Dünya ərzaq bazarında baş verən proseslər Azərbaycana da təsirini göstərməyə başlayıb.
Eləcə də bax: Azərbaycandan xaricə ərzaq ixracına - MƏHDUDİYYƏT BAŞLAYIB – 100-DƏN ÇOX İMTİNA CAVABI
Dünya yeni ərzaq imtahanı qarşısındadır. Son iki ildə baş verən proseslər, hazırda da davam edən münaqişələr və iqlim dəyişikliyi, heç kimin gözləmədiyi halda – 21-ci əsrin əvvəlində planetdə ərzaq təhlükəsi yaradıb. Problemin yaranmasının səbəbləri müxtəlif olsa da, nəticələri demək olan ki, bütün ölkələr üçün eynidir.
FED.az xəbər verir ki, hələ 2 il əvvəl – 2020-ci ilin əvvəlində «COVİD-19» koronavirus pandemiyasından sonra zədələnmiş dünya ərzaq təchizatı zənciri 2021-ci ildə iqlim dəyişiklikləri, 2022-ci ildə isə Ukraynadakı vəziyyət səbəbindən böyük zərbə alıb.
Hazırda dünyanın ərzaq bazarında inhdiyədək görünməmiş proseslər gedir – qiymətlər sürətlə artır, hökumətlər isə ərzaq ixracını məhdudlaşdırırlar.
Taxıl bazarını «alovlandıran» Ukrayna müharibəsi
Beynəlxalq Tədqiqatlar İnstitutu bildirir ki, hələ COVİD-19 pandemiyası zamanı təchizat zəncirlərinin pozulması və ötənilki quraqlıq səbəbindən qida məhsullarının qiyməti artmışdı. Rusiya-Ukrayna münaqişəsi isə genişmiqyaslı inflyasiyaya səbəb olub. «Avropanın taxıl anbarı» kimi tanınan Ukraynada müharibə dünyada taxılın qiymətini 14 ilin ən yüksək səviyyəsinə çatdırıb.
Dünyanın aparıcı taxıl ixracatçıları sayılan Rusiya və Ukrayna arasında münaqişə artıq taxıl bazarına təsirini göstərib, məsələ təkcə qiymətlərdə deyil, taxıl qıtlığı da hiss olunur. Dünya Bankının məlumatlarına görə, iki ölkə ümumilikdə taxıl bazarının 29%-ni təmin edir. FAO-nun məlumatlarına görə isə, Rusiya və Ukrayna birlikdə dünya arpa bazarının 19%-ni, buğdanın 14%-ni, qarğıdalı bazarının isə 4%-ni təmin edir.
Ukraynada ötən illə müqayisədə 2022-ci ildə kənd təsərrüfatı məhsulunun iki dəfə az olacağı gözlənilir. Ukraynanın aqrar siyasət və ərzaq naziri Nikolay Solski ABŞ-da təşkil olunan Ərzaq Təhlükəsizliyi Konfransında çıxışında bildirib ki, müharibə səbəbindən növbəti qış əkin kampaniyası da təhlükədədir. Onun sözlərinə görə, dünya bir ton buğdanın 700 dollar qiymətinə hazırlaşmalıdır və bu vəziyyət xüsusən Ukraynadan taxıl idxal edən Asiya və Afrika ölkələri üçün daha kritik olacaq. Qeyd edək ki, sözügedən çıxış zamanı Çikaqo Əmtəə Birjasında bir ton buğdanın qiyməti 430 dollara yaxın idi. Balqa sözlə, ukraynalı nazir buğdanın qiymətinin təqribən iki dəfə artacağını proqnoz edib.
