Fərid Novruzi: Əfsuslar olsun ki, hazırda Azərbaycanda “outlet” sektoru dünya standartlarına cavab vermir.
Azərbaycanda tekstil sənayesinin bir sektoru olan hazır geyim istehsalı o qədər də inkişaf etmədiyindən ölkəmizə bu tip məhsullar daha çox Çin, Türkiyə, Pakistan, Banqladeş və s. dövlətlərdən idxal edilir. Pərakəndə geyim sektorunun idxaldan asılı olması bu bazarın inkişafı üçün bəzi məsələlərin həllini zəruri edir.
Eləcə də bax: "Türkiyədən 10 manata aldığınız geyim Bakıda 12 manata olacaq" - MÜSAHİBƏ
Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının (AFRA) sədri Fərid Novruzi ölkəmizin geyim bazarının, o cümlədən “outlet” (vitrində sərgilənmiş, sayı yalnız məhdud sayda və limitli qalmış, geri qaytarılmış və ya istehsal artığı olan məhsullar) sektorunun inkişaf etdirilməsi, geyimlərin onlayn formada satışı və s. ilə bağlı FED.az-ın suallarını cavablandırıb.
- Assosiasiya geyim idxalçılarının fəaliyyətinə hansı şəkildə dəstək göstərir?
- İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə yaradılan AFRA aktiv fəaliyyətə 2022-ci ilin yanvar ayından başlayıb. Hazırda assosiasiyanın 89 brend və 227 mağaza ilə təmsil olunan 30 üzvü var. AFRA-nın əsas fəaliyyət istiqaməti pərakəndə geyim idxalı sahəsində mövcud problemlərin aşkar edilməsi və onların həlli istiqamətində bazar iştirakçıları ilə müvafiq dövlət qurumları arasında kommunikasiyanı təmin etmək, pərakəndə geyim sektoru iştirakçıları ilə təcrübə mübadiləsi aparmaq, ümumi dövriyyəni artırmaq, dövlət büdcəsinə müvafiq vergi və rüsumların ödənilməsini təmin etmək yolu ilə ölkə iqtisadiyyatının inkişafına dəstək olmaqdır. Qeyd etmək istərdim ki, AFRA-ya üzv olan şirkətlərin minlərlə əməkdaşları var, AFRA üzvləri hər il dövlət büdcəsinə küllü miqdarda vergi ödəyir. Üzvlərimiz nağdsız hesablaşmaların artırılması, insan kapitalına sərmayələrin qoyulması kimi tədbirləri həyata keçirməklə dayanıqlı iqtisadiyyatın təminatçılarına çevrilirlər.
- Hazırda geyim mallarının idxalı və satışı ilə bağlı hansı problemlər var?
- Nəzərinizə çatdırmaq istərdim ki, hazırda pərakəndə geyim idxalçılarının bir sıra problemləri var. Əsas problem isə əlavə dəyər vergisinə (ƏDV) vahid dərəcənin tətbiqi (18%), yüksək gömrük rüsumu (15%), geyimlərin ixracatçıya qaytarılması zamanı bu verginin geri qaytarılmamasıdır. Bundan başqa bəzı «sahibkarlar»ın vergidən yayınaraq xarici onlayn platformalardan şəxsi istifadə adı altında, kommersiya məqsədləri ilə geyim idxal edib bazarda rəqabət prinsiplərini pozması da bizim üçün problemə çevrilib.
Bu günə kimi AFRA üzvlərinin Dövlət Vergi Xidməti, Dövlət Gömrük komitəsi və digər əlaqəli qurumların rəhbər şəxsləri ilə görüşləri keçirilib, pərakəndə geyim idxalçılarının problemləri dinlənilib və bu problemlərin həlli üçün birgə səylərin göstərilməsi barədə razılıq əldə olunub.
