Prezident İlham Əliyev indiyədək Azərbaycandan böyük məbləğdə valyuta aparan idxal məhsulları və onların həcminin azaldılmasına toxunub.
FED.az xəbər verir ki, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda xaricə valyuta aparan məhsulların siyahısını və həcmini açıqlayıb:
Buğda - 227 milyon dollar
Kərə yağı - 50 milyon dollar
Mineral və qazlı sular - 48 milyon dollar
Düyü - 36 milyon dollar
Kartof - 40 milyon dollar
Soya və ondan alınan məhsullar - 38 milyon dollar
Dərman vasitələri - 211 milyon dollar
Siqaret - 160 milyon dollar
Trikotaj məhsulları - 100 milyon dollar
Sabun-yuyucu vasitələr - 100 milyon dollar
Şüşə və ondan hazırlanan məhsullar - təxminən 80 milyon dollar
Gübrələr - 55 milyon dollar.
Ölkə başçısı sadalanan məhsullar üzrə 1 milyard dollardan çox valyutanın xaricə getdiyini vurğulayıb. İlham Əliyev sahibkarları yeni bazarlar tapmağa səsləyib. Eyni zamanda iş adamlarına kreditlər ayrılarkən idxalı əvəz edən məhsulların istehsalı məsələsinə xüsusi diqqət yetirilməsini tövsiyə edib:
“İdxal olunan məhsullar birbaşa sahibkarlara bir tövsiyədir ki, bax, biz burada idxalı əvəzləmək üçün daha da fəal işləməliyik. Deməli, keçən il buğdanın alınması üçün xaricə 227 milyon dollar valyuta gedib. İndi buğdanın böyük hissəsi Azərbaycanda istehsal olunacaq. Kərə yağı - 50 milyon dollar. Yeni süd zavodlarının tikintisi və mövcud süd zavodlarında kərə yağı xətlərinin yaradılması mütləq təmin edilməlidir.
İndi sahibkarlara kreditlər veriləndə də bu məsələ nəzərə alınsın. Mineral və qazlı sular - xaricə 48 milyon dollar gedir. Baxmayaraq ki, bizdə bu qədər gözəl bulaqlar, yeraltı sular var, istehsal edirik, ancaq çatmır. Nə etmək lazımdır? Mövcud su müəssisələrinin gücünü artırmaq lazımdır. Yenə də dövlət öz dəstəyini göstərsin, sahibkarlar da fəal olsunlar, Azərbaycanın daxilində 48 milyon dollarlıq bazar var. Əgər biz bunu istehsal etsək, əlbəttə ki, xaricdən az gələcək. Düyü - 36 milyon dollar xaricə gedir. İndi çəltikçiliyin inkişafı sürətlə gedir, hesab edirəm ki, biz bu rəqəmi azaldacağıq”.
İlham Əliyev kartof və paxlalı bitkilərin idxalına da toxunub:
“Maraqlı bir məsələ kartofla bağlıdır - 26 milyon dollar dəyərində satmışıq, 40 milyon dollar dəyərində almışıq. İndi kartofun istehsalı elə olmalıdır ki, ümumiyyətlə, idxaldan söhbət getməsin. Ancaq daxili tələbatı ödəməliyik və ixrac etməliyik. Bu məsələ ilə bağlı çox ciddi təhlil aparılmalıdır.
Soya və ondan alınan məhsullar - 38 milyon dollar xaricə gedir. İndi soya əkini başlayır. Mənə verilən məlumata görə, bəzi yerlərdə məhsuldarlıq o qədər də yaxşı deyil. Əlbəttə, birinci, ikinci ildən sonra təhlil aparmaq bir qədər çətindir. Ancaq hesab edirəm ki, bu sahədə də yerli istehsal üçün yaxşı potensial var”.
Qeyri-qida məhsullarının əvəzlənməsinə gəlincə, Prezident tikilməkdə olan dərman zavodları işə düşdükdən sonra bu sahədə idxaldan asılılığın müəyyən dərəcədə azalacağını bidldirib. Trikotaj, şüşə məhsullarının, eləcə də siqaret istehsalı üçün yerli fabriklərin və xammalın olduğunu, bu boşluğun doldurmasını vurğulayıb.
“Şüşə və ondan hazırlanan məhsullar - təxminən 80 milyon dollar xaricə gedir. Bu məsələ öz həllini tapacaq. Sumqayıt Kimya Sənaye Parkında müasir şüşə zavodu tikilir. Burada inşaatda istifadə olunan ən gözəl, müasir şüşələr istehsal ediləcək, xaricə ehtiyac olmayacaq. Bizim şüşə qablar zavodumuz da var. İndi orada yeni xətlər qurulacaq ki, özümüzü həm məişətdə, həm də tikintidə istifadə olunan şüşə ilə təmin edək.
Gübrələr - 55 milyon dollar həcmində. Karbamid zavodu işə düşəndən sonra bu məsələnin də həlli nəzərdə tutulur. Yəni, ancaq sadaladığım bu pozisiyalar üzrə təqribən bir milyarddan çox dollar xaricə gedir ki, getməyə bilər, getməməlidir və getməyəcək. Ona görə qeyd etdiyim bu məsələlər həm dövlət orqanları, həm özəl sektor tərəfindən icra edilməlidir. Bu il biz bunun icrası ilə bağlı fəal işləməliyik və beləliklə, idxal azalacaq, ixrac isə artacaq”.
Azərbaycandan böyük məbləğdə valyuta aparan məhsullar - SİYAHI
10:32
30 Yan 2018