Ekspert: “Kimin səlahiyyəti çoxdursa, maaşı da yüksək olmalıdır...”
Eləcə də bax: Korrupsiyaya görə ən çox şikayət edilən qurumlar açıqlanıb - SİYAHI
Səhiyyə sistemindəki “korona” şəbəkəsinin ifşa edilməsi, “Yeni klinika”nın direktoru və Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkiminin həbsi, onların köməkçilərinin məsuliyyətə cəlb olunması və bu sahədə istintaq araşdırma tədbirlərinin davam etməsi bir daha onu göstərdi ki, hökumətin sərt addımları, islahatları, kadr dəyişiklikləri korrupsiyanın kökünü kəsməkdə yetərli deyil.
Dövlət başçısının iradəsi ilə bir neçə ildir ki, ölkədə korrupsiya ilə mübarizə dövlətin bir nömrəli prioritetinə çevrilib, yüksək ranqlı məmurlar həbs edilib, icra başçıları öz vəzifə kürsülərini itiriblər. Lakin baş verənlər dərs olmayıb ki, bu dəfə də koronaviruslu xəstələrin müalicəsi üçün ayrılmış xəstəxanalara rəhbərlik edənlər mövcud vəziyyətdən, insanların çarəsizliyindən, çarpayı sayının az olmasından istifadə edib yerləri pulla satıblar, verə bilməyənləri isə ölümə tərk ediblər. Əlbəttə, onların neçə nəfəri ölümə tərk etdiyini sübut etmək bəlkə də çətin olacaq, bəlkə heç bu istiqamətdə araşdırma aparılmayacaq. Lakin qanunların burada işləməməsi, korrupsiya ilə mübarizə mexanizminin vaxtında öz sözünü deməməsi faktdır. Bir neçə aydır ki, koronavirus dərmanlarının pulla yüksək məbləğə satıldığı, çarpayıların pulla satıldığı, xəstəxanalara düşməyin pullu olduğu , yoluxma halları pik həddə çatanda dərmanların qiymətinin 5-10 qat bahalaşdığı haqda cəmiyyətdə müzakirə gedir. Nəticədə hüquq-mühafizə orqanları da araşdırıb bu cinayətkar şəbəkəni üzə çıxartdılar. Ancaq necə etmək olar ki, qanunlar, sistem, korrupsiya ilə mübarizə mexanizmi insan xislətini, tamahkarlığını vaxtında zərərsizləşdirə bilsin?
FED.az bildirir ki, mövzu ilə bağlı açıqlama verən hüquqşünas Əkrəm Həsənov vurğuladı ki, ilk növbədə onların bu əməllərindən zərər çəkənlər məhkəmələrə müraciət etməlidir: “Rüşvət , korrupsiya, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə əməllərinə yol verənlər cinayət məsuliyyətinə cəlb olunacaqlar. Onların əməlləri nəticəsində kimlərsə ölübsə, həmin şəxslər də məhkəməyə müraciət edə bilərlər. Hazırda Azərbaycanda elə bir insan yoxdur ki, onun yaxın qohumu koronavirusdan ölməsin. Kimin xəstəsindən pul tələb ediblərsə və vermədiyinə görə qəbul etməyiblərsə, həmin şəxs dünyasını dəyişibsə, onlar bunun üçün məhkəməyə müraciət edi dəymiş ziyanı tələb edə bilərlər. Ölən şəxslərin himayəsində kimlərsə qalıbsa, onlar da təzminat tələb edə bilərlər. Ancaq onu da deyim ki, bunu sübut etmək çətin məsələdir. Sübut etsək belə, bu təzminatı onlarda almaq da sual altındadır. Mən hüquqşünas kimi insanlara tövsiyə edirəm ki, məhkəməyə müraciət etsinlər. Kim bu şəxslərin cinayət əməlləri nəticəsində öz yaxınlarının dünyasını dəyişdiyini hesab edirsə, qoy onlar vurulan mənəvi zərəri tələb etsinlər. Məhkəmə də ən azı hökmdə qeyd etsin ki, sizin filan qədər insana borcunuz var, onların yaxınlarını öldürmüsünüz. Bu həm də məmurlara dərs olar ki, onların əməlləri nəticəsində ziyan çəkənlər buna görə hesab soracaqlar. Dünyanı bürüyən bu qədər böyük bir bəla ilə mübarizədə də korrupsiyaya yol verilib, bu vətəndaşlara çox pis təsir edib. Lakin mən buna təəccüblənmirəm, vəziyyəti elə bu cür də təsəvvür edirdim. İnsanlar öz haqlarını tələb etməlidirlər ki, digərlərinə də dərs olsun”.
