Azərbaycanın ən böyük neft-qaz layihəsi olan “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsinin («Əsrin müqaviləsi») operatoru BP-Azərbaycan şirkəti 2018-ci ilin yekunlarını açıqlayıb.
FED.az xəbər verir ki, məlumata görə, 2018-ci il ərzində AÇG üzrə fəaliyyətlərə təqribən 505 milyon dollar əməliyyat məsrəfləri və 1 milyard 150 milyon dollar əsaslı məsrəflər xərclənmişdir. 2017-ci ilin göstəriciləri ilə müqayisədə bu, 49 mln. dollar və ya 10,7% çoxdur.
Eləcə də bax: HR-lar üçün bəd xəbər: Əmək müqaviləsi ilə bağlı istinad etdikləri - BOŞLUQ "DOLDURULUR"
213 milyon barel neft hasil edilib
2018-ci ildə AÇG-dən ümumi hasilat – Çıraq (46 000), Mərkəzi Azəri (154 000), Qərbi Azəri (126 000), Şərqi Azəri (97 000), Dərinsulu Günəşli (105 000) və Qərbi Çıraq (57 000) platformalarından birlikdə – gündə orta hesabla 584 000 barel və ya ümumilikdə təqribən 213 milyon barel, yəni 29 milyon ton olub.
İlin sonunda AÇG-də ümumilikdə 117 neft hasilat quyusu və 44 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olub.
2018-ci ildə AÇG-də 14 neft hasilat quyusu və 3 su injektor quyusu qazılıb.
2,3 milyard kubmetr pulsuz səmt qazı
İl ərzində AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 6,4 milyon kubmetr, ümumilkdə isə 2,3 milyard kubmetr səmt qazı verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.
Səngəçal terminalından 284 milyon barel neft keçib
2018-ci ildə AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.
Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və Şahdəniz qazı üçün təqribən 55 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 75 milyon standart kubmetrdir.
İl ərzində terminal üçüncü tərəf həcmləri də daxil olmaqla 284 milyon bareldən çox neft və kondensat, o cümlədən təqribən 255 milyon bareldən çox Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 28 milyon bareldən çox Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə və təqribən 1,3 milyon barelə yaxın ayrıca kondensat ixrac kəməri vasitəsilə ixrac etmişdir.
Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.
İl ərzində terminaldan həmçinin gündəlik orta hesabla 28,4 milyon standart kubmetr (1003 milyon standart kubfutdan çox) Şahdəniz qazı ixrac edilmişdir.
Bakı-Tbilisi-Ceyhan kəməri ilə daşınan neft
BTC Ko.-nun səhmdarları: BP (30,10%); AzBTC (25,00%); Şevron (8,90%); Ekvinor (8,71%); TPAO (6,53%); Eni (5,00%); Total (5,00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.
2018-ci ildə BTC üzrə əməliyyat xərclərinə təqribən 116 milyon dollar, əsaslı xərclərə isə təqribən 41 milyon dollar xərclənmişdir.
1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2018-ci ilin sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 417 milyon tondan artıq (3,12 milyard bareldən artıq) xam neft nəql edilmiş və Ceyhanda 4085 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.
2018-ci il ərzində isə BTC vasitəsilə 34 milyon tondan çox (təqribən 255 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 327 tankerə yüklənib.
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.
«Əsrin müqaviləsi»ndə kim nə qədər paya malikdir?
Qeyd edək ki, «Əsrin müqaviləsi»ndə pay bölgüsü hazırda belədir: BP (30,37%), SOCAR (25,0%), Şevron (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGC Videş Limited (OVL) (2,31%).
AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.