Sahibkarlığın İnkişafı Fondu biznesə yeni dəstək mexanizminin tətbiqinə başlayıb.
Eləcə də bax: Biznes kreditlərinin həcmi üzrə - BANKLARIN RENKİNQİ (31.03.2022)
FED.az xəbər verir ki, bu mexanizm çərçivəsində minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlara banklar və digər kredit təşkilatları tərəfindən verilmiş kreditlər üzrə faizlərin subsidiyalaşdırılması nəzərdə tutulur.
İlkin olaraq, aşağıdakı emal məhsullarının istehsalı ilə məşğul olan sahibkarların həmin fəaliyyət növləri üzrə xammal tədarükü ilə bağlı aldıqları kreditlərin subsidiyalaşdırılması həyata keçiriləcək:
- Şəkər tozu istehsalı;
- Günəbaxan yağı istehsalı;
- Marqarin istehsalı;
- Kərə yağı istehsalı;
- Un istehsalı;
- Makaron məmulatlarının istehsalı.
Bu sahələr üzrə fəaliyyət göstərən sahibkarlar xammal tədarükü ilə bağlı 2022-ci ildə aldıqları kreditlərin subsidiyalaşdırılması üçün krediti verən təşkilata müraciət edə bilərlər. Subsidiyalaşdırılma kredit təşkilatları tərəfindən Fonda daxil olmuş müraciətlər üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilir.
Qeyd edək ki, yeni mexanizm ölkədə antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlara dəstək göstərilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən tətbiq olunur. Qərara əsasən, sahibkarlıq subyektlərinə 2022-ci ildə verilən, müddəti və faiz dərəcəsindən asılı olmayaraq, məbləği hər bir sahibkarlıq subyekti üzrə 3 milyon manatadək olan kreditlərin faizlərinin 10% bəndinə qədər hissəsi 12 ayadək subsidiyalaşdırılacaqdır.