İlin əvvəlindən buğda qiymətləri 60 faiz artıb, bir neçə gün əvvəl isə Çikaqoda buğda fyuçersləri 6 faiz artaraq 12,47 dollar/buşel olub. Bu artım son iki ayda görülən ən yüksək artımdır. Bir sox ölkələr buğda kəsirini bağlamaq üçün gözlərini Hindistana – dünyanın ikinci ən böyük buğda istehsalçısına çevirib. Amma Hindistanın özündə də bununla bağlı iki ciddi problem yaranıb. Əvvəla, bu il Hindistanda həddən artıq istilər və quraqlıq olub. 1901-ci ildən bəri ən yüksək səviyyəyə çatan mart ayı temperaturu səbəbindən buğda məhsuldarlığı xeyli azalıb.
İkinci problem isə odur ki, Hindistan rəhbərliyi ölkənin taxıl ehtiyatını qorumaq üçün mayın 14-dən etibarən ölkədən taxıl ixracını qadağan edib.
Azərbaycanda da ərzaq sürətlə bahalaşıb
Azərbaycan dünyadakı proseslərdən kənarda deyil, xaricdən alınan buğda bizdə də bahalaşır. Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, 2021-ci ilin əvvəlində ölkəyə buğdanın 1 tonu 254,5 dollardan idxal edildiyi halda, 2021-ci ilin sonunda bu rəqəm 290 dollara, 2022-ci ilin yanvar-aprel aylarında isə 342 dollara yüksəlib. Başqa sözlə, son bir ildə xaricdən idxal edilən buğda 34% bahalaşıb. Qiymət artımı başqa məhsullarda da hiss olunur. 1-ci rübdə xaricdən gətirilən bitki mənşəli məhsullar 16,7%, yağlar 32,6%, süd məhsulları 21%, ət və balıqdan hazırlanan məhsullar isə 27% bahalaşıb.
Nəticədə bu ilin əvvəlindən ölkədə ərzağın qiymətində 18% artım qeydə alınıb.
Dünya ölkələri «ərzaq qapılarını» bağlayırlar
Yaranmış vəziyyətdə bəzi ölkələr ərzaq təhlükəsizliyi üçün ərzağın ixracını qadağan etməyə başlayıblar. Hələ 2020-ci ilin əvvəlində COVİD-19 pandemiyasında baş vermis ərzağın ixracı qadağaları indi daha geniş şəkil alıb.
«Böyük yeddilik» Hindistanın buğda ixracına qadağa qərarını pisləyib: «Hər kəs ixracata bu cür məhdudiyyətlər qoymağa və ya hətta bazarları bağlamağa başlasa, bu, yalnız böhranı daha da gücləndirəcək». Amma qadağanı təkcə Hindistan təbiq etməyib, artıq 20-yə yaxın ölkə bu və ya digər şəkildə ərzaq ixracına qadağa qoyub və onların sayı artır.
Dünyanın taxıl ixracının 20%-ni təmin edən Rusiya taxıl ixracına müvəqqəti qadağa tətbiq edib, qadağa buğda, arpa, çovdar, arpa və qarğıdalıya şamil edilir. Xaricə şəkər, günəbaxan tumu ixracı da qadağan edilib. Günəbaxan yağına isə ixrac kvotası tətbiq edilib.
Dünyanın 5-ci ən böyük taxıl ixracçısı olan və ümumi ixracın 9%-ni təmin edən Ukrayna isə əsas ərzaq məhsullarının, taxıl da daxil olmaqla ixracını qadağan edib.
Dünyanın buğda ixracının 4%-ni təmin edən Qazaxıstan da ğlkə daxilində qiymətlər 30% artandan sonar taxıl və unun ixracına qadağa tətbiq edib. Qazaxıstandan ağ şəkər və şəkər xammalının ixracına da qadağa var.
Hindistan taxılla yanaşı, şəkərin ixracını da qadağan edib. Hindistan dünyanın ən böyük şəkər istehsalçısı və Braziliyadan sonra 2-ci ən böyük ixracçısıdır. Ona görə də hökumətin bu qərarı şəkər bazarına ciddi təsir edəcək.
Dünyanın ən böyük qida yağlarının istehsalçısı olan İndoneziya isə palma yağlarının ixracını məhdudlaşdırıb. Hökumət bu qərarı daxili bazarda qiypmətlər 40% artıandan sonrra verib.
