Dünya iqtisadiyyatının liderlərindən olan Çin 2024-cü ildə xarici ticarətdə müsbət saldosunu rekord həddə çatdırıb.
FED.az xəbər verir ki, başa çatan ildə Çinin ixrac idxal əməliyyatları üzrə profisiti 1 trilyon dollara yüksəlib.
Bu barədə Çinin gömrük xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, 2024-cü ildə Çin xaricə 3,58 trilyon dollarlıq məhsul ixrac edib. Ölkənin idxalı isə 2,59 trilyon dollar olub. Nəticədə Çinin illik müsbət saldosu 992 milyard dollara yüksəlib. 2023-cü illə müqayisədə Çinin xaricə ixracı 5,8% artıb.
Qeyd edək ki Çin dünyadakı bütün sənaye mallarının 3-də ikisini istehsal edir. Bu ABŞ, Yaponiya, Almaniya, Cənubi Koreya və Böyük Britaniyanın ümumi göstəricilərindən artıqdır.
Xüsusilə 2024-cü ilin sonuncu ayı Çin üçün daha uğurlu olub. Çinin təkcə dekabr ayındakı əməliyyatlar üzrə müsbət saldosu 104,8 milyard dolları keçib.
Yeri gəlmişkən, dekabrdakı artım Çin şirkətlərinin Tramp qorxusu ilə bağlıdır. Belə ki, Çin hökuməti və şirkətləri Tramp hakimiyyətə gəlib gömrük rüsumlarını qaldırmamış ABŞ-a daha çox mal satmağa çalışırlar. Çünki Tramp vəd edib ki, hakimiyyətə gələn kimi xarici mallara, xüsusilə də Çin istehsalına rusumları artıracaq. Nəticədə təkcə dekabrda Çin məhsullarının ABŞ-a ixracı 16% artaraq 525 milyard dollar olub.
Maraqlıdır ki, Çinin ixracını artırması ölkənin daxilində iqtisadi problemlərin olduğu dövrdə baş verir. Bura daşınmaz əmlak bazarındakı böhran və istehlakçı aktivliyinin aşağı düşməsidir. Başqa sözlə, hətta ölkə daxilindəki iqtisadi problemlər də Çinin xarici ixrac ekspansiyasına mane olmayıb.
Baş verən proseslər – ixracın sürətlə genişlənməsi Çin üçün sevindirici və müsbət xəbərlər olsa da, başqa ölkələr, xüsusilə də Çinin ticarət tərəfdaşları bu proseslərdən narazı qalıblar.
Nəticədə həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan müxtəlif ölkələr daxili bazarlarını Çin məhsullarının axınından qorumaq üçün müdaxiə tarifləri tətbiq edirlər.
Belə ki, 2023-cü ildə Avropa Birliyi və ABŞ Çin avtomobilləri üçün rüsumları artırıblar. Braziliyə, Türkiyə, Hindistan və İndoneziya isə Çin malları üçün daha böyük maneələr yaradıblar.
ABŞ-ın Çindəki səfiri Nikolas Börns bildirib ki, Çin xarici bazarlara satmaq üçün bu qədər məhsul istehsal etməklə səhfə yol verir: «Çin bəzi sahələrdə – poladdan tutmuş elektromobillər və günəş panellərinin istehsalınadək - daxili bazarın tələbatından 2-3 dəfə artıq məhsul istehsal etməklə və artıq məhsulu xaricə ixrac etməklə böyük səhvə yol verir».
Çin tərəfi gözlənildiyi kimi, bu tənqidləri qəbul etmir. Çinin gömrük nazirinin müavini Van Linszün bildirib ki, bu bəyanatlar sadəcə Çinin inkişafına mane olmaq üçün edilən proteksionizmdir.
Qeyd edək ki, Çinin ixracdakı uğurları təsadüfi deyil və təhsilə, istehsala və infrastruktura böyük yatırımların nəticəsidir. Belə ki, Çin universitetləri hər il ABŞ-ın bütün universitetlərinin bütün ixtisaslar üzrə məzunlarından daha çox mühəndis buraxır. Bütün maneələrə baxmayaraq, dünyadakı idxalçı şirkətlərin əksəriyyəti məhz Çini ən etibarlı istehsalçı və təchizatçı sayırlar.