FED.az xəbər verir ki, Şimali Dakota Universitetinin maliyyə üzrə dosenti Fariz Hüseynli son günlər İngiltərənin maliyyə bazarlarında yaranan böhranı və onun səbəblərini şərh edir:
İngiltərədə maliyyə dünyasında nə baş verir?
Çox bəsit şəkildə izah etsək - əvvəla hökümət səhv maliyyə siyasətini açıqlayanda bazar başa düşdü ki, büdcə kəsiri artacaq. Sonra hökümət dedi ki, poundun (ingilis funtu - 1,8894 manatdır - FED.AZ) zəif olması bizə problem deyil (bir az Türkiyə kimi), əsas böyümə olsun, eybi yox qoy pound zəifləsin.
Ödəmələr kəsiri verirsənsə və nə qədər güclü pulun olsa da, dollar kimi rezerv deyilsənsə bunu deməklə artıq öz əleyhinə işləyirsən. Bütün bazar da başa düşdü ki, İngiltərə dövlət borc kağızlarının dəyəri düşəcək və pound zəifləyəcək. Dərhal hamı satmağa başladı.
Amma gərək sistemdə zəif halqanı biləsən – kəndiri nə qədər bərk çəksən incəldiyi yerdən qırılacaq. Zəif halqa isə bəzi aracı şirkətlər idi, hansılar ki, qısa müddətli dövlət borc kağızlarına yatırım edirdilər və bunu zəmanət göstərərək borc alıb fərqli müddətli yatırımlar edirdilər.
Bu fondlar elə bil borc arbitrajı edirdilər və çox bəsit şəkildə pul qazanırdılar. Qısa müddətli dövlət borcunu al, onu zəmanət göstər əvəzində nağd götür, get yenə borc kağızları al, onu zəmanət qoy yenidən nağda çevir və beləcə arada müəyyən arbitraj qazanırdılar. Amma problem odur ki, bu fondlar ki, bu kağızları zəmanət göstərirdi, həmin zəmanətin dəyərindən asılı idi hər şey. Birinci paraqrafda dediyim kimi, həmin borc kağızları dəyərdən düşəndə artıq sağlam zəmanət ola bilmədi.
Bütün sistem isə onların üstündə qurulmuşdu. Zəmanət çökəndə sənə borc verən axı borcunu istəyəcək. Onlar da məcburən əllərindəki, kağızları satmalı oldular, amma satdıqca daha da ucuzlaşdı kağızlar. Yəni margin-borc spiralına girdilər (2008də ipoteka kağızlarına zəmanətli borcu olan banklar kimi) və nəticədə batmalı oldular.
Amma sistemdə zəif halqa onlar deyildi, pensiya fondları idi. Pensiya fondları bu fondlara yatırım etmişdirlər, külli miqdarda. Gələcəkdəki pensiya öhdəliklərini qarşılamaq üçün bu yatırımlar normal görünürdü. Bir Allahın qulu da demirdi, bəs birdən bu zəmanətlər buxarlansa, biz nə edəcəyik? Zəif halqa pensiya fondları elə vəziyyətə düşdü ki, dövlət məcburən müdaxilə etdi və Mərkəzi bank (BOE) bu kağızları almağa qərar verdi ki, qiyməti stabilləşsin və bazar çökməsin.
Nə isə, uzun sözün qısası, istər şirkətdə maliyyəçi, istərsə də bank sistemində işləyirsənsə, gərək sual verəsən, pul necə hərəkət edir?, hərəkətə nə təsir edir? və bu hərəkətləri pozacaq faktorlar nələrdir?. Çox vaxt hər şey yaxşı işləyəndə sistem çox normal görünür və heç kim sual vermir, amma gərək qısaqapanma ssenariləri edəsən və görəsən ki, harada tıxac yaranacaq və bu şirkətə, ya banka, ya da sistemə necə təsir edəcək. Yəni maliyyə sistemini öyrənəndə gərək santexnik kimi pulun keçdiyi trubaları, filterləri, “troynikləri” və sairəni öyrənəsən
Maliyyə bazarlarının hərəkətverici qüvvəsi səhm bazarları yox, borc bazarlarıdır. Maliyyə sistemini tam başa düşmək üçün borc bazarını başa düşəsən. Pulun hərəkətində əsas kanallardan biri repo bazarlarıdır.
PS. Bilirəm deyəcəksiz bunlar hamısı köpükdü, real iqtisadi dəyəri yoxdur vəs, razı deyiləm, amma bu qalsın başqa vaxta. Real iqtisadiyyat deyirsizsə, onda nəsə əkin becərin, qurub-satın. Peruda bir adam 6-7 il qabaq deyib "bizdə niyə blueberry (mavigilə?) olmur?", başlayıb əkinə. İndi Peru olub dünyanın ikinci böyük blueberry istehsalçısı