Kənd təsərrüfatının spesifik sahələrindən biri də ilan zəhərinin toplanmasıdır.
Sürünənlərin kənd təsərrüfatında iqtisadi əhəmiyyəti kifayət qədər yüksəkdir. Onlar taxıl sahələrindəki gəmiricilərin təbii düşməni hesab edilir. İlanlar gəmiriciləri məhv etdiyi üçün zəhərli dərmanların tətbiqinə ehtiyac qalmır və ekosistem pozulmur. Hazırda Avropada və Amerikada ilan zəhərinin alınması və tətbiqi ilə məşğul olan az da olsa mərkəzlər fəaliyyət göstərir. Bu mərkəzlərin bir qrupu sırf ilan zəhərini emalı, digər bir qrupu isə, elmi-tədqiqatla məşğuldur. Məsələn, Paris yaxınlığında yerləşən “Latoxan” şirkətinin cəmi 7 işçisi 250 müxtəlif sürünənə və həşərata qulluq edir. Şirkətin qurulduğu 2007-ci ildə onlar cəmi 400 qram zəhər əldə etmişdilər. Bu zəhər yeni müəssisəyə 1 milyon avro xeyir gətirmişdi. Bəzi əqrəb və hörümçək zəhərlərinin 1 milli qramı 1000 avroya təklif olunur. 1 kiloqramı isə, 1 milyard avro.
İlan fermasının yaradılmasına fermerləri nə cəlb edir?
İqtisadi cəhətdən ilan mərkəzinin yaradılması, elmi dildə desək, herpetoloji mərkəzin saxlanılması və idarə edilməsi xərcləri azdır. Bura bahalı texnologiya və yüksək ixtisaslı işçilər tələb olunmur. Heyvanları da təbiətdən tutub pulsuz gətirmək mümkündür. Hazır məhsulun isə, qiyməti kifayət qədər bahadır. Avropa bazarından ilanın növündən asılı olaraq 1 qram zəhərin qiyməti 400 avrodan-5 min avroyadək kimi dəyişir. Başqa sözlə, ən təsirsiz zəhərin 1 qramı qızıldan 5 dəfə bahadır. Bu zəhəri süni yolla əldə etmək mümkün olmadığı üçün qiymətlər durmadan artır.
FED.az xəbər verir ki, ABŞ-da alimlər dəri xərçənginin müalicəsi üçün güzrə zəhərindən dərmanlar hazırlayırlar. Fransanın Sofiya-Antipolis Akademiyasının laboratoriyasında isə, ilan zəhərindən morfin pereparatının əvəz edilməsi üzərində iş gedir. Azərbaycanla sıx münasibəti olan bu müəssisənin əməkdaşları əmindirlər ki, ilan zəhəri morfindən daha keyfiyyətlidir və əlavə təsirləri yoxdur. Avstraliyada isə, alimlər ilan zəhərindən təkcə ağrıkəsici vasitə kimi deyil, həm də sinir sistemi xəstəlikləri müalicəsi vasitələri hazırlayırlar. Tərkibində ilan zəhəri ilan kosmetik vasitələr isə, artıq heç kimə sirr deyil.
Azərbaycan da zəhərli ilanların vətəni olduğu üçün bu sürünənlər ölkəmizə kifayət qədər valyuta gətirə bilər. Vaxtilə ölkəmizdə Herpetoloji mərkəz fəaliyyət göstərdiyindən bu sahədə kifayət qədər təcrübəmiz var.