İqtisadiyyat

«Gömrük zabitini sosial şəbəkə ilə şantaj edirlər» - KOMİTƏDƏN AÇIQLAMA

«Gömrük zabitini sosial şəbəkə ilə şantaj edirlər» - KOMİTƏDƏN AÇIQLAMA | FED.az
09:17 10 Yan 2020

Son günlər bəzi sosial şəbəkə istifadəciləri Azərbaycan-Gürcüstan sərhədində qarşılaşdıqlaı vəziyyətlə bağlı fikirlərini bölüşüblər. Burada gömrük orqanınin fəaliyyəti tənqid edilirdi.

Eləcə də bax: «Gömrük zabitinin Nazirlər Kabinetinin Qərarından - XƏBƏRİ YOX İDİ» - STATUS

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin cavabı özünü gözlətməyib. Komitənin ictimaiyyətlə əlaqələrinin rəhbəri Natiq Axundov bildirib ki, əslində bəzi şəxslər xidməti vəzifəsini yerinə yetirən gömrük əməkdaşlarını «sosial şəbəkədə biabır edəcəkləri» ilə hədələyərək şantaj ediblər.

N.Axundov yazır:

 

«Bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərən gömrük orqanları şəxslərin və nəqliyyat vasitələrinin sərhədkeçmə proseslərinin asan və sürətli şəkildə həyata keçirilməsini təmin edib. Ümumilikdə, bayram ərəfəsi və tətil günlərini əhatə edən 10 gün ərzində xaricə səyahət edən və ölkə ərazisinə daxil olan şəxslərin sayında ciddi artım müşahidə olunub. Belə ki, bu müddət ərzində, ümumilikdə 537 224 şəxs və 44021 yüngül minik nəqliyyat vasitəsi ölkənin gömrük sərhədindən keçib ki, bu da gün ərzində 53 mindən artıq sərnişin, 4400-dən artıq minik avtomobili deməkdir.

Bütün gömrük nəzarəti tədbirləri qanunvericiliyə uyğun olaraq, eyni zamanda şəxslərin rahatlığını və məmnuniyyətini təmin edəcək şəkildə həyata keçirilib. Beynəlxalq praktika da nəzərə alındıqda qısa müddət ərzində bu həcmdə sərnişin və nəqliyyat axınının, bəzi istisnalar xaric, idarə edilməsi onu deməyə əsas verir ki, gömrük orqanları üzərinə düşən vəzifəni uğurla yerinə yetirib.

Lakin bəzi sosial şəbəkə istifadəçiləri bayram günlərində gömrük-sərhəd keçid məntəqələrinin fəaliyyəti ilə bağlı həqiqətə uyğun olmayan və subyektiv amillərə əsaslanan paylaşımlar etməklə gömrük orqanlarına qarşı əsassız ittihamlar irəli sürürlər. Azərbaycan Respublikası Nazirlət Kabinetinin 305 saylı qərarının yanlış şərh olunması və bəzi fiziki şəxslərin bu qərarın müddəalarına əməl etmək istəməməsindən qaynaqlanan ittihamlara cavab olaraq bildiririk ki, hər biri fiziki şəxs hər təqvim ayı ərzində bir dəfə gömrük ərazisinə 30 kiloqrama qədər müxtəlif növ ərzaq məhsulları gətirə bilər. Lakin aparılan araşdırmalar onu göstərir ki, bir çox hallarda bu kimi məhsulların şəxsi istifadədən artıq miqdarda gömrük sərhədindən keçirilməsinə cəhd göstərilir. Bu zaman gömrük orqanlarının qanunvericiliyə uyğun şəkildə həyata keçirdiyi nəzarət tədbirləri ilə razılaşmayanlar isə sosial şəbəkələrdə paylaşımlar edərək qanunsuz əməllərinə haqq qazandırmağa, gömrük orqanlarına təzyiq göstərməyə çalışırlar, hətta daha irəli gedərək bəzi sosial şəbəkə “şoumen”ləri vəzifə səlahiyyətlərini icra edən gömrük zabitlərinə “səni sosial şəbəkədəki səhifəmdə biabır edəcəyəm” deyərək şantaj xarakterli cümlələr qurmaqdan belə çəkinmirlər.

Bir daha bildiririk ki, ölkənin gömrük sərhədindən mal və nəqliyyat vasitələrinin keçirilməsi qanunvericiliyə uyğun şəkildə tənzimlənir. Gömrük orqanlarının fəaliyyəti qanunvericiliyin tələblərinə riayət edilməsinini təmin etməkdir və bu fəaliyyət ilk növbədə vətəndaş məmnuniyyətinin təmin olunmasına əsaslanır».

 

 

Digər xəbərlər