Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə “Kaspersky” şirkəti ilə birgə keçirilən tədbirdə Elektron Təhlükəsizlik Xidmətinin rəisi Faiq Fərmanov açılış nitqi ilə çıxış edib.
FED.az xəbər verir ki, o bildirib ki, internetdən təhlükəsiz istifadə ilə bağlı nazirlik yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən mütəmadi olaraq maarifləndirmə və məlumatlandırma tədbirləri həyata keçirilməkdədir. Belə ki, il ərzində müxtəlif təhsil müəssisələrində uşaqların, müəllim və valideynlərin sahə üzrə maarifləndirilməsi məqsədilə təlimlər və tədbirlər təşkil olunur.
Daha sonra “Kaspersky” şirkətinin mütəxəssisləri tərəfindən Azərbaycanda istifadəçilərin qarşılaşdığı kibertəhlükələr barədə geniş məlumat verilib, son statistik göstəricilər diqqətə çatdırılıb.
Bildirilib ki, “Kaspersky” şirkətinin Azərbaycanda 2019-cu ilin yanvar-sentyabr aylarında apardığı anonim statistikaya əsasən, bu müddət ərzində ölkədə fərdi kompüter istifadəçilərinin 42 faizi ən azı bir dəfə müxtəlif kibertəhdidlərlə qarşılaşıb. İstifadəçilərin çoxu isə müxtəlif məlumat daşıyıcıları, yəni yaddaş kartları, hard disklər vasitəsilə yayılan zərərli proqram təminatları ilə bağlı təhdidlərə məruz qalıb. Bundan əlavə, Azərbaycanda mobil cihaz istifadəçilərinin təxminən 3 faizi zərərli proqram təminatı ilə üzləşib.
Yanvar-sentyabr ayları ərzində Azərbaycanda şirkət işçilərinin 13 faizi zərərli proqramlarla hücum cəhdləri ilə qarşılaşıblar. Lokal təhdidlər üzrə bu göstərici daha çox, yəni 35 faiz təşkil edib.
Ötən müddət ərzində ən çox şifrləmə və hədələmə proqramları aktivləşib. Belə ki, “Kaspersky” keçən ilin ortasında (ikinci rüb ərzində) 7,5 minə yaxın belə zərərli proqram aşkar edib.
2019-cu ilin 9 ayı ərzində “Kaspersky” həlləri internetin Azərbaycan sektorunda olan istifadəçilərinin fişinq səhifələrinə köçürülməsi ilə bağlı 388 min cəhdin qarşısını alıb.
“Cinayətkarlar daim yeni hücum metodları icad edir, hücum alətləri inkişaf etdirir, qurbanların yeni kateqoriyalarını axtarırlar. Belə şəraitdə kibertəhlükəsizlik bir dəfə quraşdırılmış və konfiqurasiya edilmiş proqram təminatı deyil, bu təhlükəsizlik həllərinin istifadəsi, müxtəlif ekspert xidmətləri və təlimlərin qoşulması, geniş məlumat axınının analizi və sistemin bütün elementlərinin idarə olunmasını əhatə edən davamlı bir prosesdir. Başqa sözlə, bu gün kibertəhlükəsizliyə çoxsəviyyəli bir yanaşma vacibdir” – bunu “Kaspersky” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi Müşfiq Məmmədov deyib.
“Kaspersky” şirkətinin sifarişi ilə həyata keçirilmiş araşdırmanın nəticələrinə görə, Bakıda valideynlər övladlarının internetdə fəaliyyətlərini məhdudlaşdırmağa və onların kibertəhlükəsizliyinə görə narahat olmağa meyillidirlər, lakin özləri elementar təhlükəsizlik tədbirlərini unudurlar.
Belə ki, sorğuda iştirak edən valideynlərin 74%-i bildirib ki, övladının cihazla keçirə biləcəyi vaxtı məhdudlaşdırır. Respondentlərin 85%-i hər zaman və ya lazım olduğu halda övladının cihazla nə etdiyinə və internetdə necə vaxt keçirdiyinə nəzarət edir. Paytaxt valideynlərinin 72%-i övladına bu cür nəzarət etməsini etik qaydalara uyğun sayır. Valideyn tərəfindən nəzarət göstəricisinin uşaq yetkinlik yaşına çatdıqda da yüksək qalması maraq doğurur. Məsələn, sorğuda iştirak etmiş valideynlərin yarısı 15-18 yaşlarında olan yeniyetmə övladlarının cihaz istifadəsinə nəzarəti normal hesab edir.
Valideynlərin özləri isə sosial şəbəkə hesablarında övladları haqqında mütəmadi olaraq foto və yazılar paylaşırlar. Araşdırma nəticələrinə görə, Bakıda valideynlərin 55%-i bu cür davranır. Onların yalnız 22%-i övladından şəbəkədə onun haqqında məlumat yerləşdirmək üçün razılıq alır. Rəyi öyrənilmiş valideyn respondentlərin 19%-i sosial şəbəkələrdə uşaqlarının həyatından hekayələr paylaşır, 14%-i hobbiləri haqqında yazır, 18%-i geolokasiya, 11%-i isə övladlarının oxuduğu təhsil müəssisəsi haqqında məlumat verir.
Eyni zamanda, tədbirdə kibertəhlükələrdən qorunmaq üçün istifadəçilərin riayət etməsi tövsiyə olunan əsas qaydalar barədə danışılıb.
trend.az