Argentina isə inflyasiyanı aşağı salmaq üçün mal əti ixracına məhdudiyyət qoyub. Argentina mal əti ixracına görə dünyada 5-ci yeri tutur və bütün mal əti ixracının 6%-i onun payına düşür.
Ərzaq məhsullarının ixracını qadağan edən ölkələr arasında Misir, Serbiya, Əlcəzair, İran, Tunis və Küveyt də var.
Azərbaycan da ehtiyat tədbirlərə başlayıb
Azərbaycanda dövlət qurumları qida mallarının bahalaşması, ümumiyyətlə ərzaq təhlükəsizliyi məsələlərinə hələ münaqişə başlanmazdan əvvəl - fevral ayında müdaxilə etməyə başladı. Fevralın 17-18-də Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən İqtisadi Şuranın iclasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi, ərzaq təhlükəsizliyi məsələləri müzakirə olundu. Fevralın 21-də Nazirlər Kabineti «Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında» sərəncam qəbul etdi.
Sənəddə, dövlət qurumlarına süni qiymət artımının qarşısını almaq, eyni zamanda ölkəyə ərzaq idxalı və yerli ərzaq istehsalı üçün sahibkarlara dəstək üçün təkliflərin hazırlanması tapşırılmışdı.
Təkliflər qısa müddətdə hazırlandı və artıq martın 18-də Nazirlər Kabineti bu sahə ilə bağlı ilk qərarını - ölkədən qida məhsullarının ixracının tənzimlənməsi ilə bağlı qərar qəbul etdi.
Martın 29-da baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabinetində əhalinin ərzaqla təminatı və ərzaq təhlükəsizliyi ilə bağlı daha bir müşavirəsi keçirildi.
Bundan bir neçə gün sonra – aprelin 5-də isə Nazirlər Kabineti inflyasiyanın qarşısını almaq və sahibkarlara dəstək üçün növbəti qərar qəbul etdi. Bu dəfə qərar xaricdən ərzaq idxal edən və yerli istehsalla məşğul olan iş adamlarına dəstəyi nəzərdə tuturdu.
Daha bir həftə sonra, aprelin 12-də isə dünyada qiymət artımının Azərbaycana təsiri, ərzaq ehtiyatının toplanması və atılacaq addımlar Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə müzakirə edildi.
Müşavirədə prezident İlham Əliyev bildirib ki, hökumətə bu məsələ ilə bağlı lazımi göstərişlər verilib: «Operativ tədbirlər görülüb və ehtiyatlar yığılır, biz daha çox ehtiyat yığmalıyıq. Ancaq, eyni zamanda, bilməliyik ki, belə vəziyyət uzun müddət ərzində davam edə bilər və yəqin ki, davam edəcək. Ona görə də, ilk növbədə, daxili təminatımız artmalıdır. Bununla bağlı olaraq həm azad edilmiş torpaqlarda, həm də digər ərazilərdə əkin işlərinin daha da genişmiqyaslı aparılması üçün göstərişlər verilib».
Ərzaq təhlükəsizliyi üçün 3 vacib addım
Azərbaycanda bu istiqamətdə atılan addımların istiqamətini və detallarını İqtisadiyyat naziri Mikayıl Cabbarov açıqlayıb. «Bu gün müharibə aparan hər iki dövlət - Rusiya və Ukrayna Azərbaycan üçün ərzağın həm ixracı, həm də idxalı nöqteyi-nəzərindən vacib tərəfdaş olduğuna görə, biz çalışırıq ki, bu prosesləri də əlaqələndirilmiş şəkildə quraq»-deyə Mikayıl Cabbarov bildirir. O bildirib ki, bu sahədə hökumətin fəaliyyəti 3 istiqamətdə qurulub.
Birincisi, daimi monitorinq aparılaraq ölkədə ərzaq, un, şəkər tozu və bir sıra digər məhsullar üzrə gündəlik anbar qalıqları sahibkarlıq subyektləri və dövlət qurumları ilə birlikdə monitorinq edilir.
