Rəsmi statistika etibarlı olmalıdır, əks halda qəbul edilən iqtisadi qərarların nə cari, nə uzunmüddətli hədəflərinə yetişməsi mümkün deyil. Çox sadə bir nümunə: işsizliyin və yoxsulluğun real miqyası hökumətin statistikada əks etdirdiyindən daha böyükdürsə, hökumət reallığa yox, statistikaya baxacaq. Sonucda rəsmi göstəricilər yoxsulluq və işsizliyi kəskin problem kimi qeydə almadığı üçün bu istiqamətlərdə qəbul olunan qərarlar da kəsərli olmayacaq. Yaxud statistika əmək qabiliyyətli yaşında insanların ölüm əmsalının yüksəlməsini və ya ölüm səbəblərini doğru aşkarlamayacaqsa, səhiyyə proqramlarından problemin həlli üçün adekvat tədbirlərin müəyyən edilməsini gözləmək lazım gəlməyəcək. Rəsmi statistika inflyasiyanı və nominal gəlirlərin artım səviyyəsini doğru ölçməlidir, əks halda əhalinin real gəlirlərinin artımına yönəlmiş sosial siyasətin hədəfləri də doğru olmayacaq.
Etibarlı statistika yalnız qərar qəbul edən hökumət qurumları üçün deyil, həmin təsisatların, bütövlükdə cəmiyyətin bəhrələnməsi üçün alternativ hesabatlar hazırlayan müstəqil beyin mərkəzləri, eləcə də dövlətin özünün elmi araşdırma institutları üçün həyati əhəmiyyət daşıyır. Hər il dövlət elmi-araşdırma institutlarının saxlanmasına dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılsın, amma onlar gerçəkliyi əks etdirməyən statistik baza ilə çalışsınlar – bu çalışmaların hökumətə, ən əsası cəmiyyəyə nə faydası olacaq?
Statistikanın siyasi təbliğat üçün vasitə kimi istifadə olunması idarəedicilərin cari fərdi maraqlarına fayda qazandıra bilər, amma cəmiyyətin strateji maraqlarına zərbə vurur. Azərbaycanın rəsmi statistikasında bir sıra göstəricilər uzun illərdi müstəqil araşdırmaçıların etibarını qazana bilmir. Bu, özünü cəmiyyət üçün xüsusi həssaslığı olan sosial göstəricilərdə – yoxsulluq, işsizlik, inflyasiya səviyyəsi kimi mühüm statistik məlumatlarda daha aşkar büruzə verir. Məsələn, son illər hökumət yoxsulluq səviyyəsinin 5% ətrafında olduğunu elan edir. Lakin müstəqil ekspertlər hökumətin yoxsulluğu ölçmək üçün istifadə elədiyi mexanizmi yanlış saydıqlarına görə rəsmi yoxsulluq səviyyəsilə bağlı statistik məlumatlara güvənmirlər.
Rəsmi statistika yoxsulluğu minimum istehlak səbətinin dəyərinə əsasən ölçür. Əvvəla, bu səbətlər üzrə hazırkı normativlər, xüsusilə qida normaları nəinki inkişaf etmiş, hətta inkişaf etməkdə olan xeyli ölkənin də standartlarından aşağıdır. Digər tərəfdən, yaşayış minimumunun hazırkı dəyərinin əsas hissəsi ərzaq səbətinə aiddir. Bu cür yanaşma əslində daha çox “qida yoxsulluğunu” ölçməyə imkan verir (bəzi ölkələrdə buna aclıq həddi deyilir). Halbuki nəinki inkişaf etmiş, eləcə də çox sayda inkişaf etməkdə olan ölkələrdə yoxsulluq səviyyəsi yalnız insanların minimum qida təminatı ilə deyil, bır sıra mühüm sosial və kommunal xidmətlərə əlçatanlığı, mənzillə təminat səviyyəsi əsasında ölçülür. Əlavə olaraq, ayrı-ayrı ölkələrdə yalnız mütləq yoxsulluq həddi deyil, median gəlirlər əsasında nisbi yoxsulluq göstəricisi hesablanır. Halbuki Azərbaycanda hələ median gəlir göstəricisi belə rəsmi olaraq açıqlanmır.
