Sentyabrın sonunda Məhəmməd əl-Qorçinin rəhbərliyi altında Beynəlxalq Valyuta Fondunun missiyası Bakıda səfərdə olub. FED.az xəbər verir ki, missiya rəhbəri keçirilən danışıqlar, o cümlədən, Azərbaycan iqtisadiyyatının qısamüddətli və ortamüddətli perspektivləri barədə “İnterfaks-Azərbaycan” agentliyinə danışıb.
- Sentyabrın sonunda sizin rəhbərliyiniz altında BVF-nin missiyası Bakıda səfərdə olub və Azərbaycan hökumətinin iqtisadi bloku ilə məsələhətləşmələr aparıb. Azərbaycandakı cari iqtisadi vəziyyəti necə qiymətləndirirsiniz?
- Qeyri-neft sektorunun tədricən genişlənməsi fonunda Azərbaycanda cari iqtisadi vəziyyət yaxşılaşır, bu da bir tərəfdən neftin qiymətinin artımı və digər tərəfdən hökumətin stabilləşdirmə tədbirləri ilə dəstəklənir. Neft ixracından daxilolmaların kəskin artımı, həmçinin turist axınlarının genişlənməsi də cari əməliyyatlar üzrə balansı möhkəmləndirməyə və ölkəyə xarici valyuta axının artırmağa yardım edib. Lakin,2018-ci ilin yanvar-avqust aylarının yekunları üzrə elektrik enerjisinin kəsilməsi və tikinti layihələrinin başa çatdırılması səbəbindən 0,7% səviyyəsində (ildən ilə) nisbətən zəif ümumi artım qeydə alınıb.
Rəyimizə əsasən, büdcə xərclərinin mövsümi artımı ilə iqtisadi artım sürətlənməlidir.
Azərbaycanda inflyasiya 2017-ci ilin sonuna təxminən 13%-dən 2018-ci ilin avqust ayında 2,8%-dək kəskin azalıb. Nəqliyyat sektorunda bu yaxınlarda bahalaşma 2018-ci ilin sonuna inflyasiyanın artımına təkan verməlidir.
Azərbaycan üzrə proqnozlarımıza mənfi təsir edən risklər regional sarsıntılar, karbohidrogen hasilatında mümkün məhdudiyyətlər və bank sektorunun mövcud zəif tərəfləridir.
- BVF-nin Azərbaycanın iqtisadi perspektivlərinə dair ortamüddətli proqnozları hansılardır?
- Bütövlükdə, ortamüddətli proqnozlar iqtisadiyyatın fundamental artım potensialından asılıdır. Azərbaycanın qeyri-neft iqtisadiyyatı üçün gözləntilər ondan ibarətdir ki, əgər struktur islahatlar tam reallaşdırılarsa, artım dəyişilməz olaraq yaxşılaşa və ortamüddətli perspektivdə 3%-ə çata bilər. TANAP qaz kəmərinin istifadəyə verilməsi ilə real ÜDM-in artım tempi yüksək ola bilər. Biz həmçinin qısamüddətli dövrdə neftin qiymətinin nisbətən yüksək qalacağını ehtimal edirik, bu da tədiyə balansının cari əməliyyatlar hesabının profisitini təmin edəcək.
- Hazırda dünya bazarlarında neftin qiymətində artım müşahidə olunur. Belə olan halda BVF-nin Azərbaycan hökuməti üçün tövsiyyələri nədən ibarətdir?
- Bu gün neftin qiyməti arta bilər, lakin tarix boyu son dərəcə dəyişkəndir. Çox asan ucuzlaşa bilər, necə ki, 2015-2016-ci illərdə baş verdi. Lakin, bu neft ehtiyatları sonsuz deyil. 2011-ci ildən etibarən Azərbaycanda neft hasilatının həcmi azalır. Eyni zamanda, ötən devalvasiya prosesləri və bununla bağlı borcun ÜDM-yə nisbətən artması ilə əlaqədar Azərbaycanın büdcə imkanları bir qədər azalıb. Bu kontekstdə BVF Azərbaycana neft gəlirlərini konservativ şəkildə xərcləmək və ya sərf etməyi, yəni gəlirlərin böyük hissəsini fiskal buferlərin yaradılması, borcların azaldılması və nəsillər arasında münasibətlərdə ədalətin dəstəklənməsi üçün qoruyub saxlamağı məsləhət görüb. Hesab edirik ki, 2019-cu ildə hökumət tərəfindən tətbiqi planlaşdırılan fiskal çərçivələr əla başlanğıcdır və onlar makroiqtisadi sabiltiyin dəstəklənməsi və ortamüddətli perspektivdə büdcə sabitliyinin təminatına imkan yaratmalıdır.
- Beynəlxalq Valyuta Fondu IV maddə üzrə Azərbaycan iqtisadiyyatının illik icmalını keçirmək məqsədilə Bakıya missiyanı nə zaman təşkil edəcək?
- Dəqiq tarix hələlik hökumət ilə müzakirə olunur. Lakin, hesab edirik ki, IV maddə üzrə səfər 2019-cu ilin birinci yarısında baş tuta bilər.