Bu gün Bakıda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təşəbbüsü ilə I Rəqəmsal Ticarət Qovşağına dair beynəlxaq konfrans keçirilir.
FED.az xəbər verir ki, "Azərbaycanın rəqəmsal ticarət qovşağı: inkişaf perspektivləri" mövzusunda təşkil edilən beynəlxalq konfransın açılışında Mərkəzin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Azərbaycanın rəqəmsal ticarət qovşağı Böyük İpək Yolu üzrə rəqəmsal məkanın, eyni zamanda Avropa coğrafiyasında vahid elektron məkanın yaradılması baxımından mühüm əhəmiyyətə malikdir.
"Bu gün həm Avropa İttifaqı, həm də Rusiya ilə imzaların qarşılıqlı tanınması, transsərhəd elektron iqtisadiyyatın inkişafı üçün imzalanmış anlaşma memorandumları Azərbaycanın rəqəmsal ticarət mövqeyini gücləndirəcək. Hazırda İpək Yolu üzərində rəqəmsal platformanın yaradılması üçün Çin ilə danışıqlar aparılır", - o bildirib.
Rəqəmsal ticarət qovşağının Azərbaycanın beynəlxalq ticarətə inteqrasiyasında yeni mərhələ olduğunu deyən Azərbaycan Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi xidmətinin sektor müdiri Elxan Mikayılov bildirib ki, yeni tendensiyalar tələb edir ki, Azərbaycan təkcə məkan deyil, həm də məkansız regional ticarət habına çevrilir.
Onun sözlərinə görə, "Azexport" portalı üzərindən 300 mln. dollardan artıq 50-dən çox ölkədən sifariş daxil olub.
Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahil Babayev ölkədə qeyri-neft sektorunun inkişafı üçün görülən tədbirlərdən danışarkən yeni yaradılan Ticarət Evlərinin əhəmiyyətini qeyd edib: "Artıq Belarusda Azərbaycan Ticarət Evi uğurla fəaliyyət göstərir. Hazırda bu istiqamətdə Ukraynada hüquqi baza yaradılıb. Eyni zamanda yeni Ticarət Evi Rusiyada yaradılır və gələn ildən fəaliyyətə başlaması planlaşdırılır. Bundan başqa, Azərbaycan qeyri-neft sektorunun inkişafı sahəsində sənaye parklarının inkişafına böyük önəm verir. Bu parkların yaradılmasına 1,1 mlrd. dollar həcmində sərmayə yatırılıb, 11 rezidentin statusu təsdiq edilib".
S.Babayev qeyd edib ki, bu ilin 8 ayında qeyri-neft ixracı 30%, kənd təsərrüfatı 35%, qeyri-neft sənayesi 25%, sənaye istehsalı isə 20% artıb: "Sahibkarlıq sahəsində 23 ayda vergi yoxlamaları istisna olmaqla, 113 yoxlama aparılıb".
Qeyd edək ki, tədbir çərçivəsində Azərbaycanın rəqəmsal ticarət qovşağının ilk beynəlxalq konfransı zamanı İİTKM ilə bir neçə ölkənin qurumları arasında əməkdaşlığa dair memorandum imzalanacaq. Anlaşma sənədləri Rusiyanın "QazinformService" şirkəti, Polşanın "Asseco data Sistems" şirkəti və İsveçrənin "Orient Swiss" şirkəti arasında imzalanacaq.