Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində "Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri, professor Adil Qəribov Rusiyanın "Rosatom” dövlət korporasiyasının Azərbaycan Prezidenti İlham Əliyevə ölkədə Atom Elektrik Stansiyasının (AES) tikintisi də daxil olmaqla, nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq təklif etməsinə münasibət bildirib.
A. Qəribov açıqlamasında deyib ki, bu, normal bir haldır, böyük şirkətlər belə təkliflərlə müraciət edirlər.
"Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin sədri bildirib ki, Argentina bu yaxınlarda Azərbaycan Xarici İşlər Nazirliyi vasitəsi ilə Azərbaycana belə təklif ünvanlayıb. Bundan əvvəl Fransanın da belə müraciəti olub: "Azərbaycana müxtəlif səviyyələrdə müraciətlər olub. Hələ mən Azərbaycan Milli Elmlər Akademiyasında Radiasiya Problemləri İnstitutunda çalışdığım vaxtlarda da belə müraciətlər olmuşdu. Bu, normal məsələdir. Məncə, son təklif həm də ondan qaynaqlanır ki, Azərbaycanla Rusiya arasında sıx strateji və qonşuluq münasibətləri var”.
A. Qəribov "Rosatom”un "Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC ilə də sıx əlaqədə olduğunu nəzərə çatdırıb: "Bizim 8 mütəxəssisimizi Rusiyada həm magistraturada, həm də doktoranturada oxudurlar. Yəni "Rosatom” bu sahədə bizə kömək edir. Amma Azərbaycan tərəfində hər hansı AES-in tikilməsi, yaxud bu layihəyə başlanması barədə rəsmi şəkildə heç bir sənəd yoxdur. Mən də eşitmişəm ki, "Rosatom” belə müraciət edib. "Rosatom” özü də belə müraciətin olunacağını bildirmişdi. Bu gün baxdım ki, artıq müraciətin məğzini mətbuat daha detallı yazıb. Mətbuatda əksini tapan müraciətdəki hər iki variant- həm nüvə tədqiqatları və nüvə texnologiyalarının digər sahəsində əməkdaşlıq, həm də enerji reaktorların tikilməsi normal təklifdir. İndi bütün ölkələrdə, hətta böyük neft, qaz ehtiyatlarına malik ölkələrdə, məsələn qonşu İranda da belə layihələr icra olunur, AES-lər tikiblər.
ELƏCƏ DƏ BAX: Əməkdaşlıq etdiklərimizi də yoxlaya bilərik - VERGİLƏRDƏN MÜSAHİBƏ
Birincisi, artıq AES-dən istifadə etmək səmərəlidir. İkincisi, indiki şəraitdə artıq üçüncü, dördüncü nəsil nüvə reaktorları hazırlanıb. "Rosatom” "3+” nəsil nüvə reaktorunu istifadəyə verməyə hazırlaşır, IV nəsil nüvə reaktoru texnologiyasını işləyərək hazırlayıb. Bu cür texnologiyalar Fransa tərəfindən də həyata keçirilir. "3+” və IV nəsil nüvə reaktorları texnologiyasında təhlükəsizlik məsələsi ən yüksək səviyyədə təmin olunub, passiv müdafiə təhlükəsizlik sistemləri var. Passiv təhlükəsizlik sistemi vasitəsi ilə də reaktorun aktiv zonada temperaturu heç vaxt 400 dərəcədən yuxarı qalxmayacaq. O rejimdə də heç vaxt o reaktorda qəza olmayacaq. Ona görə də bu cür reaktorlar aktualdır və istifadə edilə bilər. Amma Azərbaycanda nə Prezident, nə də Nazirlər Kabinetinin nüvə reaktorunun tikilməsi barədə rəsmi bir sərəncamı, qərarı yoxdur. Əgər gələcəkdə iqtisadi səmərəliliyi müəyyən olunarsa, neft, qaz və digər enerji növlərinin AES-lə əvəz olunması daha çox səmərəli sayılarsa, yəqin ki, bu istiqamətdə gələcəkdə hər hansı layihə icra oluna bilər”.
A. Qəribov hazırda "Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-yə nə Prezident, nə Nazirlər Kabineti, nə də Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən məsələ ilə əlaqədar rəsmi göstəriş verilmədiyini qeyd edib: "Sadəcə, bu, "Rosatom”un müraciətidir. Yəqin ki, bu barədə bir qərar olarsa, ilk növbədə bu barədə sosial şəbəkələrdə müzakirəsi aparılmalıdır, əhaliyə çatdırılmalı və ictimai rəy hazırlanmalıdır. Bu, elə-belə əl altından görülən iş deyil. Bununla bağlı Azərbaycan dövləti tərəfindən rəsmi qaydada bir addım atılsa, mətbuat da bunu birinci növbədə biləcək”.
Qeyd edək ki, Rusiya mətbuatı "Rosatom”-un Azərbaycana iki təklif təqdim etdiyini yazıb. Bunlardan birincisi AES-in dərhal inşasına başlanılmasını, digəri isə Rusiya ilə Azərbaycan arasında nüvə enerjisi sahəsində əməkdaşlığın mərhələli şəkildə inkişaf etdirilməsini nəzərdə tutur. İkinci variantda AES-in tikintisi 5-6 il sonra başlaya bilər.
“İki ölkə Azərbaycanda AES tikmək üçün müraciət edib…” - Adil Qəribov
11:20
14 Dek 2018