Xəbər verildiyi kimi, avqustun 21-də Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na dəyişikliklər edilib.
Eləcə də bax: 1500 dollardan 800 dollara endirildi - GÖMRÜK GÜZƏŞTLƏRİ SƏRTLƏŞDİ
FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin açıqlamasında bildirilir.
Qurum bəyan edib ki, qərar ölkənin bəzi kütləvi informasiya vasitələrində, eləcə də sosial şəbəkələrdə yanlış şərh edilərək ictimaiyyət arasında müəyyən anlaşılmazlıqlara səbəb olub.
"Daxili və xarici siyasətin tərkib hissəsi olan vahid gömrük siyasətinin əsas məqsədi öz səlahiyyətləri daxilində ölkənin iqtisadi mənafeyinin və təhlükəsizliyinin, daxili bazarının qorunmasında, dövlətin iqtisadi siyasətindən irəli gələn digər vəzifələrin yerinə yetirilməsində iştirak etməkdən ibarətdir.
Aparılmış iqtisadi təhlilin nəticəsi olaraq müəyyən edilib ki, son illər fiziki şəxslərin özləri tərəfindən, gömrük ərazisinə gətirilən malların ayrı-ayrı kənar şəxslərin adına rəsmiləşdirilərək ölkənin gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar şəklində keçirilməsinə cəhd göstərilməklə həmin mallar üçün qanunvericilikdə nəzərdə tutulmuş gömrük ödənişlərindən yayınma, həmçinin qeyd olunan malların qaçaqmalçılığı halları artıb. Bununla yanaşı, müəyyən edilmiş hədlər və miqdar daxilində idxal olunan malların gömrük ödənişlərindən azad olunması daxili bazarda həmin malların dövriyyəsinin artması ilə yanaşı, ölkə üzrə illik idxal dövriyyəsinin azalmasına, bəzi hallarda analoji malları rəsmi qaydada idxal edənlərin müflisləşməsinə səbəb olurdu. Bundan əlavə fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar şəklində gömrük ərazisinə güzəştli qaydada gətirilmiş mobil telefon və digər simsiz rabitə avadanlıqlarının ticarət şəbəkələrinə yönəldilməsi hallarının çoxalması və nəticədə gömrük ödənişlərindən yayınmaqla qeyri-qanuni ticarətə meyllərin artması, həmçinin mobil telefonlarının daimi olaraq qaçaqmal şəkilində ölkə ərazisinə gətirilməsi cəhdlərinin tam aradan qaldırılması məqsədilə müvafiq qabaqlayıcı tədbirlərin görülməsi zərurəti yaranmışdı.
Beynəlxalq təcrübə olaraq, məsələn Türkiyə qanunvericiliyinə əsasən qeyri-kommersiya məqsədləri üçün eyni fiziki şəxs tərəfindən 2 (iki) təqvim ilində yalnız 1 (bir) ədəd telefon aparatları, mobil və ya başqa simsiz rabitə şəbəkələri üçün telefon aparatları gömrük ərazisinə gətirilə bilər və həmin telefon aparatları 1 (bir) təqvim ayı ərzində həmin dövlətin müvafiq qurumlarında mütləq qaydada qeydiyyata alınır: “Avropa İttifaqına daxil olan ölkələrin qanunvericiliyinə əsasən fiziki şəxslər tərəfindən Birliyə daxil olan ölkələrə gətirilən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların ümumi məbləği 300 avroyadək təşkil edir. Dünya praktikasına nəzər yetirdikdə fiziki şəxslər tərəfindən poçt göndərişləri ilə ölkə ərazisinə gətirilən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar üçün müəyyən edilmiş güzəşt limitinin də kifayət qədər aşağı olduğu görünür. Belə ki, bəzi ölkələrə nəzər yetirdikdə güzəşt məbləğinin Rusiyada 200 avro, Belarusda 200 avro, Gürcüstanda 300 Lari (125 dollar) və 30 kiloya qədər çəki, Moldovada 200 avro (30 kilo), Ukraynada 100 avro (31 kilo), Türkiyədə isə 150 avro olduğu müşahidə olunur.
