Koronavirusun ölkə iqtisadiyyatına təsiri, biznes və iqtisadi fəaliyyətin dayanması, dünya bazarında neftin qiymətinin kəskin azalması dövlət büdcəsinə yenidən baxmağı tələb edir.
FED.az xəbər verir ki, bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib. Onun sözlərinə görə, pandemiyanın yayılmasının qarşısının alınması üçün məqsədilə tətbiq olunan qadağa tədbirlərinin sərtləşdirilməsi və kütləviləşdirilməsi iqtisadi artımın, eləcə də büdcəyə daxil olması planlaşdırılmış qeyri-neft sahələri üzrə vergi gəlirlərinin azalmasına səbəb olacaq.
Xərclərə təsirinə gəldikdə, Palata rəhbəri qeyd edib ki, pandemiya ilə mübarizə üçün atılan addımlar artıq büdcə xərclərinin strukturunun dəyişməsinə səbəb olacaq və bu da, öz növbəsində, dövlət büdcəsi haqqında qanuna yenidən baxılmasını zəruri edir.
Hesablama Palatası artıq büdcəyə mümkün deyişiklikləri qurum daxilində müzakirə edərək təkliflərini Nazirlər Kabinetinə təqdim edib. V.Gülməmmədovun sözlərinə görə, bu təkliflər hökumətin bu ağır sınaqdan az itkili çıxmasına imkan verəcək.
Palata sədri bildirib ki, təkliflər bir neçə istiqaməti əhatə edir. Məlum oldğu kimi, pandemiya gəlirlərə təsirsiz ötüşməyəcək və bu təsir mənfi istiqamətlidir: «Bu baxımdan büdcəyə yenidən baxılması prosesində neft sahələrindən gəlirlər, həmçinin əmlak vergisi və torpaq vergisi istisna olmaqla digər vergi növləri üzrə proqnoz göstəricilərin yenidən hesablanması vacibdir. Bu zaman zərərçəkən və gəlirləri artan sahələrin mütləq qaydada nəzərə alınması lazımdır».
Gəlir imkanlarının məhdudlaşması və xərclərin artımı “Büdcə sistemi haqqında” Qanunda nəzərdə tutulmuş büdcə qaydasının tətbiqinin də müvəqqəti olaraq dayandırılmasını tələb edir: «Ümumiyyətlə, fiskal intizamın ən kəskin keşikçilərindən hesab olunan ali audit orqanları belə cari şərtlərdə bu intizamın bir qədər yumşaldılması tərəfdarlarındandır»-deyə V.Gülməmmədov bildirib.
Palatanın digər təklifi büdcə xərclərinin ünvanlılığının artması ilə bağlıdır: «Daha həssas qruplara davamlı olaraq müavinətlərin verilməsi (hətta pandemiya bitdikdən sonra) ilk addımlardan olacaq. Pandemiyanın nə qədər müddət davam edəcəyini və tam fəsadlarının miqyas olaraq qiymətləndirmək çətindir. Həssas qruplar davamlı olaraq əziyyət çəkdiyi üçün bu tədbirlər müntəzəm xarakter alacaq.
Cari xərclərin artımının davamlı xarakter daşıyacağı şübhəsizdir. Xüsusilədə büdcə sektorunda çalışan (sosial sahədə çalışan) işçilərin maliyyələşdirilməsi davam edəcək».
Palata sədri bildirir ki, dövlət büdcəsinə yenidən baxılan zaman cari xərclərin həcminin 2020-ci il ilin birinci rübü səviyyəsində saxlanılmalıdır. Qeyd edək ki, Maliyyə Nazirliyinin məlumatına görə, birinci rübdə büdcənin gəlirləri 7 milyard 811 milyon manat, xərcləri 5 milyard 255 milyon manat olub, nəticədə büdcədə 2 milyard 556 milyon manatlıq profisitt yaranıb. Birinci rübdə Büdcə xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 219 milyon manat və 4,4% artıq olub.
Palatanın digər mühüm təklifi böyük həcmdə daxili istiqrazların buraxılması və investisiya layihələrinin bu vəsaitlər hesabına icra edilməsidir: «İnvestisiya xərclərinin daxili borclanma hesabına icra edilməsi, həmçinin əsaslı xərclərin yalnız məşğulluğu davamlı olaraq təmin edəcək (zavod, fabrik və sair) layihələrin maliyyələşdirilməsinə yönəldilməsi, həmçinin vəsaitlərdən səmərəli və nəticəli istifadənin daha da qabarıq şəkildə təbliği cari şərtlərdə vacibdir».
