Çin hökuməti Azərbaycanın və regionun digər ölkələrinin də qoşulduğu böyük nəqliyyat dəhlizi – «Bir Kəmər, Bir yol» layihəsi üzrə yeni planlarını açıqlayıb.
FED.az xəbər verir ki, qarşıdakı 10 ili əhatə edən planlara əsasən irimiqyaslı infrastruktur sərmayələri ilə yanaşı, daha kiçik miqyaslı və innovasiya yönümlü layihələrə diqqət yetirəcək və investisiyaların maliyyələşdirilməs zamanı milli valyuta yuanın istifadəsinin artırılmasına üstünlük verəcək.
Çin hökumətinin Rəhbərlik Qrupunun açıqladığı layihəyə əsasən qlobal azad ticarətin inkişafına töhfə vermək üçün rəqəmsal iqtisadiyyat, yaşıl inkişaf və sağlamlıq sahələrində innovasiya yönümlü layihələrlə əməkdaşlıq genişlənəcək.
Planda layihə investisiyalarında Çinin milli valyutası yuanın istifadəsinə üstünlük veriləcəyi, yuana əsaslanan maliyyə alətlərindən istifadənin artırılacağı bildirilib.
Plan, oktyabr ayında paytaxt Pekində keçirilən 3-cü Kəmər və Yol Forumunda Çin sədri Si Cinpinin açıqladığı 8 bəndlik fəaliyyət planında ifadə olunan məqsədləri bir daha təkrarlayır və “Bir kəmər və yol”un mühüm “beynəlxalq əməkdaşlıq” olacağını bildirir. Önümüzdəki 10 ildə də onun “platforma” və “qlobal ictimai sərvət” olmağa davam edəcəyi vurğulanıb.
Xatırladaq ki, «Bir Kəmər və Yol Təşəbbüsü» ilk dəfə 2013-cü ildə prezident Xi-nin Qazaxıstana səfəri zamanı elan edilib. Tarixi İpək Yolu üzərində Şərq-Qərb ticarətini canlandırmaq məqsədi ilə 10 il ərzində başlanan layihədə 150-dən çox ölkə və beynəlxalq təşkilat iştirak edib.
Çin Dövlət Şurasının “Kəmər və Yol”un 10-cu ildönümü ilə bağlı dərc etdiyi hesabata görə, Çin ilə təşəbbüsdə iştirak edən ölkələr arasında ticarət həcmi 2013-2022-ci illər arasında illik orta hesabla 6,4 faiz artaraq 19,1 trilyon dollara çatıb.
Sözügedən dövrdə ikitərəfli investisiyalar 380 milyard dollara çatıb ki, bunun da 240 milyard dollarını Çin öz üzərinə götürüb.