Nəhayət, son 12 ildə Azərbaycan hökuməti yoxsulluğun ölçülməsi üçün hazırda istifadə edilən və daha çox zəif inkişafa malik ölkələrdə tətbiq olunan (əsasən minimum qida istehlakı səviyyəsinə uyğun) mexanizmi dəyişməyib. Halbuki bu müddətdə Azərbaycan böyük neft pullarının sürətli axını hesabına Dünya Bankının təsnifatında “aşağı orta gəlirli” ölkədən (hazırda adambaşına milli gəliri 4085 dollara qədər olan) “yuxarı orta gəlirli“ (adambaşına milli gəliri 4085-12615 dollar intervalında) ölkə qrupuna keçib. İndi Azərbaycanda istifadə olunan yoxsulluq ölçmə metodu məhz aşağı və aşağı orta gəlirli təsnifat qrupunda olan ökələr üçün xarakterikdir. Yuxarı təsnifat qrupuna keçid yüksək həyat standartlarının əldə edilməsinə görə baş verirsə, bu standartları ölçmənin də üsullarında proqres baş verməlidir.
Yaxud işsizlik göstəricisi rəsmi olaraq 5% elan edilir. Əvvəla, əksər ölkələrdə işsizlik aylıq ölçülür və mövsümi işləyən insanların sayından asılı olaraq işsizliyin miqyası dövri qaydada dəyişir. Azərbaycan hökuməti işsizliklə bağlı statistik müayinəni rübdə yalnız bir dəfə apardığı üçün mövsümi işsizlər ümumiyyətlə bu statistikanın əhatə dairəsindən kənada qalırlar. Başqa tərəfdən, məşğulluq qanunvericiliyi kənd təsərrüfatı təyinatlı torpaq payı olan bütün əmək qabiliyyətli əhalini istisnasız olaraq işsiz saymağı qadağan edir. Halbuki ölkənin xeyli kənd və rayonlarında ailə təsərrüfatlarına verilən torpağın sahəsi o qədər kiçikdir (məsələn, 4 nəfərlik ailə üçün 0.5 hektar), bu sahədə təyinatına uyğun istənilən fəaliyyətlə məşğul olmağın həmin ailə üçün hətta adambaşına “ehtiyac meyarı” məbləğində aylıq qazanca imkan verməsi mümkünsüzdür.
Amma bütün bu catışmazlıq və şübhələrə rəğmən “olmamaq heç olmamaqdan yaxşıdır” deyimi bizim statistikamız üçün keçərlidir. Çünki hətta mövcud statistika peşəkarlar tərəfindən müfəssəl araşdırılanda real problemləri, eyni zamanda rəsmi statistikanın açıqladığı məlumatlardakı ziddiyyətləri xeyli dərəcədə görmək olur. Sadəcə, bir məlumatdakı ziddiyyəti görmək üçün əlaqəli bütün məlumatları araşdırmağa ehtiyac var.
Məsələn, hökumətin qəbul edib-etməməsindən asılı olmayaraq, yuxarıda da deyildiyi kimi, ictmai rəydə “5%-lik işsizlik” göstəricisinə şübhələr var. Amma rəsmi statistikanın elə özünün açıqladığı tamamilə başqa bir məlumat həmin şübhəni haqlı çıxarmaq üçün ortaya arqumentlər qoyur. Söhbət uşağın anadan olmasına görə ailələrə verilən müavinətləri alan insanların sayı ilə bağlı statistikadan gedir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ildə 147.7 min ailəyə uşağın doğulmasına görə birdəfəlik müavinət (90 manat) ödənilib. Qanunvericiliyə görə, anadan olan uşağın valideynlərindən ən azı birinin rəsmi sığorta ödənişi varsa, uşağın doğulmasına görə birdəfəlik müavinət də sığorta hadisəsi kimi Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənir. Yeni dünyaya gəlmiş uşağın valideynlərindən heç biri işləmədikdə, bu müavinət “Sosial müavinətlər haqqında” Qanunun tələbinə əsasən, əmək və əhalinin sosial müdafiə mərkəzləri tərəfindən dövlət büdcəsi hesabına verilir. İndi yenə də rəsmi statistikanın məlumatına diqqət yetirək: bu müavinəti alan 147.7 min ailənin cəmi 37%-i (54.3 min ailə) bunu sığorta ödənişi kimi qəbul edib – yəni həmin ailələrdə ən azı bir valideynin rəsmi məşğulluğu olub. Yerdə qalan 93.4 min ailə (bütün müavinət alanların 63%-i) həmin ödənişi dövlət büdcəsindən alıb – yəni müavinət alan hər 100 ailədən 63-də valideynlərin heç birinin rəsmi gəliri olmayıb. Belə şəraitdə işsizliyin 5% olması ilə bağlı rəsmi statistik məlumatın şübhə altına alınması üçün ciddi əsaslar yaranır.
