BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) əsas kənd təsərrüfatı xammalı və ərzaq istehsalçıları və ixracatçıları olan Rusiya ilə Ukrayna arasında münaqişənin qlobal ərzaq bazarına mənfi təsir edəcəyini proqnozlaşdırır.
FED.az xəbər verir ki, təşkilatın iki ölkə tərəfindən taxıl və günəbaxan toxumlarının ixracının ani və kəskin azalmasının potensial təsirini qiymətləndirən hesablamaları göstərir ki, bu çatışmazlıqlar 2022/2023 kənd təsərrüfatı mövsümündə alternativ mənbələr hesabına qismən kompensasiya edilə bilər. Bir çox ixracatçı ölkələrin istehsalı və tədarükü artırmaq imkanı yüksək istehsal və giriş xərcləri ilə məhdudlaşdırıla bilər.
"Nəticədə qlobal tədarük çatışmazlığı beynəlxalq ərzaq və yem qiymətlərini artıq yüksəlmiş baza səviyyələrindən 8-22% yuxarı qaldıra bilər", - FAO-nun bəyanatında deyilir.
Mütəxəssislərin fikrincə, əgər münaqişə xam neftin qiymətini yüksək səviyyədə saxlasa və iki ölkənin dünya ixracatındakı payının azalması müddətini uzatsa, taxıl və günəbaxan bazarında əhəmiyyətli təklif çatışmazlığı 2022/2023 kənd təsərrüfatı mövsümündən sonra da davam edə bilər. Bu, hətta alternativ istehsalçı ölkələr məhsulun qiymətlərinin yüksəlməsinə cavab olaraq istehsalını genişləndirsə belə baş verəcək.
Logistika risklərinə gəldikdə, FAO qeyd edir ki, Ukraynada daxili nəqliyyat və dəniz limanları infrastrukturuna, eləcə də saxlama və emal infrastrukturuna ziyan vurmaq qorxusu var.
Mütəxəssislərin proqnozlarına görə, münaqişə səbəbindən Ukraynada qış bitkilərinin 20-30%-i biçilməmiş qala bilər. Əhəmiyyətli qeyri-müəyyənlik həm də yazlıq əkin kampaniyasının keçirilməsi ehtimalı ilə bağlıdır. (Apa)