Palata açıq bildirməsə də, dolayısı yolla qeyd edir ki, ölkədə dövlət satınalmaları sahəsində şəffaflıq aşağıdır və bu sahibkarlığın inkişafına mane olur. Məhz buna görə Palatanın təkliflərindən biri dövlət satınalmaları ilə bağlıdır: «Təkliflərimizdən biri də real sektorda azad rəqabətin və özünü reallaşdırmanın daha da artırılması baxımından dövlət satınalmalarını tənzimləyən qanunvericilik aktlarının yenilənməsi və onlara əməl olunmasına nəzarətin gücləndirilməsi, müsabiqə proseslərinin tam elektron qaydada aparılması imkanlarının da mərkəzləşdirilmiş qaydada tənzimlənməsi ilə bağlıdır».
Digər təklif büdcədəki məqsədli fondların vəsaitləri ilə bağlıdır. Palata hesab edir ki, indiki vəziyyətdə həmin fondların vəsaitlərindən istifadə qaydaları yumşaldıla bilər: «Digər bir tərəfdən, gözlənilməz və sosial-iqtisadi əhəmiyyətə malik xərclərin maliyyələşdirilməsi məqsədi daşıyan ehtiyat fondların həcminə qanunvericiliklə nəzərdə tutulan sərhədlərin müvəqqəti olaraq genişləndirilməsi məsələsinə də baxıla bilər».
Qeyd edək ki, bir qədər əvvəl Prezident İlham Əliyev iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən büdcə xərclərinə yenidən baxılması ilə bağlı konkret istiqamətləri səsləndirilib: «Ölkə başçısının göstərişlərinin yetirilməsi investisiya xərclərinin prioritet istiqamətlər saxlanılmaqla azaldılması və strukturunun dəyişməsi, büdcə təşkilatlarının “evdə qal” prinsipindən “qənaətlə xərclə” prinsipinə keçirilməsini nəzərdə tutur. Eyni zamanda, bütün xərc istiqamətlərinin sərt qənaət prinsipləri ilə icrası bir zərurətdir».
Bundan başqa, Palata hesab edir ki, büdcə dəyişərkən, minimum sosial standartlara yenidən baxılması zərurəti yaranacaq. Qeyd edək ki, hələlik dəqiq açıqlanmasa da burada söhbət yaşayış minimumu, minimu pensiya və əmək haqqı kimi baza göstəricilərdən gedə bilər.
Büdcə ilə bağlı təkliflərində Hesablama Palatası daha bir məqama diqqəti cəlb edir, bu - dövlət borclarıdır: «Cari şərtlər dövlət borcunun da diqqətdə saxlanılmasını tələb edir. Fikrimizcə, xarici borcların Dövlət Neft Fondunun büdcəyə nəzərdə tutulan transfertləri hesabına ödənilməsi bu borcu daha az “təhlükəli” edər».
Söhbət, Neft Fondundan 2020-ci il üçün dövlət büdcəsinə nəzərdə tutulan vəsaitlərin bir hissəsinin birbaşa olaraq xarici dövlət borcuna yönəltməkdən gedir. Məsələ bundadır ki, hazırki qaydaya əsasən, dollarda saxlanan NF-nun vəsaitləri manata çevrilərək büdcəyə yönəldilir, sonra isə büdcədən vəsitlərin bir hissəsi yenidən xarici valyutaya çevrilərək xarici borca sərf edilir. Palata da təklif edir ki, ən azı konvertasiya xərclərinə qənaət etmək üçün bu vəsaitlər Neft Fondundan birbaşa xarici borc üçün ödənilsin, amma Fonddan büdcəyə ayrılacaq bu ilki limiti keçməmək şərtilə.
Ümumiyyətlə Palata hesab edir ki, Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın yeni prioritetlər və şərait nöqteyi-nəzərindən yenidən işlənilməsi, formalaşan yeni risklərin bu Strategiyada nəzərə alınması da tələb olunur.
«Ümumiyyətlə, belə bir şəraitdə dövlətin büdcə vasitəsilə iqtisadiyyata müdaxiləsi imkanlarının genişləndirilməsi gələcəkdə iqtisadi artımın təmin edilməsinə xidmət göstərmiş olacaq. Belə yanaşma Azərbaycan Prezidentinin tapşırıqlarının müvəffəqiyyətli icrasını da təmin etmək imkanlarını artırar»-deyə Palata sədri bildirib.