Arqument gətirilə bilər ki, həmin insanlarn hansısa hissəsi qeyri-rəsmi məşğul olub, yəni faktiki gəliri olub. Əks arqument isə budur ki, qeyri-rəsmi məşğulluğun miqyasının bilərəkdən şişirdilmədiyinə, faktiki işləməyən və işsiz statusu almalı olan insanların da siyasi maraqlarla həmin qrupa daxil edilmədiyinə kim zəmanət verə bilər? Başqa bir əks arqument bu ola bilər ki, ictimai rəyi bu statistikaya inandırmaq üçün hansı rəsmi tutarlı faktlar və ya alternativ araşdırmalar varmı? İnsanların az qala 70%-i sosial sığorta ilə əhatə olunmadığı şəraitdə ictimai rəyin “5% işsizlik” göstəricisini şübhə altına alması əsaslı görünür.
İkinici maraqlı nümunə: uzun illərdir insanlar Bakı şəhərində əhalinin sayı ilə bağlı açıqlanan rəsmi məlumata şübhə ilə yanaşır. Hətta bəzən statistikadan uzaq sadə adamlar da paytaxtda avtomobil və insan sıxlığını əsas gətirərək Bakıda yaşayan real əhalinin rəsmi rəqəmdən azı 50% çox olduğunu söyləyirlər. Əslində, bütün regionlar üzrə kommunal xidmətlərin (içməli su, təbii qaz, elektrik enerjisi) istehlakına dair dəqiq məlumatlar olsaydı, bu statistikanı asanlıqla müəyyənləşdirmək olardı. Təəssüf ki, kommunal xidmətlərin regionlar üzrə istehlakına dair ümumiyyətlə rəqəm yoxdur. Amma yenə də Dövlət Statistika Komitəsinin başqa bir bölməsində olan elə bir fərqli məlumat var ki, Bakıda əhalinin real sayı ilə bağlı inandırıcı rəqəm ortaya çıxarmağa kömək edir. Qəribə də olsa bu, “ibtidai təhsildə ümumi qeydiyyat əmsalı”dır. Bu əmsal 1-4-cü sinifdə oxuyan şagirdlərin faktiki sayının konkret ərazidə yaşayan 6-9 yaşlı uşaqların sayına nisbəti kimi hesablanır. Bir qayda olaraq bu əmsalın səviyyəsi 100 ətrafında olur. Məsələn, ən son statistikaya görə, Bakı şəhəri, Sumqayıt və Abşeron istisna olunmaqla “ibtidai təhsildə ümumi qeydiyyat əmsalı”nın səviyyəsi 90-100% intervalında dəyişilir. Bakıda isə “ibtidai təhsildə ümumi qeydiyyat əmsalı” 155-ə yaxındır. Bu, o deməkdir ki, Bakı şəhərində 1-4-cü sinifdə oxuyan şagirdlərin faktiki sayı paytaxt üzrə 6-9 yaşlı uşaqlardan 55% çoxdur. Ona görə belədir ki, 1-4-cü sinifdə oxuyanların 50%-dən çoxunun valideynlərinin şəhərə qeydiyyatı yoxdur və bunlar əsasən regionlardan paytaxta köçmüş ailələrdir. Çünki əmsal hesablanarkən şagirdlərin sayı bütünlüklə götürülür, 6-9 yaşlı uşaqların sayı isə yalnız rəsmi yaşayış qeydiyyatına əsasən hesablanır.
Beləliklə, təhsil və əhali statistikasını qarşılıqlı əlaqələndirməklə Bakıda faktiki yaşayan əhalinin qeydiyyatda olan əhalidən 40-50% çox olduğunu əsaslandırmaq mümkündür. Məlumat üçün deyim ki, Bakıda rəsmi qeydyyatı olanların sayı təxminən 2.2 milyon nəfərdir, yaşayış qeydiyyatı olmadan təhsil alanların sayı (50%-ə yaxın) isə faktiki əhali sayının bundan azı 700-800 min nəfər çox olduğunu söyləməyə imkan verir.
Qısası, rəsmi statistikamız nə qədər güvənilməz olsa belə, gerçəkləri sona qədər gizlətməkdə acizdir.
Rövşən Ağayev
İqtisadçı, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin İdarə Heyətinin sədr müavini