Bioloji fəallığa malik qida əlavələri qida rasionunu zənginləşdirmək məqsədi daşıyır. Bu məhsullar bitki, heyvan, mineral mənşəli və ya kimyəvi yolla alınmış bioaktiv maddələr və onların komplekslərindən istifadə edilməklə farmasevtik formada hazırlanır və onların gündəlik qəbuletmə dozası müəyyənləşdirilir.
“Azexport” ilk dəfə qida əlavəsi məhsuluna sərbəst - Satış Sertifikatı Verib
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən FED.az-a bildirilib ki, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən bioloji fəallığa malik qida əlavələrinin reklamı sahəsində xüsusi tələblər müəyyən edilib. Belə ki, mövcud qanunvericiliyin tələblərinə əsasən, bioloji fəallığa malik qida əlavələrinin reklamının açıq məkanda yerləşdirilməsi qadağandır.
Bundan əlavə, tələblərə əsasən, bioloji fəallığa malik qida əlavələrinin reklamında: Onların dərman vasitəsi olmadığı barədə məlumat verilməlidir, həmçinin dərman vasitəsi və ya müalicə xüsusiyyətinə malik olması barədə təəssürat yaradılmamalıdır; Onlardan istifadə edənlərin xəstəliklərdən sağalmasının, səhhətinin yaxşılaşmasının konkret hallarına, bu məhsulların tədqiqinin nəticələrinə istinad etməklə, istifadə olunmasının faydası barədə tövsiyələr verilməməlidir; Bioloji fəallığa malik qida əlavələrinin üstünlükləri barədə məlumatlar verməklə, sağlam və təbii məhsullarla qidalanmadan imtinaya təhrik olunmamalıdır; Reklamlarda bu məhsulların istifadəçilərinə minnətdarlıq bildirilməməlidir.
Bioloji fəallığa malik qida əlavələrinin reklamının sifarişçisi reklam istehsalçısına və reklam yayıcısına onların tələbi əsasında aşağıdakı sənədlərin surətini təqdim etməlidir:
-Həmin məhsulların uyğunluq, mənşə, qida təhlükəsizliyi (sağlamlıq) sertifikatının və ya onların istehsalçısının qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair dövlət reyestrindən çıxarışın surəti;
-İstifadəsinə dair təlimatın, bu təlimatda dərman vasitəsinin buraxılması qaydası göstərilmədiyi hallarda, müvafiq məlumat olan sənədin surəti;
-Reklamda istinad olunduqda, tədqiqatların nəticələrini təsdiq edən sənədin surəti.
Ölkəmizdə mövcud olan reklam qanunvericiliyinə əsasən, istehlakçıları çaşdırmağa yaxud aldatmağa yönəldilmiş bu cür reklamlar və ya haqsız, qeyri-dəqiq və gizli reklamların yayımlanması nəticəsində haqsız rəqabətə yol verilməsinə görə məsuliyyət tədbirləri nəzərdə tutulur. İstehlakçılar bioloji fəallığa malik qida əlavələrinin reklamı zamanı mövcud qanunvericiliyin tələblərinin pozulması halları ilə rastlaşdıqları zaman İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə 195-1 Çağrı Mərkəzi, elektron poçt ([email protected]) və rəsmi internet səhifəsi vasitəsilə müraciət edə bilərlər.