Avropa Birliyinin əksər ölkələrində isə 22 avroya qədər poçt bağlamaları heç bir gömrük ödənişi olmadan ölkə ərazisinə gətirilə bilər. Dəyəri 22 avro ilə 150 avro arasında olan poçt bağlamaları üçün isə yalnız ƏDV tutulur. Bu miqdar Yunanıstanda 15-20 avro, İspaniya və Fransada isə 50 avrodur. Əgər bağlamanın dəyəri 150 avrodan çoxdursa, o zaman ƏDV və qeydiyyat rüsumlarına əlavə olaraq malların kateqoriyasından asılı olaraq gömrük rüsumları da tutulur. Göstərilənləri, eləcə də beynəlxalq təcrübəni nəzərə alaraq “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişikliklər edilməsi zərurəti yaranıb. Qərarda aşağıdakı dıyişikliklər qeyd edilib:
-1.5-ci bəndin ikinci cümləsindən “ən azı” sözləri çıxarılaraq, həmin bəndə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilib:
“Fiziki şəxs tərəfindən gömrük sərhədindən keçirilən eyni və (və ya) eynicinsli malların miqdarı 2-dən çox olduqda, güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçiriləcək malların 2-dən çox olan miqdarı bu bənddə göstərilən xüsusiyyətlər əsasında gömrük orqanları tərəfindən müəyyən edilir və müəyyən edilmiş miqdardan artıq keçirilən eyni və (və ya) eynicinsli mallara görə bu Qaydaların 2.1.2-ci və 2.1.4-cü yarımbəndlərində nəzərdə tutulmuş hədlər nəzərə alınmadan gömrük ödənişləri ödənilir.”;
(Dəyişikliyə əsasən fiziki şəxs tərəfindən gömrük sərhədindən keçirilən eyni və (və ya) eynicinsli malların miqdarı 2-dən çox olduqda, artıq olan hissə nəzərdə tutulmuş hədlər nəzərə alınmadan gömrük ödənişlərinə cəlb olunur.)
2.1.2-ci və 2.1.4-cü yarımbəndlər aşağıdakı redaksiyada verilməklə 1500 və 1000 ABŞ dolları ekvivalenti məbləği olaraq 800 və 300 ABŞ dolları ekvivalenti məbləği ilə əvəz edilib:
2.1.2. bu Qaydaların 2.1.1-ci yarımbəndində göstərilən mallar istisna olmaqla, Azərbaycan Respublikasının gömrük ərazisinə (bundan sonra – gömrük ərazisi) hər təqvim ayı ərzində bir dəfə gətirilən, ümumi gömrük dəyəri 800 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar;
2.1.4. beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına hər təqvim ayı ərzində gömrük ərazisinə bir dəfə gətirilən, ümumi gömrük dəyəri 300 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar;”;
(2.1.4-cü yarımbəndinə edilən dəyişikliyə əsasən qeyd olunan həddlərdən artıq hər təqvim ayı ərzində gömrük ərazisinə bir dəfə gətirilən mallar gömrük ödənişlərinə cəlb olunacaq.)
-2.3-cü bənd aşağıdakı redaksiyada verilib:
2.3. İki ildən az olmayaraq ölkənin diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət etmiş diplomatik xidmət əməkdaşları və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər, xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin və konsulluqların mühafizəsini həyata keçirən hərbi qulluqçular tərəfindən müvafiq olaraq Xarici İşlər Nazirliyi və xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının mühafizəsini həyata keçirən dövlət orqanı tərəfindən xarici ölkəyə ezam olunmuş əməkdaşın təyinat və geri çağırılma əmrlərinin təsdiq olunmuş surətləri gömrük orqanına təqdim edilməklə, onların xaricdə işlədikləri dövrdə əldə etdikləri vəsaitin və əmlakın, o cümlədən ümumi gömrük dəyəri 40 000 ABŞ dollarının ekvivalenti məbləğindən və mühərrikin həcmi 3000 kubsantimetrdən artıq olmayan bir ədəd avtonəqliyyat vasitəsinin (avtonəqliyyat vasitəsinin dəyərinin ödənilməsi haqqında sənəd, avtonəqliyyat vasitəsinin bir il müddətində özgəninkiləşdirilməməklə sahibliyi, həmçinin avtonəqliyyat vasitəsini idarə etmək hüququ istisna olmaqla üzərində digər sərəncam verməmək barədə avtonəqliyyat vasitəsi sahibinin öhdəliyinə dair sənəd təqdim olunmaqla) gömrük ərazisinə gətirilməsinə görə gömrük ödənişləri tutulmur.
Gömrük ödənişləri tutulmayan avtonəqliyyat vasitələrinin göstərilən müddətdə özgəninkiləşdirilməsinə həmin avtonəqliyyat vasitələri üçün qanunvericilikdə nəzərdə tutulmuş gömrük ödənişlərinin ödənilməsi şərtilə yol verilir;
(Dəyişikliyə əsasən diplomatik şəxslər tərəfindən müəyyən olunmuş həddlərdən artıq ölkə ərazisinə gətirilən avtonəqliyyat vasitələri gömrük ödənişlərinə cəlb olunacaq.)
- 3-cü hissənin adından “yazılı formada” sözləri çıxarılıb:
-3.3-cü bənddə “yazılı” sözü “gömrük sərhədinə gətirilənədək əvvəlcədən elektron formada və ya gömrük sərhədinə gətirildikdən sonra yazılı (kağız üzərində və ya elektron)” sözləri ilə əvəz edilsin;
-3.7-ci bənd aşağıdakı redaksiyada verilib:
"3.7. Fiziki şəxslər istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malları gömrük sərhədindən əl yükündə və (və ya) müşayiət edilən baqajda keçirdikdə və həmin malın gömrük dəyəri bu Qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş həddən artıq olduqda, alan və ya göndərən şəxs və ya onların səlahiyyətli nümayəndəsi tərəfindən sadələşdirilmiş bəyannamə həmin mal gömrük sərhədinə gətirilənədək əvvəlcədən elektron formada və ya mal gömrük sərhədinə gətirildikdən sonra yazılı (kağız üzərində və ya elektron) formada malların gömrük orqanına təqdim edilməsi ilə eyni vaxtda verilir. Həmin mallar üçün gömrük ödənişləri gömrük rəsmiləşdirilməsi aparılan günə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən məzənnəyə görə manatla hesablanır və yalnız bank, poçt və ya ödəniş kartı vasitəsilə fiziki şəxs tərəfindən elektron ödəmə sistemindən istifadə edilməklə gömrük orqanlarının hesabına köçürülür.;
(Dəyişikliyə əsasən fiziki şəxslər tərəfəndin ölkə ərazisinə gətirilən və “Qırmızı kanal” buraxılış sistemi ilə gömrük sərhədindən keçirilən mallar dair həmçinin əvvəlcədən elektron formada bəyannamə təqdim olunması da mümkün olacaq.)
