Avropa reytinq agentliyi (ERA) Azərbaycanın kredit reytinqini "VV+" səviyyəsində təsdiqləyib, agentliyin ölkə üzrə proqnozu «sabitdir». FED.az portalı "Trend"ə istinadən xəbər verir ki, bu barədə agentliyin oktyabrın 20-də açıqlanan hesabatında bildirilir.
Agentliyin proqnozuna görə, 2018-ci ildə Azərbaycanda ÜDM-in real artımı 1,5%, 2019-cu ildə isə 2,1% ola bilər. Bu il ÜDM-nin həcminin 44,1 milyard dollar, 2019-cu ildə isə 47,441 milyard dollar olması proqnozlaşdırılır.
Hesabatda qeyd edilir ki, kredit reytinqi Azərbaycan iqtisadiyyatında müşahidə olunan sabitləşmə prosesini əks etdirir. Agentliyin analitiklərinin fikrincə, iqtisadiyyatdakı baza prosesləri müsbət tendensiyanı əks etdirir: bura inflyasiyanın sabitləşməsi, xarici ticarətdəki müsbət göstəricilər aiddir.
Agentlik iqtisadiyyatın real artımının güclənməsini gözləyir. Burada hesab edirlər ki, ölkənin əsas ixrac məhsullarının xarici konyukturasının yaxşılaşması (yəni neftin dünya bazar qiymətinin artması – FED.AZ), siyasi şokların, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı - riskinin aşağı olması, neft-qaz sektorundakı istehsalın sabitliyi, eləcə də ölkənin bank sektorunun canlanması da real artıma dəstək olacaq.
İndikatorlar | 2017 | 2018 | 2019 |
ÜDM, mlrd. $ | 40748 | 44100 | 47441 |
ÜDM artım sürəti, % | 0,1 | 1,5 | 2,1 |
Adambaşına ÜDM, min $ | 4,15 | 4,6 | 4,8 |
İşsizlik, % | 5 | 4,9 | 4,9 |
İllik inflyasiya, % | 12,9 | 5,9 | 5,7 |
Mərkəzi Bankın ehtiyatları, mlrd. $ | 5334,6 | 6200 | 6200 |
İxrac, mlrd. $ | 14,1 | 15,3 | 16 |
İdxal, mlrd. $ | 9 | 8,6 | 9,3 |
Cari əməlyyatlar profisiti, ÜDM-nin %-i | 3,5 | 5,7 | 5,4 |
Qeyd edilir ki, bu gün Azərbaycan iqtisadiyyatı həm neft, həm də qeyri-neft sektorunun hesabına artır. Özü də agentlik gözləyir ki, Brent neftinin qiyməti 60-70 dollar arasında dəyişəcək və artacaq ki, bu da iqtisadiyyatın bundan sonra da artımına kömək edəcək.
Digər tərəfdən, agentlik qeyri-neft sektorunun da iqtisadiyyat üçün əhəmiyyətli rolunu qeyd edir. Belə ki, 2018-ci ilin yanvar-avqust aylarında qeyri-neft sektorunda artım ötən illə müqayisədə 10% olub. Azalan inflyasiya (yanvar-avqustda 2,7% olub) və manatın sabit məzənnəsi monetar təzyiqin zəiflədiyini göstərir, bu isə investisiya axınının güclənməsi üçün həyati vacib şərtdir.
Agentliyin analitikləri bildirir ki, zəif inflyasiya və sabit məzənnə sayəsində ölkə iqtisadiyyatı daha sabit və proqnozlaşdırıla bilən mərhələyə keçib. Bunun nəticəsində valyuta riskləri zəifləyir, əhalinin real gəlirləri və əməkhaqları isə müsbət artımı zonasına keçir. Bu tendensiyanın 2018-2019-cu illərdə də davam edəcəyini nəzərə alanda, onun ÜDM artımına dəstək olacağını da gözləmək olar.