İkinci istiqamət, ixraca nəzarətdir. Azərbaycanda istehsal olunmayan və ya ölkənin idxaldan asılılığı yüksək olan məhsulların ölkədən ixracı xüsusi nəzarət rejimi ilə həyata keçirilir. Eyni zamanda, yerli sahibkarların ixrac potensialının azalmaması və xaricdəki bazarları itirməmək üçün də tədbirlər görülür.
Nəhayət, üçüncü istiqamət – sahibkarlara əlavə dəstək, yəni dövlət tərəfindən «yumşaq təşviq» mexanizmidir. Baş nazirin tapşırığı ilə sahibkarlara dəstək üçün 115 milyon manat ayrılıb. Bu vəsait ölkəyə ərzaq idxal edən və ya yerli istehsalla məşğul olan sahibkarların ehtiyaclarının ödənilməsinə, o cümlədən onlara kredit ayrılmasına sərf edilir.
Sahibkarlar üçün «yumşaq təşviq» nədir?
Nazirlər Kabinetinin anti-inflyasiya tədbirləri çərçivəsində qəbul etdiyi qərara əsasən ölkədə minimum istehlak səbətinin tərkibində olan əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlara 2 istiqamətdə dəstək veriləcək.
Bunlardan birincisi güzəştli kreditlərdir - Sahibkarlığın İnkişafı Fondu 2022-ci il ərzində minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlara əlavə olaraq xammal tədarükü üçün güzəştli maliyyələşmə ayıracaq.
İkinci istiqamət kredit faizlərini subsidiyalaşdırmaqdır. Hökumətin qərarına əsasən, maliyyə xərclərinin və son nəticədə ərzaq məhsullarının maya dəyərinin aşağı salınması üçün həmin sahələrdə fəaliyyət göstərən sahibkarlara 2022-ci ildə verilən kreditlər üzrə kredit faizlərinin 10%-ni dövlət ödəyəcək. Şərtlər belədir: subsidiyanın müddəti 1 ilədək olmalı, kreditin məbləği 3 milyon manatı keçməməlidir, faizin ödənilən hissəsi 10% təşkil edir. Kreditin müddəti və hansı faizlə alınmasının fərqi olmayacaq. Bu şərtlər çərçivəsində 150 milyon manat kredit portfeli üzrə 15 milyon manat faiz subsidiyası ödəniləcək.
Azərbaycan da ərzaq ixracını məhdudlaşdırır
Martın 18-də Nazirlər Kabinetinin qərarı ilə ölkənin ərzağa olan tələbatın ödəmək və ehtiyac olan qədər ərzaq ehtiyatı yaratmaq üçün minimum istehlak səbətinə daxil olan, yəni ən vacib 28 adda ərzaq məhsulunun Azərbaycandan ixracı məhdudlaşdırıldı.
«Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında» qərara əsasən bu məhsulların ixracına yalnız ölkədə mövcud olan ehtiyatlar və əhalinin müvafiq mallarla qısamüddətli dövrdə təminatı ilə bağlı proqnoz əsas götürülməklə İqtisadiyyat Nazirliyinin müsbət rəyi əsasında icazə veriləcək. 2022-ci il dekabrın 31-dək qüvvədə olacaq qərarda söhbət digər məhsullarla yanaşı, ölkədən ənənəvi olaraq böyük ixrac imkanına malik olan kərə və duru yağlar, şəkər, eləcə də kartofa da aiddir.
Ölkədən ixracı müvəqqəti tənzimlənən mallar bunlardır: diri iribuynuzlu mal-qara, qoyunlar və keçilər, dondurulmuş və soyudulmuş mal-qara, qoyun-keçi əti, toyuq əti və onun əlavə məhsulları, qatılaşdırılmış süd və qaymaq, kərə yağı və süddən hazırlanmış digər piylər və yağlar; südlü pastalar, qabıqlı, təzə və konservləşdirilmiş quş yumurtaları, kartof, dənli bitkilər, un və yarmalar, yağlı toxumlar və dən, dərman bitkiləri və texniki bitkilər; caman və yem, zeytun, gənübaxan və qarğıdalı yağları, bitki piyləri, şəkər qamışı və şəkər çuğunduru, saxaroza, körpə uşaqlar üçün məhsullar, makaron məmulatları, heyvanlar üçün yemlər.
