İqtisadiyyat Nazirliyi sahibkarlıq fəaliyyəti üzrə lisenziya almaq üçün hara müraciət və hansı sənədləri təqdim etməli olduqlarını açıqlayıb.
Sahibkarlar lisenziya və icazələr almaq üçün necə elektron müraciət etməlidirlər?
FED.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, nazirlik tərəfindən hazırda 23 sahibkarlıq fəaliyyəti növü üzrə lisenziyalar verilir.
Bildirilib ki, nazirlik tərəfindən “Lisenziyalar və icazələr” portalı ilə yanaşı, nazirliyin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tabeliyində olan KOB evləri, və 11 “ASAN xidmət” mərkəzi (5 saylı Bakı, Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Quba, Qəbələ, Masallı, Mingəçevir, İmişli və Şəki) vasitəsilə lisenziyaların verilməsi üçün sahibkarlara xidmətlər göstərilir, ərizələrin qəbulu və lisenziyaların verilməsi həyata keçirilir. Bununla yanaşı, “ASAN xidmət” mərkəzlərində və KOB evlərində vaxta qənaət və optimal sənədləşmənin təmin edilməsi məqsədilə lisenziya almaq istəyən sahibkarlara İqtisadiyyat Nazirliyi tərəfindən məsləhət xidmətləri göstərilir.
Qurum xatırladıb ki, lisenziya almaq üçün tələb olunan sənədlər isə ərizə və ərizəyə əlavə olunan sənədlərdir. Ərizəçi hüquqi şəxs olduqda ərizəyə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın, fərdi sahibkar olduqda isə şəxsiyyət vəsiqəsinin surəti əlavə olunur.
Bundan əlavə, ərizəyə vergi ödəyicisi kimi uçota alınma haqqında şəhadətnamənin, ərizədə qeyd olunan obyektlərdən hər biri üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti, lisenziya şərtlərinin yerinə yetirilməsini təsdiq edən sənədlər əlavə edilir. Fəaliyyət növünün xüsusiyyətindən asılı olaraq, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən şərtlərin və Nazirlər Kabinetinin müəyyən etdiyi əlavə şərtlərin yerinə yetirildiyini təsdiq edən sənədlər də təqdim edilməlidir.