- Fərid bəy, geyim bazarı özü də bir neçə yerə ayrılır. Var mövsümi geyimlər, hansı ki, onlara böyük tələbat və qiymətləri yüksək olur. Bir də «outlet» geyimlər var, hansı ki, mövsümü keçib və qiymətləri bir qədər azalıb. Bu sahədə vəziyyət necədir? Bu sektorun inkişafı üçün hansı işlər görülə bilər?
- Azərbaycanca mövcüd alıcılıq qabiliyyətini nəzərə alaraq, deyə bilərəm ki, “outlet” bazarının inkişafı üçün ölkəmizdə böyuk potensial var. Əfsuslar olsun ki, hazırda Azərbaycanda bu sektor dünya standartlarına cavab vermir və yerli istehlakçılara təklif edilən “outlet” malları yalnız qalıq üzərindən (satılmayan mallar) formalaşır. “Outlet” bazarı kifayət qədər genişdir, bu bazarı genişləndirmək üçün iri ticarət mərkəzlərinə ehtiyac var. Belə mərkəzlərdə “outlet” malları ilə yanaşı, digər malların da satılması üçün imkan olmalıdır. Artıq Azərbaycanda “outlet” bazarının inkişafı üçün fəaliyyət göstərən, bu sahəni genişləndirməkdə maraqlı olan iş adamları var.
"Outlet" geyim istehsalı və satışı sahəsində bir sənaye istiqamətidir. Bu geyimlər adətən baza materiallardan tikilən istehsal xətti olur və bu məhsulların qiyməti əsas istehsal xətti üçün müəyyən olunan qiymətlərdən aşağı olur. Qiymətlərin aşağı olması bir tərəfdən idxalçıların dövriyyəsini və gəlirlərini artırmağa, digər tərəfdən istehlakçılara brend geyim mallarını daha səmərəli şərtlərlə əldə etməyə imkan yaradır. Assosiasiya olaraq, bununla bağlı artıq Dövlət Gömrük Komitəsinə müraciət etmişik.
- Gömrük Komitəsinə müraciət nə ilə bağlıdır? Burada problem nədədir?
- Məsələ bundadır ki, idxal olunan mövsümi brend malları ilə “outlet” mallarının idxal kodları eynidir, lakin gömrük mütəxəssisləri “outlet” mallarına tətbiq edilən qiymətləri nəzərə almır və bunu qiymətin aşağı salınması kimi qeyd edirlər. Biz də bunun nəzərə alınmasını və adi mövsümi malları ilə “outlet” mallarının idxal edilməsi zamanı fərqli vergi tutma qaydasının tətbiq edilməsini təklif etmişik. Düşünürəm ki, bu sahədə heç bir problem olmayacaq və “outlet” bazarının inkişafını bu yolla təmin edəcəyik.
- Bəs xaricdən geyimlərin sifariş edilməsi satış bazarına hansı formada təsir göstərir?
- Xarici onlayn platformalardan sifariş olunan malların miqyası həddindən artıq böyükdür. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, istehlakçılar şəxsi istifadə üçün ay ərzində 300 dollar məbləğində məhsul sifariş verdikdə rüsumlardan azad olurlar. Ancaq qeyd etməliyəm ki, dövlət tərəfindən vətəndaşların istehlak hüquqlarının qorunmasına yönəlmiş bu qərardan bəzi “sahibkarlar” sui-istifadə edir, şəxsi istifadə adı ilə sifariş olunan bu malları dövlət tərəfindən müəyyən olunmuş vergi və rüsumlardan yayındıraraq istehlakçılara satırlar. Vergidən yayınma malların daha ucuz satılmasına imkan verir ki, bu hal da bazarda sağlam rəqabətin pozulmasına gətirib çıxarır. Belə hallar assosiasiya üzvlərini ciddi narahat edir. Bəzi brendlər distribütor məsələsi həll edilmədiyi təqdirdə bazardan gedəcəkləri ilə bağlı bəyanat veriblər. AFRA bu məsələ ilə bağlı artıq Dövlər Vergi Xidməti və Dövlət Gömrük Komitəsinə müraciət edib. Hazırda məsələnin həlli üçün birgə işlər görülür.