Ə.Həsənovun sözlərinə görə, korrupsiya elə bir bəladır ki, yalnız müvafiq sistemi quraraq bununla mübarizə aparmaq olar: “Dövlət başçısının iradəsi nə qədər böyük olsa da, buna uyğun sistem yoxdursa, qanunlar işləməyəcək. Çünki məsələ fərdlərə bağlı deyil. Çox az sayda insan var ki, pul qarşısında davam gətirə bilər. Allah da Quranda insana təsir edən amilləri sadalayarkən deyir ki, əmlakınız və övladlarınız. Allah-Təala hətta əmlakı övladdan qabağa çəkir. Bu ikisi elə nəsnədir ki, insanı dünyaya bağlayır. İnsan həqiqətən maddiyyata bağlıdır, istəyir ki, pulu, varı çox olsun. Ona görə də, rüşvət təklifi qarşısında çox insan dayana bilmir, necə deyərlər hər kəsin öz qiyməti var. Az olsa imtina edər, çox olsa bəlkə də edə bilməz. Lakin elə insanlar da var ki, onları heç bir məbləğ yoldan çıxara bilməz. Bu cür insanlar isə çox azdır, bəlkə də 10 milyonda 1000 nəfər belə insan var. Deməli, sistem olmalıdır.
Sistem nədir? Kimin işi, əlindəki səlahiyyəti çoxdursa maaşı da yüksək olmalıdır. Biz, artıq SSRİ psixologiyasından qurtulmalıyıq. SSRİ-nin dağılmasından 30 il keçib, lakin biz hələ də o psixologiyadan xilas olmamışıq. Sanki dövlət kiməsə açıq-aşkar yüksək maaş verməyə qorxur ki, vətəndaşlar düzgün başa düşməz. Əslində bu yanaşma yanlışdır. Əgər sən hansısa xəstəxananın baş həkimisənsə, maaşın 10 min və ya 20 min manat ola bilər. Səlahiyyəti, öhdəliyi çox olan şəxsə yüksək maaş verilməli və tələb qoyulmalıdır ki, bundan kənara çıxmasın. Bütün sahələrdə belə olmalıdır, təkcə tibbi nəzərdə tutmuram. Bizdə dövlət məmurlarının hamısının maaşları təxmini eynidir. Sanki SSRİ-dəki sosial bərabərlik prinsipidir. Nazirlərin maaşı 2000, işçilərin maaşı 500-1000 arasında. Hamı anlayır ki, reallıqda belə deyil. Sistemin ikinci şərti, yüksək maaş verdiyimiz məmur korrupsiyaya bulaşarsa, rüşvət alarsa, o, ömürlük həbs edilməlidir və heç bir əfvə düşməməlidir".
Hüquqşünas vurğuladı ki, üçüncü və ən əsas məsələ məmurların və onların ailə üzvlərinin gəlir və xərc bəyannaməsidir: “Bunu mən də, digər ekspertlər də dəfələrlə demişik. Məmurların mövcud gəlirləri bəlli olduqdan sonra onların bahalı geyimləri, səyahətləri , avtomobilləri hamısı nəzarət altında olacaq. İnsan nədənsə qorxmalıdır, qorxmasa rüşvət də alacaq, korrupsiyaya da bulaşacaq. Heç vaxt etməz dediyimiz insanlar ilk yaxşı təklifdə bunu ediblər. Ömürlük həbs cəzası olsa, digər tərəfdən də yüksək maaşı və təminatı olsa bu zaman korrupsiya azala bilər. Əlində çoxlu səlahiyyəti, yeyinti imkanları olsa, maaşı isə az olsa, çox insan səhv edəcək. Digər tərəfdən birmənalı şəkildə korrupsiyaya bulaşan hər kəs cəzasını çəkməlidir. İndi isə insanlar görür ki, kim ilişdisə cəzasını çəkir, kim yayındısa varlıq içində yaşayır. Bu da bir daha təşviq edir. Korrupsiya faktları çoxdur, ancaq çoxları üzə çıxmır deyə cəzasını almır".
Tanınmış həkim Vasif İsmayıl da bildirdi ki, ilk növbədə bu cür yerlərdə hüquq-mühafizə orqanları yaxşı işləməlidir: “Bunu insanların insafına buraxmaq olmaz. Əgər bir yerdə korrupsiya üçün belə imkan varsa, sənətindən, peşəsindən, keçmişindən asılı olmayaraq insanlar bu cür hərəkətlərə yol verirlər. Buna görə də, hüquq-mühafizə orqanları bu məsələni nəzarətdə saxlamalıdırlar. Belə halların baş verməsi çox təbiidir. Xəstə sayı çoxalırsa, tələb artır, rəqabət yaranır və neqativ hallar baş verir.
Səhiyyə Nazirliyi dərman şəbəkəsini də nəzarət altında, təzyiq altında saxlamalıdır. Yoluxma dalğası yüksələndə dərmanların bahalaşmasına yol verilməməlidir". (Yeni Müsavat)