Azərbaycanda fəaliyyət göstərən pərakəndə geyim satışı şirkətləri satılmayan geyimləri yenidən xaricə - istehsalçılara qaytarmaq imkanı əldə ediblər.
Eləcə də bax: Geyim idxalçıları ekspeditor şirkətlərilə əməkdaşlıq edəcək - SAZİŞ
Bu barədə FED.az-a Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının sədri Fərid Novruzi bildirib.
Onun sözlərinə görə, bəzi istehsalçı şirkətlər (yəni xarici brendlər – FED.az) özlərinin mal göndərdikləri tərəfdaşlarına icazə verirlər ki satılmayan malları geri qaytarsınlar.
«Bu satılmayan hissənin 10%, 15%, 20% və sair hissəsi qədər ola bilər – limitlər müxtəlifdir. İstehsalçılar bu addımı ona görə atırlar ki, onların istehsal etdiyi brendlər həddən artıq endirimlə ucuz qiymətə satılaraq brendin nüfuzu zədələnməsin».
İndiyədək bu üsula yalnız bir sıra şirkətlər icazə verirdi, son vaxtlar isə satılmayan malları geri qaytarmağa icazə verən şirkətlərin sayı artıb: «İndi xarici şirkətlər Azərbaycandakı geyim satıcılarına satılmayan malların bir hissəsini geri qaytarmağa icazə verirlər. Biz bir neçə şirkətdən belə bir icazə almışıq və həmin maları geri qaytarmaq imkanı əldə etimişik».
Bu üsul «reeksport» – yəni yenidən eksport adlanır. Fərid Novruzu bildirib ki, satılmayan malların geri qaytarılması təşkilati cəhətdən problem deyil: «Malları avtomobilə və ya təyyarə ilə daşımaq mümkündür»
Məsələnin digər tərəfi ondadır ki, iş adamları satılmayan mallara görə gömrük rüsumu ödəyiblər və indi hesab edirlər ki, bu mallar ölkədən çıxarıldığına görə onara görə ödənilən rüsumlar da onlara qaytarılmalıdır: «Həmin mallar ölkəyə gətiriləndə onun üçün gömrük rüsumu və əlavə dəyər vergisi də ödənilib. ƏDV-ni əvəzləşdirmək mükün olsa da, rüsum geri qaytarılmır».
İş adamları bildirir ki, bu az məbləğ deyil: «Əgər aldığımız malın 10%-ni geri qaytarırıqsa, həmin hissəyə hesabalanan 15% rüsumdan sözbət gedir».
Başqa sözlə, məsələn xaricə 20 min manatlıq mal qaytarılırsa, ona hessablanan 15%-lik yəni 3 min manat rüsum geri qaytarılmalıdır.
Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının sədri Fərid Novruzi bildirir ki, iş adamları bu vəsaiti pul şəklində istəmirlər: «Sadəcə istəyirik ki, bu məbləğ gələcəkdə əvəzləşdirilsin, yəni yeni malları gətirəndə ödənişlər əvvəlki məbləğlə əvəz edilsin».
F.Novruzi bildirib ki, Assosiasiya bu məsələni Gömrük Komitəsi ilə müzakir etməyə hazırlaşır. Son vaxtlar bu qurumlar aparılan islahatlar iş adamlarını məsələnin müsbət həllinə həvəsləndirib: «Artıq ölkədə islahatlar aparılır, qida, gömrük, vergi - kadrlar dəyişir. Bu da müasir tələblərdir».
Satılmayan mallara görə rüsumların geri qaytarılması şirkətlərə daha çox mal çeşidi gətirməyə də imkan verəcək: «Çünki hazırda satılmayacağından narahat olaraq çeşidlərin sayını artırmırıq, amma belə narahatlıq olmayanda (yəni qaytarmağa icazə olduğu halda) daha geniş sayda məhsullar satmaq imkanı yaranacaq. Baxın, bir hərəkət neçə problemi həll edə bilir»-deyə iş adamı bildirir.
«Biz əlavə bir şey istəmirik. Bu məhsul ölkəyə daxil olanda onsuz da onun pulu ödənilib, sadəcə satılmayıb, ölkədən çıxarılanda onu geri qaytarmaq. Hətta fiziki olaraq qaytarmağı da istəmirik, sadəcə gələcəkdə malar gətiriləndə onların resumu hesablananda bunlarla əvəzləşdirək. Bu ədalətli yanaşma olardı» - deyə Assosiasiya sədri FED.az-a bildirib.