İqtisadiyyat Nazirliyinin sahibkarlara və ixracçılara müraciətində bildirilir ki, malların ixracı üçün sahibkarların müraciətlərinə 5 iş günü müddətində cavab veriləcək.
İxraca icazə mexinizminin prinsipini açıqlayan İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirir ki, bu qərar qadağa deyil, sadəcə tənzimlənmədir: «Həmin məhsul növü üzrə ölkədə ehtiyatlar, eyni zamanda qarşıdakı dövrdə əhalinin həmin məhsulla təchizatı vəziyyəti təhlil olunur. Əgər həmin məhsul növü üzrə yerli ehtiyatlarda və təchizatda problem yoxdursa, yerli istehsalın artıq məhsulu varsa, onun ixracına icazə verilir və sahibkar həmin məhsulun ixracına başlayır».
Qiymətlərə sərt nəzarət başladı
Paralel olaraq ölkə daxilində ərzağın, xüsusilə də unun və çörək məmulatlarının süni qiymət artımına nəzarət gücləndirilib. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti yerli biznesin və ticarət şəbəkələrinin diqqətinə çatdırıb ki, ərzaq məhsullarına tələbatın yüksəldiyi bir zamanda vəziyyətdən sui-istifadə və qiymətlərin əsassız artırılmasına qarşı ciddi tədbirlər görüləcək: «Bu sahədə kartel sövdələşmələri (qiymət razılaşmaları), qiymət manipulyasiyaları və digər hərəkətlər aşkar edilsə təxirəsalınmaz sərt addımlar atılacaqdır»-deyə xidmət xəbərdarlıq edib. Bu araşdırma çərçivəsində artıq bir sıra bazar subyektlərinə öz qiymət siyasətinin əsaslandırılması məqsədilə sorğular göndərilərək məlumatların təqdim edilməsi tələb olunub.
Yaranmış vəziyyətdə biznes də kənarda qalmayıb – ilin əvvəlində iri un və çörək istehsalçıları vətəndaşlara müraciət edərək bildiriblər ki, buğdanın qiyməti unun qiymətinə təsir edərsə, 2022-ci ilin taxılı yığılanadək çörək və un məmulatlarının qiymətinin müəyyən olunan səviyyədən yuxarı qalxmamasına çalışacaqlar. Qiymətlərə ictimai nəzarət də başlayıb. İlk dəfə olaraq Antiinhisar Xidməti ölkədəki un istehsalçıları unun topdansatış qiymətlərini və ticarət mərkəzlərindəki qiymətləri ictimaiyyətə açıqlamağa başlayıb. Əhaliyə isə müraciət edilib ki, qiymət manipulyasiyası halları ilə rastlaşdıqda Dövlət Xidmətinə müraciət etsinlər.
Azərbaycanın buğda təsərrüfatı da səfərbər olunacaq
Yaranmış vəziyyət Azərbaycanı öz taxıl əkinlərinə yenidən baxmağa vadar edib. «Bizim həm coğrafi yerləşməyimiz, iqlimimiz, eyni zamanda, bəzi yerlərdə torpağın keyfiyyəti və şərait imkan vermir ki, biz özümüzü bu gün buğda ilə yüz faiz təmin edək. Ancaq buna çalışmalıyıq, məhsuldarlığı artıra biləcək tədbirlərə əlavə vəsait ayrılmalıdır. İlk növbədə, suvarma, suvarma sistemləri, gübrələr və digər məsələlər öz həllini tapmalıdır»-deyə prezident İlham Əliyev hökumətə tapşırıq verib.