-3.9-cu bənddə “və ya onun” sözləri, “daşıyıcı şirkət, poçt rabitəsi operatoru və ya onların” sözləri ilə əvəz edilib.
-3.10-cu, 3.11-ci və 3.18-ci bəndlər aşağıdakı redaksiyada verilib:
“3.10. Müşayiət olunmayan baqajda bu Qaydaların 3.11-3.14- cü bəndlərində nəzərdə tutulan qaydada gətirilən yetkinlik yaşına çatmayan şəxsə aid olan mallar üzrə gömrük rəsmiləşdirilməsi ilə bağlı münasibətlər həmin bəndlərin tələbinə uyğun olaraq, onun valideynləri, övladlığa götürənləri, qəyyumları, himayəçiləri, yaxud göstərilən şəxslərin etibarnamələri əsasında hərəkət edən başqa fiziki şəxslər tərəfindən həyata keçirilir.
3.11. İstehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, fiziki şəxsin adına daşıyıcı şirkət vasitəsilə göndərilən malların və ya Ümumdünya Poçt İttifaqının aktlarında nəzərdə tutulmuş sənədlərlə müşayiət olunmayan beynəlxalq poçt göndərişlərinin gömrük dəyəri bu Qaydaların 2.1.4-cü yarımbəndi ilə müəyyən edilmiş həddən çox olduqda, malların gömrük rəsmiləşdirilməsi alan və ya göndərən şəxs və ya onların səlahiyyətli nümayəndəsi tərəfindən gömrük orqanına sadələşdirilmiş elektron bəyannamə təqdim edilməklə həyata keçirilir. Həmin mallar üçün gömrük ödənişləri gömrük rəsmiləşdirilməsi aparılan günə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən məzənnəyə görə manatla hesablanır və yalnız bank, poçt və ya ödəniş kartı vasitəsilə fiziki şəxs tərəfindən elektron ödəmə sistemindən istifadə edilməklə gömrük orqanlarının hesabına köçürülür
3.18. Təqdim olunan bəyannamə bəyannaməçi və ya bu Qaydalara əsasən səlahiyyəti olan digər şəxs tərəfindən imzalanmalı və gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanının məsul şəxsi tərəfindən şəxsi nömrəli möhürlə və imzası ilə təsdiq edilməlidir.”;
-Qaydalara 1 nömrəli əlavə - “Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməli olan malların Siyahısı” üzrə:
6-cı hissəyə “valyuta” sözündən əvvəl “xarici” sözü əlavə edilsin;
Aşağıdakı məzmunda 8-ci və 9-cu hissələr əlavə edilsin:
“8. 20000 (iyirmi min) manat və ondan yuxarı məbləğdə olan nağd milli valyuta (kağız və metal pul nişanları) və milli valyutada ifadə olunan qiymətli kağızlar.
9. Səfər zamanı fiziki şəxslər tərəfindən, həmçinin poçt göndərişləri ilə ölkə ərazisinə gətirilən mobil telefon və digər simsiz rabitə avadanlıqları.”.
(Dəyişikliyə əsasən qeyd olan məbləğdə milli valyuta və ölkə ərazisinə qeydiyyata alınması üçün daimi olaraq gətirilən mobil telefon və digər simsiz rabitə avadanlıqları yazılı formada gömrük orqanlarına bəyan olunmalıdır.)
Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.
Dəyişikliyin qəbulu fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən güzəştli və sadələşdirilmiş qaydada keçirilməsinin təkmilləşdirilməklə büdcə daxilolmalarında da mühüm rol oynayacaq.
Lakin bəzi sosial şəbəkə istifadəçiləri edilən dəyişikliklərin guya inhisarçılığa şərait yaradacağına, elektron ticarətin inkişafına əngəl törədəcəyinə dair fikirlər irəli sürür, ictimaiyyətdə çaşqınlıq yaratmaq istəyirlər. Birmənalı olaraq qeyd edirik ki, bu kimi fikirlərin heç bir əsası yoxdur, əksinə bu qərar bəzi inhisarçı qrupların qeyri-qanuni əməllərinin qarşısını almağa yönəlib ki, həmin insanların narazılığı da başa düşüləndir”, - deyə məlumatda deyilir.