Ötən ilin dekabr ayında BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ərzaq qiyməti indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 23,1% artaraq 133,7 bəndə çatıb.
Eləcə də bax: Mikayıl Cabbarovdan qiymət artımı ilə bağlı - AÇIQLAMA
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, FAO-nun ortaillik ərzaq qiyməti indeksi isə 2021-ci ildə 125,7 bənd (28,1% artım) təşkil edib ki, bu da son 10 ildə qeydə alınan ən yüksək ortaillik göstəricidir. FAO-nun taxıl qiyməti indeksi aylıq müqayisədə 0,6% azalsa da, illik müqayisədə 27,2% artaraq dekabrda 140,5 bənd təşkil edib.
2021-ci ildə taxıl qiyməti indeksi ötən il ortalama 131,2 bəndə bərabər olub ki, bu da 2012-ci ildən bəri ən yüksək göstəricidir. 2021-ci ildə güclü tələb və daha zəif tədarük nəticəsində, qarğıdalı və buğda qiymətləri müvafiq olaraq 2020-ci ilin orta qiymətindən 44,1% və 31,3% yüksək olub.
FAO-nun tərəvəz yağı qiyməti indeksi dekabrda aylıq 3,3% azalaraq 178,5 bəndə enib. İllik müqayisədə bu göstərici 36,1% artıb. Bununla belə, tərəvəz yağı qiyməti indeksinin ortaillik göstəricisi 164,8 bənd təşkil edib ki, bu da tarixi maksimum sayılır.
Təşkilatın süd məhsulları qiyməti indeksi illik 17,4%, aylıq isə 1,8% artaraq dekabrda 128,2 bəndə yüksəlib. Ötən ay, Qərbi Avropa və Okeaniyada süd istehsalının azalması, qlobal bazarlarda idxala yüksək tələb və azalmış ixrac nəticəsində kərə yağı və süd bahalaşıb. Süd məhsulları qiyməti indeksinin ortaillik göstərici isə ötən il 119 bənd təşkil edib ki, bu da illik müqayisədə 16,9% çoxdur.
FAO-nun ət məhsulları qiyməti indeksi isə ötən ay 111,3 bəndə bərabər olub ki, bu da aylıq müqayisədə demək olar dəyişməyib, illik müqayisədə isə 17,4% artıb. Dekabr ayında quş ətinin qiyməti, ilk növbədə, artan qlobal ixrac ilə əlaqədar olaraq azalıb, mal-qara isə Okeaniyadan tədarükün artması ilə ucuzlaşıb. 2021-ci ildə ət məhsulları qiyməti indeksinin ortaillik göstəricisi 12,7% artaraq 107,6 bəndə çatıb.
Şəkər qiyməti indeksi ötən ay 3,1% azalıb, lakin illik müqayisədə isə 33,6% artaraq 116,4 bəndə bərabər olub. Dekabrdakı azalma, COVID-19-un "Omicron" variantının bir çox bölgədə məhdudlaşdırıcı tədbirlərinin bərpasından sonra şəkərə qlobal tələbata təsiri ilə bağlı narahatlıqları əks etdirir. Braziliya realının ABŞ dolları qarşısında zəifləməsi və etanolun ucuzlaşması da dekabrda şəkərin qlobal qiymətinin aşağı düşməsinə səbəb olub. Bununla belə, FAO-nun ortaillik şəkər qiyməti indeksi 2021-ci ildə 109,3 bənd təşkil edib ki, bu da 2020-ci il ilə müqayisədə 37,5% çoxdur.