- Ümumiyyətlə, yerli geyim istehsalı bazarı ölkənin ümumi geyim bazarının necə faizini təşkil edir və yerli istehsalçılar əsasən, nələr istehsal edirlər?
- Hazırda vitrinlərdə istehlakçılara təqdim olunan geyim məhsullarının 90 faizi idxal olunan mallardır. Azərbaycanda bəzi kiçik istehsal sahələri var. Ancaq ümumilikdə Azərbaycanda tekstil sənayesi o qədər geniş inkişafı etməyib. Ona görə də yerli istehsalla bağlı dəqiq statistik göstəricini açıqlamaq çətindir. Azərbaycanda əsasən dövlət sifarişlərini yerinə yetirən “Bakı Tikiş Evi” fəaliyyət göstərir, amma onlar da xaricdən gələn brend geyimlərlə rəqabət aparmaq gücünə malik deyillər.
- Yerli geyim istehsalı sahəsini stimullaşdırmaq üçün hansı tədbirlər görülə bilər? Ümumiyyətlə, Azərbaycanda geyim istehsalı üçün lazımi şərait varmı?
- Bir mənalı olaraq, Azərbaycanda tekstil sənayəsinin inkişafı üçün, hətta mən deyərdim ki, bərpası üçün bütün lazımi şərait və potensial imkanlar var. Pambıq tekstil istehsalı üçün lazım olan əsas xammaldır. Sovet dövründə Azərbaycanın pambıq sənayesi yüksək məhsuldarlığı ilə seçilirdi, lakin siyasi proseslər nəticəsində bu sahə tənəzzülə uğradı. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarının birində ölkədə pambıq istehsalının yenidən sovet dövründəki səviyyəyə qaldırılacağı barədə söylədiyi fikirlər bu sahənin inkişaf edəcəyinə şübhə yaratmır. Təbii ki, belə olan şəraitdə və dövlət dəstəyi olduğu halda bütün mövcud imkanları səfərbər edərək Azərbaycanda tekstil sənayesinin inkişafını dünya standartlarına çatdırmaq olar. Bunun üçün müvafiq qanunverici bazaya dəyişikliklərin edilməsi, bu sahədə fəaliyyət göstərən sahibkarlara imtiyazların verilməsi, idxal olunan istehsal avadanlıqlarına və xammala vergi tətillərinin tətbiq edilməsi, sənaye parkları və məhəllələrində kommunal xərclərə güzəştlərin edilməsi, hər sahədə olduğu kimi, dövlət tərəfindən sahibkarlara dəstək tədbirlərinin tətbiqi tekstil sənayesinin bərpasına gətirib çıxara bilər. Belə halda Azərbaycanda istehsal olunan tekstil malları Türkiyə, Pakistan, Çin məhsulları ilə rəqabət apara bilər.
- Malların idxalı zamanı ƏDV-nin ödənilməsinə bank zəmanəti əsasında möhlət verilməsini təklif edirsiniz. Bu təklifin reallaşması geyim bazarı üçün nələri dəyişə bilər?
- Bəli, bu məsələ ilə bağlı artıq Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsində görüşlərimiz olub. Təklif etdiyimiz mexanizm, pərakəndə geyim idxalçılarının nağd vəsait axınına pozitiv təsir edəcək. Bu da öz növbəsində sahibkarların sərəncamına əlavə vəsaitlərin daxil olmasına və mal idxal etmək imkanının genişlənməsinə gətirib çıxaracaq. Əgər dövlət tərəfindən təklifimiz qəbul olunarsa, sahibkarların dövriyyələrinin artırılması hesabına dövlət büdcəsinə köçürülən vergilərin də məbləğı artırılacaq. Başqa sözlə, daha çox satış daha çox vergi deməkdir.