhbərləri Şurasının XVI sessiyası “MDB-yə üzv olan ölkələrin Ali Maliyyə Nəzarəti Orqanlarının iqtisadi təhlükəsizliyin təmin edilməsində rolu: müasir yanaşmalar, yeni perspektivlər və imkanlar, baş verən dəyişikliklərə adaptasiya” mövzusu üzrə 2016-cı il iyun ayının 7-8-də Belarus Respublikasının Minsk şəhərində keçirilmiş, növbəti XVII sessiyaya Azərbaycan Respublikası Hesablama Palatasının ev sahibliyi və sədrlik etməsi ilə bağlı qərar qəbul olunmuşdur.
Sessiya öz işini sentyabrın 6-da davam etdirəcəkdir.
MDB üzvü olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının Rəhbərləri Şurasının XVII sessiyası keçirilir
15:33
5 Sen 2017