Qeyd edək ki, 2021-ci ilin yekunlarına görə, Azərbaycanda 572 min hektar ərazidə payızlıq buğda əkilir. Bu - ölkənin bütün əkin sahələrinin 30%-ni təşkil edir. Buğda əkini ərazilərindən 2021-ci ildə 1 milyon 837 min ton məhsul yığılıb, 1 hektara düşən məhsuldarlıq 32,1 sentner və ya 3,21 ton olub.
Azərbaycanda ən çox buğda əkinləri Cəlilabad (56,5 min hektar), Şəki (34,7 min hektar), Füzuli (26,3 min hektar), Şamaxı (22,8 min hektar), İsmayıllı (22,6 min hektar), Ağcabədi (22,2 min hektar), Qobustan (18,9 min hektar), Ağsu (17,7 min hektar) rayonlarındadır.
1 hektara düşən ən böyük məhsuldarlıq Bərdə (45,1 sentner), Sabirabad (43,4 sentner), Salyan (43,3 sentner), Tərtər (42,8 sentner), Saatlı (42 sentner), Ağdam (40,3 sentner), Ağcabədi (38,9 sentner) rayonlarında qeydə alınıb. Ən aşağı məhsuldarlıq isə Samux (11,8 sentner), Abşeron (12,6 sentner), Xızı (17,4 sentner), Yardımlı (18,1 sentner), Lerik (18,8 sentner), Şamaxı (19,9 sentner), Siyəzən (19,9 sentner) rayonlarındadır.
Ümumiyyətlə, ölkədə payızlıq buğda üzrə məhsuldarlıq cəmi 6 rayonda 40 sentnerdən yuxarı, 28 rayonda 30-40 sentner arasında, 27 rayonda 20-30 sentner arasında, 7 rayonda isə 20 sentnerdən aşağıdır. Başqa sözlə, hətta mövcud əkin sahələrini saxlamaq şərtilə də məhsuldarlığın yüksəltmək hesabına taxıl istehsalını artırmaq üçün ciddi imkanlar var.
Qiymət artımı, qıtlıq və aclıq təhlükəsi realdır
BMT Ukraynadakı vəziyyətə görə, dünyada ərzaq qiymətlərinin bundan sonra da 22%-dək artmasını gözləyir. FAO-nun açıqladığı məlumata görə, Ukraynada baş verən hadisələrdən sonra buğda və günəbaxan məhsulunun ixracı kəskin azalıb: «Başqa mənbələr bu itkini yalnız qismən bərpa edə bilər. Başqa ölkələrin bu boşluğu doldurması imkanları məhduddur».
Ekspertlərin hesablamalarına görə, son hadisələr nəticəsində taxıl bazarında 20% azalma olacaq, bu isə aclıqdan əziyyət çəkənlərin 440 milyon nəfər artmasına səbəb olaraq belələrinin sayını 1,6 milyard nəfərə çatdıracaq.
Məsələ təkcə taxılın qıtlığında deyil, hətta yığılmış taxılı dünya bazarlarına çıxarmaq üçün təchizat zənciri də zədələnib və bəzi məçhsulları ünvanına çatdırmaq mümkün deyil.
Azərbaycanda sahibkarları yenilklər gözləyir
Məsələ qadağalar və qiymətə nəzarətlə bitməyəcək. Paralel olaraq minimum istehlak səbətinin tərkibində olan əsas ərzaq məhsulları üzrə qiymət artımının ticarət əlavələri hesabına sabitləşdirilməsinə dair təkliflər hazırlanıb.
Digər istiqamət ölkə dailinidə ərzaq istehsal üçün xaricdən gətirilən xammalın venrgidən və gömrük rüsumlarından azad edilməsidir.
Eyni zamanda yerli istehsal edilən və idxal olunan kənd təsərrüfatı və ərzaq məhsullarının daşınma-logistika və ticarət şəbəkələrinə daxilolma xərclərinin optimallaşdırılması məqsədilə mümkün mexanizmlərin tətbiqi nəzərdə tutulur.