Dünya Bankının “Doing Business 2020” hesabatına görə Azərbaycan 34-cü sırada qərarlaşıb.
FED.az xəbər verir ki, ötən illə müqayisədə ölkəmiz bu siyahıda 9 pillə geriləyib. "Doing Business 2019"da Azərbaycan 25-ci yerdə idi.
Hərçənd ötən il olduğu kimi bu il də Azərbaycan ən çox islahat aparan 20 ölkədən biri olub.
Eləcə də bax:Əmlak qeydiyyatındakı sürətlənmə – AZƏRBAYCANI “DOİNG BUSİNESS”DƏ YÜKSƏLDİB
“Doing Business 2020” hesabatına görə Azərbaycan
biznesə başlama üzrə 9-cu,
tikinti üçün icazələrin alınması üzrə 59-cu,
elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə 80-ci,
əmlakın qeydiyyatı üzrə 44-cü,
kreditlərin alınması üzrə 1-ci,
kiçik investorların hüquqlarının müdafiəsi üzrə 105-ci,
vergilərin ödənilməsi üzrə 40-cı,
sərhəddə ticarət üzrə 83-cü,
müqavilələrin icrası üzrə 28-ci
və
müflisləşmənin həlli indikatoru üzrə 47-ci yerdədir.
Kreditlərin əlçatanlığı
Azərbaycanın “Doing Business 2020” hesabatında ən yüksək nəticə əldə etdiyi sahə kreditlərin əlçatanlığıdır. Bu sahədə islahatlar çərçivəsində “Daşınar əmlakın yüklülüyü haqqında” Qanuna və Mülki Məcəlləyə edilən dəyişikliklər ilə uyğunlaşdırmaların aparılması öz nəticəsini verib. Beləliklə, son dəyişikliklər nəticəsində aparılan sadələşdirmələr nəticəsində daşınar əmlakın bir kateqoriyasının ümumi formada təsvirinin verilməsi, gələcəkdə əldə ediləcək əmlakın yüklü edilməsinə, əsas öhdəliyin maksimal ölçüsünün göstərilməsinin mümükünlüyünə icazə verilir.
Əmlakın qeydiyyatı
Əmlakın qeydiyyatı sahəsində islahatlar aparmaq üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda və Nazirlər Kabinetinin 134 və 453 nömrəli qərarlarında dəyişikliklər edilib. Bu sahədə aparılan islahatlar nəticəsində əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış (kupça) elektron qaydada verilir. Əmlakını rəsmi qeydiyyata almaq istəyən şəxs müvafiq olaraq müraciət etdikdə çıxarışlar 1, 3, 7 və 10 iş günündə hazırlanır. Bundan başqa, daşınmaz əmlakın kadastrı və qeydiyyatı ilə bağlı müstəqil və xüsusi müraciət mexanizmləri də yaradılıb. Əmlak Xidmətləri Məkanının istifadəyə verilməsi ilə bütün xidmətlər bir pəncərədən göstərilir.
Kiçik investorların hüquqlarının müdafiəsi
Kiçik investorların hüquqlarının müdafiəsi ilə əlaqəli olaraq “Mülki Məcəlləyə” və “Mülki Prosessual Məcəllə”yə edilən dəyişikliklər ilə səhmdarların keçirilən əməliyyatlar nəticəsində vurulan zərərə görə direktoru məsuliyyətə cəlb etmə, iddiaçının konkret sənəd göstərilmədən işə dair bütün sənədləri tələb edə bilməsi, yaranan fikir ayrılığı üzrə həll mexanizmi və bu kimi digər yeniliklər mövcuddur.
Müqavilələrin icrası
Müqavilələrin icrası göstəricisi üzrə biznes islahatları çərçivəsində isə məhkəmə-hüquq islahatları aparılıb. “Mediasıya haqqında” qanunun qəbulu ilə inzibatçılıq qaydaları qəbul edilıb, elektron məhkəmə sistemi daha da təkmilləşdirilib və məhkəmələrə elektron müraciət imkanları yaradılıb. Bundan başqa, məhkəmə-hüquq islahatlarının icrası ilə bağlı olaraq yeni ixtisaslaşmış məhkəmələrin yaradılması, məhkəmə fəaliyyətinin rəqəmsallaşdırılması, məhkəmə qərarlarının səmərəliliyinin artırılması, şikayətlərə dair məhkəmə prosesi xidmətlərinin elektron formada aparılması istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi və digər tədbirləri mühüm yeniliklər olaraq qeyd etmək olar.
Azərbaycanın bu il apardığı bir sıra islahatların növbəti “Doing Business” hesabatında nəzərə alınması proqnozlaşdırılır. Bunlara misal olaraq, tikinti obyektinin tikintisinə və istismarına icazələrin alınması üzrə elektron müraciət sisteminin tətbiqi, hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə dövlət qurumları arasında inteqrasiyanın təmin edilməsi ilə cəmi 1 prosedurla 20 dəqiqə ərzində vahid platformada qeydiyyatın tamamlanması, elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə elektron müraciət sisteminin təkmilləşdirilməsi əsasında cəmi 2 prosedurla 20 gün ərzində qoşulmanın həyata keçirilməsini qeyd etmək olar.
Bundan başqa, “Yaşıl Dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun əldə edilməsi imkanının yaradılması, gömrük bəyannamələrinin doldurulmsının daha da sadələşdirilməsi, dövlət satınalmaları üzrə elektron satınalma portalının yaradılması, Vergi Məcəlləsinə bir sıra dəyişiklərin edilməsi və digər yeniliklərin də növbəti “Doing Business” hesabatında nəzərə alınacağı gözlənilir.
“Doing Business” və digər beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin irəliləməsi ölkənin investisiya cəlbediciliyini artırmaqla, qeyri-neft sektoruna sərmayə qoyuluşunu asanlaşdırır.